Əmlak Komitəsindən möhtəşəm fırıldaq: Qurum 1.5 ha torpağı bir mənzil qiymətinə “satıb” (ARAŞDIRMA)
3-06-2016, 02:47
Əvəz Əhmədov uçurtduğu daşınmaz əmlakın yerində 17 bina tikir
"Sabunçu İstehsalat Xidməti Bazası” Açıq Səhmdar Cəmiyyətinin (ASC) 82,4686%-lə səhm-nəzarət paketinin sahibi Əvəz Əhmədov Sabunçu rayonu Xəstəxanayanı küçəsi, 37 ünvanında yerləşən, 403 səhmdarın ortaq əmlakını qanunsuz olaraq yerlə-yeksan edib.
Bu barədə AzToday.az-a müəssisənin səhmdarları xəbər veriblər.
Qeyd edək ki, Əvəz Əhmədov Naxçıvan daxili işlər naziri Əhməd Əhmədovun qardaşıdır.
Adıçəkilən ünvanda olduq və həqiqətən də şəkillərdən göründüyü kimi orada əmlakdan əsər-əlamət qalmayıb. Halbuki bir neçə ay əvvəl müəssisənin əsasən icarəyə verilmiş üç mərtəbəli inzibati binası, müxtəlif köməkçi tikililəri vardı və onlar da lentə alınıb. Sökülmüş tikililərin yerində Ə.Əhmədova məxsus "TEMA” MMC şirkətinin hündürmərtəbəli binalar inşa etməyə hazırlaşdığı deyilir.
Xatırladaq ki, səhmdarlarla Ə.Əhmədov arasında konflikt 2014-cü ildən başlayıb. Majoritar səhmdar (Majoritar səhmdar (Majority shareholder) – Cəmiyyətin fəaliyyətinə nəzarət etmək və qəbul edilən qərarlara təsir etmək imkanı verən səhm paketinə malik səhmdardır -red) iddia edib ki, Əmlak Məsələləri Dövlət Komitəsi müəssisəni bütövlükdə ona satıb və tək sahibi özüdür, səhmdarlar isə reyestr çıxarışı göstərib özlərinin də orada payçı olduqlarını sübut ediblər. Sonda vəziyyətlə "barışan” nazir qardaşı bu dəfə kiçik ortaqlarından qurtulmaq üçün müxtəlif yollar arayıb. Əvvəlcə müəssisənin istifadəsində olan torpaqdan imtina edərək "havada qalmaq” istəyib. Lakin minoritar səhmdarlar (Minoritar səhmdar (Minority shareholder) – Şirkətin idarə edilməsində iştirak etmək üçün kifayət edəcək həcmdə səhm paketinə sahib olmayan səhmdardır) bunu qəbul etməyiblər və müzakirəsini belə aparmağa imkan verməyiblər. Lazım gələrsə torpağı özlərinin hesabına özəlləşdirib müəssisəyə bağışlayacaqlarını söyləyiblər. Bununla da torpaq ətrafında polemika bitib. Sonradan həmin iclası "bəyənməyən” majoritar səhmdar kiçik ortaqların iştirak etmədiyi, heç bir yerdə elanı getməyən "iclas”da məzmunu şəriklərinə bəlli olmayan saxta protokol tərtib etdirib.
82% payının əvəzinə 97%-i kağız üzərində "mənimsədi”
Lakin Ə.Əhmədov bununla sakitləşməyib, səhmdarların 2015-ci ilin iyin ayının 30-da keçirilən ümumi yığıncağında cəmiyyətin əmlakını 82,4686% (ümumi yığıncaqda özlərinin səsləndirdikləri rəqəm 82,4069% idi) və 17,531% nisbətində "bölüb”.
