10 saylı Maliyyə Müfəttişliyinin rəisi Ağcabədidə müəllimlərə «haqq» qoydu
25-05-2016, 14:50
Ədalət Nəbiyev yoxlamanı «razı salmaq» üçün hər müəllimin əmək haqqısının 1/3-ni tələb edir
Ötən gün Maliyyə Nazirliyinin Maliyyə Nəzarəti Xidmətinin 10 saylı Maliyyə Müfəttişliyinin Ağcabədi rayonunun Təhsil Şöbəsində apardığı yoxlamalar barədə məlumat vermişdik. JAM.AZ-a daxil olan məlumatlarda vurğulanırdı ki, müfəttişliyin rəisi Ədalət Nəbiyev son iki ay ərzində Beyləqan Təhsil Şöbəsində yoxlama apararaq, bütün məktəb direktorlarını borclu çıxarıb. Bu məsələləri ört-basdır etmək üçün isə həmin məktəblərin direktorlarından pul tələb edib.
Verilən məlumatlarda iddia olunur ki, 10 saylı Regional Maliyyə Müfəttişliyinin rəisi həmin vaxt təkcə Beyləqan təhsilində çalışanlardan «nazir Samir Şərifova çatacaq» adı altında 200 min manat pul toplamışdı.
Hal hazırda isə analoji vəziyyət Ağcabədi rayonunda yaşanır. Verilən məlumata görə, hal hazırda rayonun Təhsil Şöbəsində aparılan yoxlamalar biabırçılıqlarla müşahidə olunur. JAM.AZ-a daxil olan məlumata görə, Ədalət Nəbiyevin rəhbərliy etdiyi yoxlama komissiyasının üzvləri bütün orta məktəblərdə neqativ hallar aşkarladıqlarını və bunu ört-basdır etmək üçün «maliyyə nazirinə hesab çatdırmaq lazımdır» deyimini dilə gətirməyə başlayıblar.
Bu xüsusda əldə etdiyimiz bilgilərdə qeyd olunur ki, müfəttişliyin rəisi artıq Ağcabədi Təhsil Şöbəsinin müdirini divara dirəyərək, ondan hər məktəbdən külli miqdarda pul yığaraq, ona verməsini tələb edir. İddia olunur ki, Ədalət Nəbiyev Beyləqandan fərqli olaraq, Ağcabədidən daha çox pul toplamağı düşünür. Maraqlıdır ki, bu addımları da məhz Maliyyə naziri Samir Şərifovun təlimatı əsasında atdığını deyir.
JAM.AZ-ın əldə etdiyi son məlumatlara görə, Ədalət Nəbiyev artıq Ağcabədi Təhsil Şöbəsi üçün konkret qiymət müəyyənləşdirib. Belə ki, rayonda 62 orta məktəb fəaliyyət göstərir. Bu məktəblərdə isə ümumilikdə, 2500-ə yaxın müəllim dərs deyir. Nəbiyev Ağcabədi rayon Təhsil Şöbəsinin müdiri Mehdi Mehdiyevə qəti təlimat verib ki, dərs deyən müəllimlərin əmək haqlarının 1/3-ü qədərində pul toplayıb, ona verməlidirlər.
Xatırladaq ki, Maliyyə Nəzarəti Xidmətinin 10 saylı Regional Müfəttişliyi Ağcabədi, Beyləqan, Füzuli, Xocavənd, İmişli, Laçın və Zərdab rayonlarını əhatə edir.
Qarşı tərəfi də dinləməyə hazırıq.