Saatlını şəxsi mülkinə çevirən icra başçısının müavini - RÜŞVƏT İTTİHAMI

30-05-2016, 00:29           

Siraqəddin Cabbarov susur, İlham Quliyev dövlətin milyonlarını mənimsəyir

Prezident İlham Əliyevin dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, məmurlar yenə də özbaşınalıqlarından əl çəkmirlər. Buna görə bu günə qədər bir neçə məmurun cəzalandırılması da digərlərinə dərs olmayıb.

Rayonlarda vəziyyət paytaxta nisbətən daha pisdir. Rayonların "kiçik padşahları" heç bir qanunsuzluqdan əl çəkmir, özlərini buranın sahibi kimi hiss edirlər. Bunun nəticəsidir ki, Azərbaycanın əksər rayonlarında rüşvətxorluq, korruspiya, məmur özbaşınalığı baş alıb-gedir, əhalinin heç bir sosial-iqtisadı probelmi həll olunmur, vətəndaşlar hər addımda məmur haqsızlığı ilə üzləşir.

Qanunszluqların baş alıb getdiyi rayonlardan biri də Saatlıdır. 2008-ci ildən rayona başçılıq edən Siraqəddin Cabbarov mətbuatda rayondakı qanunsuzluqlarla bağlı nə qədər tənqid olunsa da, heç bir nəticə çıxartmır. Haqqında yuxarı instansiyalarla yüzlərlə şikayət məktubu yazılan icra başçısı heç nəyə məhəl qoymadan rayonu öz qanunları ilə idarə etməyə davam edir. Öz əməlləri ilə kifayətlənməyən Siraqəddin Cabbarov birinci müavini İlham Quliyevə də külli-ixtiyar verərək rayon sakinlərinin başına olmazın müsbətlər gətirir.

İlham Quliyevin vəzifədəki adamları

MilliYol.Az xəbər verir ki, Saatlının Bəylər kənd sakini, uzun müddət rayon Təhsil Şöbəsində mühasib və baş mühasib işləmiş İlqar Nuxuşov İlham Quliyevlə bağlı ilginc məlumatlar açıqlayıb.

Onun sözlərindən başa düşülür ki, Saatlıda İcra Hakimiyyəti səviyyəsində talançılıq həyata keçirilib, dövlətin ayırdığı milyonlar məmurlar tərəfindən mənimsənilib. Talançılığın başında duranlardan biri də məhz İlham Quliyevdir.

Açıqlanan məlumatlardan məlum olur ki, İlham Quliyev rayondakı əksər "pullu vəzifələr"ə öz adamlarını təyin etdirib. Xüsüsəndə əksər dövlət orqanlarının baş mühasibləri onun yaxın adamlarıdır.

O, həmçinin idarə və müəssisələrə də öz adamlarını təyin etdirməklə qazanc mənbələri əldə edir. İlham Quliyev 2009-cu ilə qədər Saatlı DSMF-yə rəhbərlik edib. Başqa vəzifəyə təyinat alan zaman isə yerinə Hafiz Miriyevi təyin etdirib. İddia edilir ki, indi də İlham Quliyev Hafiz Miriyevin vasitəsi ilə Saatlı DSMF-yə nəzarət edir, burdan gələn gəlirin böyük hissəsi ona çatır.

Onun vəzifə verdiyi məmurlardan biri də Saatlı Təhsil Şöbəsinin yeni müdiridir. Bir müddət əvvəl şöbənin rəisi işdən çıxarılıb və İlham Quliyev həmkəndlisi, qohumu və qonşusu olan Zabit Rüstəmovu bu vəzifəyə gətirib.

Birinci müavinə qarşı rüşvət ittihamı

1985-ci ildən Saatlı Rayon Təhsil Şöbəsində mühasib, 2006-cı ildən isə baş mühasib işləyən İlqar Nuxuşov ötən ilin fevralında ərizə yazdırılaraq işdən çıxarılıb. May ayında Saatlı Mədəniyyət və Turizm Şöbəsində mühasib vəzifəsinə təyin edilsə də, burdakı işi 4 ay çəkib və sentyabrda yenə ərizəsini alaraq işdən çıxarıblar. Rayon sakini bildirir ki, İlham Quliyev onun yerinə təyin etdiyi şəxsdən 10 min manat rüşvət alıb.