82,4686% 1 145 738,50 manat dəyərində 2 291 477 səhmdir. Cəmiyyətin ümumilikdə 1 389 302 manat dəyərində 2 778 604 səhmi var. Qanunsuz addım atdığı bir tərəfə, burada da ədalətsiz davranıb 15 547 kv/m. torpaq sahəsinin 15 037 kv/m.-ni balansına "keçirib”, 510 kv/m. sahəni də 402 səhmdara "saxlayıb”. 15 547 kv/m.-in 17,5314%-i 510 yox, ondan 5,34 dəfə artıqdır – 2 725 kv/m. Bu hesabla nazirin qardaşı ortaqlarına məxsus 2 215 kv/m. əmlakı da belə "mənimsəyib”. Beləliklə, kiçik payçılara saxladığı əmlak 3,3%, özününkü isə 96,7% olub. Zərərin çoxunu, əmlakın isə azını 402 nəfərə "verib”.
Müəssisənin balansında nağd pul da var imiş, onu səhmdarlarla paylaşmayıb. Bu yaxınlarda məlum olub ki, müəssisənin tikililəri darmadağın edilib.
Söhbəti gedən müəssisənin səhmdarı Cahangir İsmayılov paket sahibi ilə hələ keçən ildən məhkəmə çəkişməsindədir.
AzToday.az-a danışan səhmdarın dediyinə görə 30 iyun tarixli yığıncağa qədər müəssisə idarə heyətinə məktubla müraciət etmiş, gündəlikdə müzakirə olunacaq məsələlər barədə məlumat almaq istəmiş, lakin ona cavab verməmişlər. Mülki Məcəllənin 107-1.5. maddəsinə görə səhmdarların ümumi yığıncağının çağırılması barədə bildirişdə cəmiyyətin adı, olduğu yer, yığıncağın keçirilmə tarixi, vaxtı və ünvanı, yığıncağın gündəliyi, gündəlik üzrə materiallarla tanış olunma qaydası göstərilməlidir. Mülki Məcəllənin Kommentariyasında həmin maddə (233-cü səhifə) "bildiriş səhmdara ümumi yığıncaqda maneəsiz iştirak etmək və onun materialları ilə qabaqcadan tanış olmaq imkanı yaratmalıdır”, kimi şərh edilir. Qanunvericiliklə səhmdarlar ümumi yığıncağın çağırılmasına 30 gün qalmış gündəliyin layihəsinə dair təkliflər vermək və ümumi yığıncağa 15 gün qalmış gündəliyə daxil edilmiş bütün məsələlər üzrə müvafiq sənədlərlə tanış olmaq hüququna malikdirlər. C.İsmayılov deyir ki, sorğusuna cavab verilməyib və həmin iclas keçib.
"Beş yerə bölünən müəssisənin beşində də səhmdar təmsil olunur”
İyunun 25-də C.İsmayılov "Sabunçu İXB” ASC-nin rəhbərliyinə yenə bir rəsmi məktub ünvanlayıb, cəmiyyətin səhmdarlarının 6 may və 30 iyun tarixli ümumi yığıncaqlarının protokollarının təsdiq olunmuş surətini istəyib. Lakin bu məktub üzərinə "imtina edilib” işarəsi qoyulmaqla geri qaytarılıb.
