«AzGranata» Şirə və Şərab Emalı Zavodu imicini itirmək üzrədir

27-05-2016, 11:22           

Müəssisənin direktoru Vüqar Mikayılovun fəhlələrin hüquqlarını pozduğu bildirilir 2011-ci ildə inşa olunan, 2,5 hektar sahəni əhatə edən «AzGranata» Şirə və Şərab Emalı Zavodu hazırda Cənubi Qafqaz regionunda ən böyük meyvə şirəsi istehsalçılarından biri kimi xarakterizə olansa da, Vüqar Mikayılovun direktoru olduğu müəssisədə bir müddət əvvəl ciddi vergi yoxlaması aparılıb və bu zaman külli miqdarda vəsaitin vergidən yayındırılması faktı aşkarlanıb. Bu və digər bir sıra önəmli məqamlarla bağlı əldə etdiyi bilgiləri Gundelik-Baku.com-la paylaşan məlumatlı şəxsin sözlərinə görə, meyvə şirəsi, konsentrat, kompot ilə yanaşı, şərab və araq məhsulları istehsal edən «AzGranata»da çalışan 50-ə yaxın işçinin əməkhaqqı yarıbayarı azaldılıb. Belə ki, bu vəziyyətin ötən ilin dekabr ayının 21-də manatın ikinci devalvasiyasından sonra yarandığını vurğulayan mənbə qeyd edir ki, ay ərzində yalnız 15 gün işləməyə məcbur edilən işçilər əvvəllər bütün ayı işləyib 280 manat maaş alırdılarsa, indi zavod rəhbərliyi buna imkan vermir: «Deyilənlərə görə, zavod rəhbərliyi işçilərə bildirib ki, 15 gün işləyin, onun maaşını, yəni 140 manat alın, istəmirsinizsə, çıxın gedin. Odur ki, hazırda Vüqar Mikayılovun direktoru olduğu «AzGranata» Şirə və Şərab Emalı Zavodunun işçiləri çarəsizlikdən dənizçilər kimi 15 günlük növbə ilə işləyirlər. Bu vəziyyətin isə nə vaxt düzələcəyi hələlik bilinmir. Onlar işdən qovulacaqlarından ehtiyat etdikləri üçün heç yerə şikayət edə bilmirlər». Bu arada, mövzu ilə əlaqədar əldə etdiyimiz məlumatlarda o da bildirilir ki, «AzGranata» Şirə və Şərab Emalı Zavodunda işçilərin əmək hüquqqlarının pozulması adi hala çevrilib: «Deyilənlərə görə, himayədarının dəstəyinə arxalanan zavodun direktoru Vüqar Mikayılov fəhlələrin hüquqlarını pozmaqla məşğuldur.Onun əməllərinə narazılıq edənlərə isə «qapı açıqdır, gedə bilərsən» mesajını verir. Qeyd olunur ki, indiyədək şərabçılıq sahəsində uzun illər təcrübəyə malik olan çoxsaylı texnoloqlar «AzGranata» Şirə və Şərab Emalı Zavodunu tərk edib. Onu da nəzərinizə çatdırım ki, məhz Vüqar Mikayılovun səhlənkarlığı ucbatından son zamanlar zavodun məhsullarının keyfiyyətində ciddi geriləmə müşahidə olunur. Buna görə də «AzGranata»nın məhsullarının satışında xeyli geriləmə müşahidə olunur. Bir sözlə, rəhbərliyin yol verdiyi səhlənkarlıqlar üzündən zavod artıq öz imicini itirmək üzrədir». Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.