İlqar Nuxuşov iddia edir ki, o, 2009-cu ildən etibarən İlham Quliyevin tapşırıqlarını yerinə yetirib. Amma məsələ təkcə tapşırıqların yerinə yetirilməsiylə də yekunlaşmayıb. Çünki ortada tərəflər arasında heç də kiçik məbləğlərdə olmayan həddə alver baş verib. Keçmiş mühasib iddia edir ki, 2014-cü ilin dekabrında İlham Quliyevin göstərişi əsasında işlədiyi Təhsil Şöbəsinə aid bir məsələnin həlli üçün 200 min manat pul verib. Həmin pulu icra başçısının müavininə təqdim edib və üzərindən iki ay keçdikdən sonra işdən çıxarılması barədə xəbər alıb. Nuxuşov bildirir ki, həmin 200 min manatı düzəltmək üçün o, 32 min manat kredit götürmək məcburiyyətində qalıb. Bu zaman işlədiyi Təhsil Şöbəsinin müəllimlərin adına xeyli miqdarda kredit yazdırmalı olub. Həmin pulu işdən çıxarıldıqdan sonra ödəyə bilməyib və adına kredit götürdüyü müəllimlər də haqlı olaraq Saatlı Prokurorluğuna müraciət edib. İlqar Nuxuşov ifadəsində bildirib ki, həmin pulu özü üçün deyil, İlham Quliyevə vermək üçün götürüb. Məsələ böyüdükdən sonra icra başçısının birinci müavini həmin krediti ödəyərək məsələni qapayıb.

Təhsil Şöbəsindən qazanılan milyonlar

Qeyd etdiyimiz kimi, İlham Quliyev qonşusu və qohumu Zabit Rüstəmovu Təhsil Şöbəsinə müdir, İlham adlı başqa bir şəxsi isə baş mühasib təyin edib. Mənbə bildirir ki, məqsəd şöbəyə ayrılan dövlət vəsaitlərini daha rahat yolla mənimsəməkdir.

İddia edilir ki, hazırda Saatlıda fəaliyyət göstərən 19 uşaq bağçasına ayda 40-45 min manat ərzaq pulu ayrılır. Amma bunun 30 faizi İlham Quliyevə çatdığından uşaqlar normal qida verilmir.

İlham Quliyev Təhsil Şöbəsinə tikinti üçün ayrılmış pulların mənimsənilməsində də ittiham olunur. Mənbənin sözlərinə görə, 2009 və 2010-cu illərdə tikinti üçün ayrılmış 60 min manat (ümumilikdə 120 min manat), 2013-cü ildə ayrılmış 100 min manat icra başçısının birinci müavini tərəfindən mənimsənilib. 2014-cü ildə daha 100 min manat ayrılıb. İlham Quliyev bu dəfə nisbətən insaflı davranaraq, cəmi 45 min manat götürüb.

Həmçinin Saatlı rayonunda tenderlər üçün ayrılmış bütün vəsaitlər İlham Quliyevin nəzarəti altındadır. Mənbə bildirir ki, müavin həmin pulların 20 faizini öz hesabına keçrir. Bura avadanlıqların və inventarların satın alınması xüsusi olaraq daxildir.

Bakıda və Türkiyədə evlər

Təbii ki, bu qədər gəlirin qarşısında İlham Quliyev özünə yaxşı var-dövlət toplaya bilib. İddia olunur ki, onun ölkənin müxtəlif rayonlarında özünün və ailə üzvlərinin adına villaları, Bakıda evləri, bir çox təcarət obyekti var.

İlham Quliyev var-dövlətini ölkə sərhədlərindən kənara da çıxara bilib. Belə ki, onun Türkiyədə bir neçə evinin və biznesinin olduğu vurğulanır.

Siraqəddin Cabbarov hara baxır?

Əslində bu sual verilməməlidir. Çünki bu qədər özbaşınalığı və qanunsuzluğu hansısa bir müavinin təkbaşına həyata keçirməsi mümkün deyil. Təbii ki, icra başçısı Siraqəddin Cabbarovun bütün bunlardan xəbəri var. Başçıdan külli-ixtiyar alan İlham Quliyev bu qədər qazancı yalnız yeyə bilməz. Buna görə də gəlirin bir hissəsi icra başçısının cibinə axmalıdır.

Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

//Milliyol.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.