Cənab İsmayılov 30 iyun tarixli ümumi yığıncağın qərarları və iclasın protokolunun ləğv olunması iddiası ilə avqust ayında Sabunçu Rayon Məhkəməsinə müraciət etdiyini deyir: "Əvvəla iclasa qədər mən gündəliklə tanış olmamışdım və bununla da hüquqlarım pozulmuş, onlar da cərimə edilmişdilər. İkincisi də Mülki Məcəlləyə görə fərdin müəssisəsədən iclas qaydasında ayrılması mümkün deyil, yalnız məhkəmə yolu ilə ola bilər, burada da xüsusi prosedurlar var. Bu zaman məhkəmə kənar icraçı təyin edir və bölünməni həmin şəxs həyata keçirir. Müəssisənin bölünməklə bir və ya bir neçə hüquqi şəxsin ayrılması yoluyla yenidən təşkili var. Amma orada hüquqi şəxs ayrılır və səhmdarlar da həmin hüquqi şəxslərin hər birində payına uyğun təmsil olunmalıdır. Əgər müəssisə 5 yerə bölünürsə və birinin 99% səhmi varsa, artıq hərəsində 99% səhmi olur. 1% səhmi olanın da bölünən 5 hissənin hər birinə yenə 1% səhmi keçir. Çünki mülk səhmdarın deyil, səhmdar cəmiyyətindir və səhmdar orada səhmə malikdir, əmlaka yox. Cəmiyyət ləğv olunduğu zaman səhmdar əmlaka sahib olur, hərə öz payına uyğun əmlakı götürür. Bölünmə protokolunda 82% mülk onundur. Nə qədər əmlakı varsa, o qədər əmlak, nə qədər öhdəliyi varsa, o qədər öhdəlik ona getməlidir. Amma bölünmənin özü də düzgün aparılmayıb. Biz iclasda çox danışa bilmədik, ona görə ki, fikrimizi söyləmək üçün iclasa qədər gündəliyin materialları ilə tanış olmalı idik, lakin bizə bu imkan verilməmişdi”.
Qanun yalnız hüquqi şəxsləri bir-birindən ayırmağa icazə verir
MM-in 55-ci maddəsinə görə, hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilə bilər. Qanunla müəyyənləşdirilmiş hallarda hüquqi şəxsin bölünməsi, ya da tərkibindən bir və ya bir neçə hüquqi şəxsin ayrılması şəklində yenidən təşkili məhkəmənin qərarı ilə həyata keçirilir. Məhkəmə kənar idarəçi təyin edir və ona hüquqi şəxsi yenidən təşkil etməyi tapşırır. Kənar idarəçinin təyin edildiyi andan hüquqi şəxsin işlərini idarə etmək səlahiyyətləri ona keçir. Kənar idarəçi məhkəmədə hüquqi şəxsin adından çıxış edir, bölünmə balansını tərtib edib baxılmaq üçün onu yenidən təşkil nəticəsində yaranan hüquqi şəxslərin nizamnamələri ilə birlikdə məhkəməyə verir. Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, qanunvericiliyin tələblərinə riayət edilməklə yeni yaranan hüquqi şəxslərin dövlət qeydiyyatına alınması üçün əsasdır. MM-in 56-cı, "Hüquqi şəxslər yenidən təşkil edilərkən hüquq varisliyi” maddəsinin bəndlərinə görə, hüquqi şəxs bölündükdə onun hüquq və vəzifələri bölünmə balansına uyğun olaraq yeni yaranmış hüquqi şəxslərə keçir. Hüquqi şəxsin tərkibindən bir və ya bir neçə hüquqi şəxs ayrıldıqda yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq və vəzifələri bölünmə balansına uyğun olaraq onların hər birinə keçir. Bir növdən olan hüquqi şəxs digər növdən olan hüquqi şəxsə çevrildikdə (təşkilati-hüquqi formanın dəyişməsi) yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir.
Səhmdar deyir ki, qərarların ləğvi və protokolun etibarsız sayılması ilə bağlı Sabunçu Məhkəməsinə müraciət edib, amma Məhkəmə işə baxılmasını o qədər yubadıb ki, sonradan müəssisənin taleyinə dair İnzibati Məhkəmənin qərarı çıxıb, qərar qüvvəyə minib, Sabunçu Məhkəməsi isə hələ fikirləşir.
