Qarabağ qazisindən prezidentə şok müraciət

21-05-2016, 18:52           

Gəncə şəhər sakini, Qarabağ qazisi, ikinci qrup əlil Qasımov Əhmədxan Səlimxan oğlu Moderator.az – a ünvanladığı şikayət məktubunda ölkə başçısından kömək istəyib.

Müraciətdə deyilir:

Hörmətli cənab prezident!

Yazıb Sizə bildirmək istəyirəm ki, mən Qasımov Əhmədxan Səlimxan oğlu 10 iyun 1961 – ci ildə Gəncə şəhərində anadan olmuşam. Ailəliyəm. Dörd övladım və iki nəvəm var. 1993 – cü ildə Qarabağ savaşı zamanı, mən də üç körpəmi və həyat yoldaşımı yaxınlarıma tapşıraraq, könüllü döyüşlərə yollandım. Döyüşdüyüm vaxtlar Ağdamın, Kəlbəcərin müdafiəsində iştirak etmişəm. Döyüş zamanı ayaqlarımı don vurdu və həkimlər tərəfindən ayaq barmaqlarım kəsildi. Bundan əlavə özüm şəkər xəstəsi oldum, beyin insultu keçirdim və bu yaxınlarda ürəyimdən əməliyyat olundum. Bu boyda ailə Sizin verdiyiniz 150 manat prezident təqaüdü və ikinci qrup əlil olduğum üçün aldığım 143 manat təqaüdlə dolanır.

Hörmətli cənab prezident!

Hal – hazırda ailədə 9 nəfərik. On səkkiz ildir ki, Bakıda kirayə yaşayırıq. Təsəvvür edin ki, 9 nəfər adam iki otaqlı kirayə evə sığınmışıq. Evsizəm. Mən demirəm mənə ev verin. Mənim Sizdən xahişim odur ki, Gəncədə Sadıllı qəsəbəsində 4 sot torpağımın içində bünövrəsini qoyduğum evin tez bir zamanda tikilərək, mənim ailəmin ora köçürülməsi üçün Gəncə şəhər icra hakimiyyətinə müvafiq göstəriş və tapşırıqlarınızı verəsiniz.

Sizə qədər bütün qrumlara müraciət etdim, amma baxan olmadı. Gəncə şəhər icra hakimiyyətində də olmuşuq. Elmar Vəliyev problemimizi həll edəcəyinə söz verdi, gəlib həyətimdə tikinti materiallarını hesablayıb 15000 pul təyin etdilər. Amma sonra boyun qaçırdılar. İndi də onun qəbuluna düşə bilmirik. Təsəvvür edin ki, rayon kimi bir yerdə icra başçısının qəbuluna düşə bilmirik. Elmar Vəliyev mənim problemimi Qarabağ probleminə çevirib. Mən inanıram ki, Siz Ali Baş Komandanımız olaraq Qarabağı işğaldan azad edəcəksiniz və məcburi köçkünlər öz yurd – yuvalarına qayıdacaqlar. Amma mən 9 nəfər ailə üzvümlə Bakıdan kirayədən canımı qurtarıb, Gəncədəki evimə köçə bilmirəm. Evsiz olduğuma görə övladlarım ailə qura bilmir. Təsəvvür edin ki, bütün ailə üzvlərimlə Gəncə yataqxanasındakı bir otaqlı evdə qeydiyyatdayıq. Mən indi onu fikirləşirəm ki, xəstə adamam və sabah mən ölsəm, yas mərasimini verməyə yerimiz belə yoxdu.

Hörmətli cənab prezident!

Bir daha Sizdən xahiş edirəm ki, mənim problemimin aradan qaldırılması üçün öz köməyinizi əsirgəməyin. Öncədən sizə özüm və ailəm adından təşəkkür edirəm.

Hörmətlə;
Gəncə şəhər sakini, Qarabağ qazisi, ikinci qrup əlil Qasımov Əhmədxan Səlimxan oğlu.

Tel: 050 – 620 – 92 – 56












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.