Ağdamın icra başçısının pambıq yalanı - Sovet dövrünü xatırlatdı...

30-05-2016, 11:11           

Ağdamın icra başçısı rayonda 550 hektar pambıq əkilməsi barədə Kənd Təsərüfatı Nazirliyinə sənədlər təqdim edib. Amma əslində Ağdamda cəmi 320 hektar sahəyə pambıq əkilib. Yəni faktiki olaraq 230 hektar sahəni Raqub Məmmədov özü üçün “pripiska” edib…
Saxtakar əməli aşkarlanan Ağdamın icra başçısı “pripiskanı” ört basdər etmək üçün arpa biçinindən sonra həmin sahələrə pambıq əkməyi planlayır. Bununlada icra başçısı rəhbərliyi ikinci dəfə aldatmağa cəhd edəcək…
Neft qiymətlərinin kəskin şəkildə enməsindən sonra ölkədə kənd təsərüfatına diqqət artırılıb. Hətta prezident İlham Əliyev bu sahəyə diqqətin artırılması, fermerlərə dövlət dəstəyinin göstərilməsi ilə bağlı göstərişlər verib. İndi dövlət tərəfindən kəndlilər və fermer təsərüfatları üçün subsidiyalar ayrılır.
Tarix boyu Azərbaycanda pambıq əkini əkinçilik sahəsində önəmli yer tutub. Amma son illər bu sahədə böyük geriləmə var idi. Bunun əsas səbəbi də kəndlilərin əkdikləri pambığı sata bilməməsi, satanda da normal gəlir əldə etməməsi idi. Bu ildən dövlət pambıqçılıq sahəsinə xüsusi diqqət ayırmağa başlayıb ki, bu da kəndliləri qiymətlərin normallaşmasına ümidləndirir. Dövlətin dəstəyi ilə pambıq əkini üçün əlverişli olan rayonlarla yüzlərlə hektar əkin sahələri ayrılıb.

Dövlətin pambıq əkini üçün böyük vəsait ayırdığı rayonlardan biri də Ağdamdır. Bu sahənin inkişafı üçün əlverişli olan rayon üçün bütün imkanlar yaradılıb, dövlət büdcəsindən külli miqdarda vəsait ayrılıb. Amma bütün sahələrdə olduğu kimi burda da məmur tamahkarlığı özünü biruzə verir.
MilliYol.Az-ın Ağdam İcra Hakimiyyətindəki mənbədən əldə etdiyi məlumata görə, icra başçısı Raqub Məmmədovun tamahkarlığı başına bəla olub. Belə ki, başçı rayonda 550 hektar pambıq əkilməsi barədə Kənd Təsərüfatı Nazirliyinə sənədlər təqdim edib. Amma əslində Ağdamda cəmi 320 hektar sahəyə pambıq əkilib. Yəni faktiki olaraq 230 hektar sahəni Raqub Məmmədov “pripiska” edib. Məqsəd isə həmin əkin sahələri üçün ayrılan vəsaiti mənimsəmək olub.

Məşhur atalar məsəlində deyildiyi kimi, oğurluğun ömrü 40 gün olub. Heç 40 gün də çəkməyib. Saxtakarlıq əkin sahələri ölçülürkən aşkarlanıb. Məlum olub ki, Raqub Məmmədov sənədlərdəki pambıq sahələrinin 220 hektarını “yeyib”. MilliYol.Az-a verilən məlumata görə, bundan sonra icra başçısının vəziyyəti pisləşib. Dövləti aldatması ortaya çıxan Raqub Məmmədov qorxuya düşüb. Çünki birbaşa prezidentin nəzarətində olan sahədə fırıldaq etməyi ona heç kimin bağışlamayacağını yaxşı başa düşür.
Mənbə bildirir ki, Raqub Məmmədov artıq vəziyyətdən çıxmaq üçün yol da tapıb. Deyilənə görə, icra başçısı arpa biçininin bitməsini gözləyir ki, həmin sahələrə pambıq əksin. Bu isə dövlət vəsaitinin havaya sovrulması deməkdir. Çünki iyun ayında əkiləcək pambıq ən yaxşı halda dekabr-yanvar aylarında yığılmalıdı. Azərbaycanın təbiəti isə həmin aylarda pambıq yığımı üçün əlverişli deyil, daha doğrusu bu gülməludir.
Amma bu deyəsən, Raqub Məmmədovu qətiyyən maraqlandırmır. Hər halda onun üçün yalanının ifşa olunmaması dövlətin milyonlarından daha önəmlidir. Çünki faktiki olaraq Ağdamın icra başçısı Raqub Məmmədov prezidenti ikici dəfə aldatmağı planlaşdırır.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.