C.İsmayılov: "Yalnız may ayının 6-da qərar çıxarılıb. Mənə verilən izahatdan belə anladım ki, hakim ASC-lərin ümumi yığıncaqlarındakı protokolun əhəmiyyətini qəbul etmir. Deyir, "protokolda sizin dedikləriniz qeyd olunur”. Mən nə qədər çalışdım ona izah edim ki, protokol razılaşma, bir təşkilatın yığıncaq qərarlarının rəsmiləşdirilmiş sənədidir, başa sala bilmədim. Hakim protokolu sənəd saymadığı üçün də iddianı təmin etmədi. Halbuki o protokol etibarsız hesab olunmalıdır ki, heç yerdə işləməsin. İşi aparan hakimlərin çoxu ASC-lərin fəlsəfəsini bilmir, ona görə də bu sahədə qanunla əsaslandırılmış qərarlara az-az rast gəlinir. Indiki vəkillər "vasitəçi” olublar, biz isə hüquqşünas, vəkillərin əvəzinə hakimlərə qanunları izah edirik. Yenə də onların "maraqları” ilə bizim izahlarımız üst-üstə düşmədiyindən istədikləri qərarları çıxarırlar”.
Vergilər Nazirliyi oliqarxın qanunsuz qeydiyyatından imtina edib
C.İsmayılovun dediyinə görə, Əhmədov ayrılmanı qeydə aldırmaq üçün iclasın protokolunu Vergilər Nazirliyinə göndərib. Nazirlikdə ayrılmanı qeydə almaqdan imtina ediblər. Lakin paket sahibi iki yerə "böldüyü” "Sabunçu İXB” ASC adından Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Kommersiya Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə (VN VDKHŞDQİ) qarşı "kommersiya qurumunun təsis sənədlərində edilmiş dəyişikliklərin və qeydə alınmış faktların sonrakı dəyişikliklərinin qeydiyyata alınmasından imtina edilməsi haqqında cavabdehin 14.08.2015-ci il tarixli qərarının ləğv olunması və sonrakı dəyişikliklərin dövlət qeydiyyatına alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” iddiası ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. Səhmdarlar da maraqlı şəxs kimi vəsadət verib həmin məhkəmə prosesinə qoşulublar. İşə hakim Zaur Tağıyevin sədrliyi ilə baxılıb. VN VDKHŞDQİ-nin dəyişikliyi qeydiyyatdan imtina qərarında MM-in 56-cı maddəsinə istinad edilir və bildirilir ki, "həmin maddə hüquqi şəxsin yenidən təşkilinin ayrılma formasında hüquqi şəxsdən yalnız hüquqi şəxsin ayrılması qaydasını müəyyən edir. Yəni hüquqi şəxsin ayrılma yolu ilə yenidən təşkili zamanı hüquqi şəxsin tərkibindən yalnız əvvəldən mövcud olan və cəmiyyətin səhmdarı olan hüquqi şəxs ayrıla bilər”.
VN VDKHŞDQİ-dən məhkəməyə də etiraz məktubu təqdim edilib, MM-in müvafiq maddələrinə istinadən verdikləri qərar əsaslandırılıb və qarşı tərəfin iddiasının mümkün sayılmaması xahiş edilib. İşin şifahi məhkəmə baxışı iclası ötən ilin noyabrın 20-nə təyin edilib.
C.İsmayılov: "Biz də Əhmədovun etirazına öz etirazımızı bildirdik, bölünmənin mümkün olmadığını əsaslandıran dəlillərimizi gətirdik. Ədliyyə Nazirliyinin də bölünmənin qanunsuz olduğunu izah edən açıqlaması məhkəməyə təqdim olundu. ƏN-nin bu məsələyə münasibəti "Sumqayıt Soyuducu Baza” ASC-nin bölünməsinə cəhd zamanı alınmışdı və minoritar səhmdarlar prosesi bu şəkildə dayandırmışdılar. Yəni daha əvvəl belə bir presedent vardı. Nəticədə nazir qardaşının iddiası təmin edilmədi, məhkəmə VN-nin bölünməni qeydiyyata almaqdan imtinasını doğru saydı. Həmin məhkəmənin qərarı bu ilin 12 yanvar tarixli qərarı ilə qanuni qüvvəyə minib. Əhmədov qərardan 30 gün müddətinə Apellyasiya şikayəti vermədiyinə görə qərar qüvvəsində qaldı. Lakin qanuni qüvvəyə minmiş qərara məhəl qoymadan müəssisənin şəriksiz sahibi kimi davranıb, binaları söküb, dağıdıblar. Burada aydın olan bir şey var: səhmdar cəmiyyət mövcuddur, ləğv olunmayıb, bölünməyib. Cəmiyyət yerində qalır, amma əmlakı məhv edilib…”.
