Azərbaycanlı oliqarxların gizli ortaqları -“Şakro Molodoy” və “Vaqif Bakinski”

27-05-2016, 11:57           

Moskvadakı nəhəng aqroklasterin-Rusiya paytaxtının ən iri topdansatış ərzaq və kənd təsərrüfatı məhsulları bazası “Food City”nin sahibləri, azərbaycanlı milyarderlər Qod Nisanovla Zarah İliyevin iki gizli biznes partnyoru var: “Şakro Molodoy” (Zaxari Kalaşov) və “Vaqif Bakinski” (Vaqif Süleymanov) ləqəbli məşhur “vor zakonlar”.

Virtualaz.org xəbər verir ki, bu barədə “Russkaya mafiya” (rumafia.com) Rusiya xüsusi xidmət orqanlarındakı mənbələrə istinadən yazır. Xatırladaq ki, “Food City”nin üçüncü ortağı digər azərbaycanlı milyarder-oliqarx, prezident Putinin tələbəlik dostu kimi tanınan İlham Rəhimovdur. Bu topdansatış bazası 2014-cü ildə açılıb, Moskvanın digər iri topdansatış bazarlarının , o cümlədən qalmaqallı “Pokrovka” bazarının icarəçiləri “Food City”yə cəmləşiblər.

Mənbə yazır ki, məşhur kriminal avtoritetlər “Food City”nin qeyri-rəsmi ortaqlarıdır. Topdansatış bazasının təchizatı Vaqifin və Şakronun sıx himayəçiliyi altında həyata keçirilir.

Bildirilir ki, bu günlərdə “Russkaya mafiya”nın müxbiri xüsusi xidmət əməkdaşı ilə birlikdə “Forbes”in son milyarderlər siyahısına göz gəzdirib. Rusiya xüsusi xidmət əməkdaşı deyib ki, bu siyahıda Zaxari Kalaşovun da adı yer almalıydı. Çünki o, hələ İspaniyada yaşayarkən milyarder olub, ancaq sonradan həbs edilib və çirkli pulların yuyulması ittihamı ilə səkkiz ilini həbsdə keçirib. Bütün bu müddət ərzində “Şakro Molodoy”un maliyyə vəziyyəti xeyli pisləşib. Lakin o, təntənəli şəkildə Moskvaya qayıdandan və oliqarxların iştirakı ilə sərfəli layihələrə girəndən sonra sürətlə varlanıb.



Mənbə deyib ki, “Şakro Molodoy” üçün maliyyə baxımından ən sərfəli layihə “Forbes”in siyahısında yer alan Qod Nisanov və Zarah İliyevlə ortaqlıq olub. Azərbaycanda, məşhur Qırmızı qəsəbədə anadan olmuş bu iki dağ yəhudisi Moskva şəhər hakimiyyətinin, əvvəlcə Lujkovun, daha sonra Sergey Sobyaninin fəal dəstəyi ilə milyardlarla dollarlıq sərvətə malik olublar. Hazırda onlar Rusiyanın daşınmaz əmlak krallarıdır və Moskvada çoxsaylı kommersiya daşınmaz əmlaka malikdir. Nisanovla İliyevin üçüncü ortağı İlham Rəhimov da daşınmaz əmlak kralı hesab edilir, hərçənd ki, onun adı “Forbes”in siyahısında yer almır.

Sayt yazır ki, ortaqlar 360 min kvadratmetr ticarət sahəsinə və 300 min kvadratmetr anbar sahəsinə malik olan “Food City”ni açanda bu, məsələnin ancaq bir tərəfi idi. Obyekti tikməklə iş bitmirdi və topdansatışla məşğul olan satıcıları bu bazara cəmləmək lazım gəlirdi.

Azərbaycanlı oliqarxların gizli ortaqları

On illərdir ki, Moskvada tərəvəzin, meyvənin, göyərtinin topdansatışı əsasən Azərbaycandan olan məşhur “vor zakon”ların himayəsi altında olub. Ona görə də başq ticarət meydançalarına, o cümlədən “Food City”yə özbaşına keçmək topdansatışla məşğul olan meyvə-tərəvəz və göyərti alverçilərinin başını “vor zakon”larla bəlaya sala bilərdi. Bu səbəbdən “Food City” təzə açılanda ora köçmək istəyənlər tapılmayıb.


“Russkaya mafiya” yazır ki, Nisanov və İliyev bu problemi digər məşhur azərbaycanlı oliqarx Araz Ağalarovla müzakirə edir. Ağalarov isə məsələni çoxdan tanıdığı “Vaqif Bakinski”yə çatdırır. Belə ki, 2013-cü ildə snayper məşhur “vor zakon” Ded Xasanı vurandan sonra onun yerini-mafiya kralı postunu tutmağa əsas namizəd İspaniya həbsxanasında məhbusluq həyatı yaşayan “Şakro Molodoy” idi. “Vaqif Bakinski” isə “Şakro Molodoy”a çox yaxındır, onun qruplaşmasına daxildir.

Beləliklə, Nisanovla İliyevin problemi “Vaqif Bakinski”yə çatdırılandan sonra o, məsələni “Şakro” ilə müzakirə edir. Satıcıları “Food City”yə qovmaq barədə anlaşma əldə olunur və bunun əvəzində “vor zakon”lara gəlirdən sanballı pay ayrılır. Bildirilir ki, satıcıların “Food City”yə köçürülməsini Vaqif təşkil edib, bu işdə ona topdansatış bazarlarına nəzarət edən “vor zakon”lar dəstək verib.


Doğrudur, “Şakro” xəbərdarlıq edib ki, bu prosesdə qan axıdılmamalıdır, çünki yeni kriminal müharibə heç kimə lazım deyil. Əslində əmr birbaşa “Şakro”dan gəldiyi üçün qərara müqavimət göstərənlər də olmayıb, topdansatışla məşğul olan satıcılar yeni bazarda “Şakro” və “Vaqif Bakinski”nin “krışası” altında işləməyə razı olublar. Nəticədə pullar “Food City”nin sahiblərinin ciblərinə sel kimi axmağa başlayıb, “Şakro” və “Vaqif Bakinski” də təbii ki, bu “çaydan” öz paylarını alırlar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.