"Sabunçu İstehsalat Xidməti Bazası” ASC-nin səhmdarı Cahangir İsmayılov deyir ki, ortada korrupsiya əlamətlərini göstərən sübut yarandığına görə hüquqlarının pozulduğunu əsas gətirib. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə (hazırda Maliyyə Bazarlarına Nəzarət Palatası) müraciət edib, ASC-nin sonuncu – 30 iyun tarixli ümumi yığıncağının materialları ilə tanış ola bilmədiyini yazıb.
C.İsmayılov: "Mənə cavab verdilər ki, "biz onlara müraciət edib, cavab ala bilmədik, müəssisəni 1500 manat cərimə eləmişik”.
Sonradan Komitənin Milli Depozit Mərkəzinə müraciət edib səhmdarların reyestrindən çıxarış aldım. Mənə cavab verməzdən 16 gün əvvəl – iyulun 21-də "Sabunçu İXB” ASC-nin ayrılmasını Komitədə dövlət qeydiyyatına alıblar. Məktub mənə avqustun 7-də gəlib. Onları necə cərimə ediblər ki, sonra da qeydiyyatdan keçiriblər? Əmlak Komitəsinin burada iştirakı 100 faizdir, Komitə ikili oyun oynayır, camaatın mülkünün əlindən alınmasına havadarlıq edir. Amma QKDK da özünü ƏMDK-nın bir şöbəsi kimi aparır, Komitədən deyiləni icra edir”.
ƏMDK 400 payçısı olan müəssisəni investorlara "şəriksiz” adıyla verir
Yeri gəlmişkən, səhmdar Nizami Aslanbəyovun müraciəti əsasında Sabunçu Rayon Məhkəməsinin 17 noyabr 2015-ci il tarixli qərarı ilə də İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə müəssisə rəhbərliyi inzibati xətanı törətməkdə təqsirli bilinib, 4000 manat cərimə olunub. İcra tələbi yerinə yetirilmədiyindən ASC-nin vəzifəli şəxsi Güloğlan İbrahimovun inzibati məsuliyyətə cəlb edilməsi barədə Sabunçu rayon İcra Şöbəsində protokol tərtib olunub. C.İsmayılov hakim Z.Tağıyevdən 30 iyun protokolunun təsdiq olunmuş surətinin ona təqdim olunmasını təmin etməyi xahiş edib, hakim həmin sənədlərin kommersiya sirri olduğunu bildirərək, bundan imtina edib. Onda C.İsmayılov MM-in 107-6.3. maddəsinə (səhmdarın tələbi ilə ümumi yığıncağın protokolunun surəti ona təqdim edilməlidir) istinad edərək istədiyi sənədlərin onun üçün kommersiya xarakteri daşımadığını sübut edib. Bundan başqa Mülki Prosessual Məcəllənin 47.2. maddəsinə görə "işdə iştirak edən şəxslər işin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək və surət çıxartmaq hüququna malikdirlər”.
C. İsmayılov deyir ki, dövlət qurumları "bölünmə”ni qəbul etmədiyi halda, Ə.Əhmədov 403 səhmdara məxsus əmlakı özbaşına söküb yerə qoyub: "Sabah biz müraciət edəcəyik ki, əmlakımızı məhv ediblər. Deyəcəm, "mənim əmlakım qızıldan idi”. Çünki indi olmayan əmlakı mən necə qiymətləndirim? Normal binalardan əsər-əlamət qalmayıb, xarabalığa çeviriblər. Dərhal da mən bu barədə daxili işlər naziri Ramil Usubovun elektron poçtuna yazmışam ki, kim olduğunu müəyyən edə bilmədiyim adamlar müəssisəni söküb-dağıdır, mən səhmdarı da içəri buraxmırlar. Təsdiqlənməmiş, amma uyğun gələn informasiyadır, ƏMDK müəssisələrin səhm-nəzarət paketini 100% adı ilə satır. Sonradan paket sahibləri öyrənirlər ki, sən demə daha 3-4 yüz ortağı varmış. Bu da mülkiyyət sahibi ilə Komitə arasında olan o davalardan biridir, amma arada mülkiyyətçi digər kiçik ortaqları ilə düşmən olur. İndiyə qədər 20 müəssisə rəhbərindən "mənə deyiblər müəssisə 100% sənindir, amma sonradan başqa səhmdarların da olduğunu gördüm”, cümləsini eşitmişəm”.
Milyonluq əmlakından imtina edib "havada qalmağı” seçdi
Bütün bunlar azmış kimi səhmdarlar indi də eşidiblər ki, onlara məxsus müəssisənin istifadəsində olan torpaq qanunsuz özəlləşdirilib. ASC-nin payçılarının iddiasına görə, arada səhmdarların ümumi yığıncağında guya torpağın özəlləşməsi və icarəsindən imtina barədə "qərar” olan saxta protokol dolaşır. Komitədə də həmin "protokol”a istinad edirlər. C.İsmayılov: "VN bölünməni qəbul etməyib, məhkəmə də bu dövlət qurumunun qərarını dəstəkləyib, bəs ƏMDK hansı əsasla torpağı özəlləşdirib? Komitə öz yanından guya işini etibarlı tutur. Onlara deyirlər ki, "torpağın icarəsi və özəlləşdirilməsindən imtina barədə protokol yazıb gətirin”. Onlar da fikirləşirlər, "protokoldur da”, idarə heyətinin adından "biz torpağın icarəsindən də, özəlləşdirilməsindən də imtina edirik”, deyə saxta iclas protokolu yazıb möhür, imza ilə Komitəyə verirlər. Komitədən də "bizim əlimizdə sənəd var, onlar imtina edib, biz də bunun əsasında hərraca çıxarıb satmışıq”, deyə öz əməllərinə hüquqi don geydirməyə çalışırlar. Amma ortaya bir neçə cür "protokol” çıxarılıb – Vergilərə bir, məhkəməyə başqa məzmunda”.
Beləliklə, Ə.Əhmədov "havada qalmağı” tərcih edib. Komitənin saytında olan 03 dekabr 2013-cü il tarixdə keçirilmiş 744-cü pul hərracında səhmləri satılmış səhmdar cəmiyyəti haqqında məlumatda deyilir ki, Sabunçu qəsəbəsi, Xəstəxanayanı küçəsi, 37 ünvanında yerləşən "Sabunçu İstehsalat Xidməti Bazası” ASC-nin nizamnamə kapitalının həcmi 1 389 302 manat, buraxılmış səhmlərin ümumi sayı 2 778 604 ədəd, bir səhmin nominal qiyməti 0.50 manatdır. Satışa çıxarılmış səhmlərin sayı 833 817 ədəd, nizamnamə kapitalında payı 30,01%, səhmlərin nominal dəyəri 416 908.50 manat, ilkin hərrac (satış) qiyməti 208 454.25 manat, satış qiyməti 208 454.25 manat olub. Yəni, filmlərdə gördüyümüz hərraclardakı kimi interaktiv proses keçməyib, 30% elə ilkin qiymətinə də nazir qardaşının adına sənədləşdirilib. Adamın səhmlərinin üçdə birinə rəsmi şəkildə 208 min manat xərclədiyi bəlli olur. Ümumilikdə müəssisəni almağa sərf etdiyi pul yarım milyon manat civarında, müəssisənin dəyəri isə ondan iki dəfə yuxarıdır. Amma, sadəcə kağız parçası ilə kifayətlənib müəssisənin istifadəsində olan torpaqdan öz xoşuna imtina etməklə qeyri-adekvat davranış sərgiləyirlər. Torpağa marağı yoxdursa, o səhmləri niyə alıb, ləğv edib dövriyyədən çıxartmaq üçünmü? Torpaqdan imtina ASC-nin ləğvinə gətirən prosesdir. Özəlləşdirməkdən də, icarədən də imtina edilirsə, onda o müəssisəni pul verib almağın nə anlamı var? Əslində müəssisənin torpağından öz xeyirlərinə "imtina edirlər”. Rəsmi açıqlanmır, amma araşdırılsa, torpağın qohum-əqrabasında olduğu üzə çıxacaq.
C.İsmayılov deyir ki, bu ilin fevralın 19-da guya iclas keçirdikləri barədə saxta protokol tərtib ediblər, həmin məsələni də ora salıblar, halbuki belə bir iclas yerli-dibli olmayıb, çünki heç kimə bildiriş göndərməyiblər. Qanuni qüvvəsi olmayan, "protokol” adlandırdıqları kağız parçasını səhmdarlara göstərmirlər. Gah da deyirlər ki, guya torpaqdan imtinanı bölünmədən əvvəl ediblər. O zaman bölünməyə nə ehtiyac vardı? İclasda nəyi bölürdülər və olmayan əmlakı niyə və necə bölürdülər? Onlar 30 iyun iclasının qərarını artıq dövlət qurumları tərəfindən qəbul edilmiş sayıb, tikililəri dağıdıblar, yerində əhmədovların "TEMA” tikinti şirkəti 17 ədəd hündürmərtəbəli bina tikməyi planlaşdırır. Amma tələsdikləri bəllidir, çünki VN-nin qeydiyyatdan imtina edəcəyinə inanmırdılar.
14 618 kv/m. torpağı 99 min manata "aradan çıxardıblar”
Hərracların Təşkili üzrə Auksion Mərkəzinin saytında 26 yanvar 2016-cı il tarixdə Bakı şəhəri üzrə keçirilmiş hərracda satılmış obyektin yerləşdiyi torpaq sahəsinin siyahısı cəmi bir obyekt üzrə məlumatdan ibarətdir: "Sabunçu qəsəbəsi, Xəstəxanayanı küçəsi, 37, mülkiyyət hüququnun təsdiq edilməsinə dair sənədinin №-si və tarixi (Reyestrdən çıxarış № 1114065074; 12.07.14); torpaq sahəsi 14 618,2 kv/m; start qiyməti 99 404 manat; satış qiyməti 99 404 manat; sərəncamın №-si və tarixi 63 25.12.15”. Bəli, bu, bizim haqqında danışdığımız müəssisənin torpağıdır, səhmdarlarından xəbərsiz satışa çıxarıb, elə ilkin təklif olunan qiymətinə də satıblar. Yalandan da olsa qiymət dəyişməyiblər. Bu hərracın da rəqabətsiz olduğu bəllidir. Kimsə qiymət artırmayıb, yarış getməyib, sadəcə torpağı ucuz qiymətə başqasının adına rəsmiləşdiriblər və kv/m.-i 6,80 manatdan satılıb. Müəssisədən geridə qalanlara baxış keçirəndə məlum oldu ki, yalnız birmərtəbəli kiçik anbara bənzər tikilini sökməyiblər, 402 səhmdara saxladıqları da elə bu tikilidir. Amma kim müəyyənləşdirib ki, kiçik ortaqların səhmlərinə düşən hissə o anbardadır, müəssisənin mərkəzində yox? 14 618,2 kv/m.-i satıblar, yerdə özəlləşdirilməmiş 928,8 kv/m. sahə qalıb. Əslində ədalətli bölgüyə qalsa, digər səhmdarların payı 2 720 kv/m. idi, yəni "bölünmə balansı” da yanlışdır. Bizim hesablamalardan sonra "ağ elədiklərini” görüb torpağın üzərinə əlavə ediblər. 15 547 kv/m.-in Ə.Əhmədovun payına düşən 82,4686%-i 12 821 kv/m.-dir, amma adam burada da, yumşaq ifadə etsək, ədalətsizliyindən əl çəkmir, səhmdarlara məxsus 2 726 kv/m.-in 1 797.2 kv/m.-ni də beləcə özününküləşdirib, Komitənin "əli ilə” satdırıb. Komitədə havayı maaş alanlar da torpağı satışa çıxaranda oturub hesablamayıblar ki, "protokolda” olan 82,4686% səhm sahibinin nə qədər sahəyə sərəncam vermək hüququ var. Torpağın minoritar səhmdarlardan gizlin satıldığı ortadadır.
Gündəlikdə olmayan məsələ üzrə "qərar” qəbul edilib
Mülki Məcəllənin 107-5, "Səhmdarların ümumi yığıncağının qərarı” maddəsinin 107-5.2. bəndində birmənalı göstərilir ki, səhmdarların ümumi yığıncağının gündəliyinə daxil edilməmiş məsələlər üzrə qərar qəbul edə bilməz. Ortaya bir elan çıxartsınlar ki, səhmdarların ümumi yığıncağının gündəliyində torpağın icarə və ya özəlləşməsindən imtina məsələsi var. Çıxara bilməzlər, çünki heç vaxt belə bir elan olmayıb. Komitədə torpağı hərraca çıxartmadan əvvəl torpaqdan imtina məsələsinin müzakirə olunduğu iclasın (əgər belə bir iclas varsa) elanını, sonra protokol tələb etməli idilər.
C.İsmayılov deyir ki, torpağın özəlləşdirilməsini sonradan icad ediblər, əslində torpaq cəmiyyətlə birgə səhmdarlarına satılmalıydı: "Torpağın özəlləşdirilməsinə dair Komitəyə sorğu verəcəm, icarə və özəlləşdirilməsindən imtina protokolunu istəyəcəm. Bu biri tərəf sənədləri vermir. Torpaq iclasın qərarı ilə satışa çıxarılmalıydı. Əvvəla, səhmdar üçün həmin sənədlər kommersiya sirri sayılmır. İkincisi də, əgər o protokolu biz təsdiqləmişiksə, niyə onu bizdən gizlədirlər? İmtina üçün səbəbləri var, amma heç bir əsasları yoxdur. Biz onu qanuni sənəd kimi qəbul etmirik. Torpağın özəlləşdirilməsinə dair hərracın ləğvi ilə bağlı da məhkəməyə müraciət edəcəyik, çünki o hərrac qanunsuz keçirilib, saxta imzalanmış protokol əsasında bunu ediblər. Torpağın özəlləşdirilməsi ilə bağlı Əmlak Komitəsinə sorğu göndərəcəm, qoy onu necə özəlləşdirdikləri haqda səhmdara izahat versinlər. Sənədləri verdilər-vermədilər, məhkəməyə müraciət edəcəyik. Versələr sənədlə məhkəməyə gedəcəyik ki, bu, saxtadır. Verməsələr, deyəcəyik "müraciət etmişik, sənəd vermirlər, çünki sənəd saxtadır””.
ƏMDK yanvarın 9-dan aprelin 9-na qədər nə hiylə qurub?
Komitənin saytında "Mülkiyyət” qəzetinin bu ilin yanvar ayının 9-dan aprel ayının 9-na qədər hər yerdə üst tarixi fərqli olsa da linki açdığınızda 9 aprel nömrəsidir. Tam 13 nömrə öz sayı ilə qeyd olunsa da içərisindəki materiallar söylədiyimiz tarixə məxsusdur. Bu, sıradan səhv ola bilməz, görünür nömrələrdən birində ya "Sabunçu İXB” ilə bağlı hərracı gizlətmək üçün bu yola əl atıblar, ya da müəssisələrin istifadəsində olan torpaqların kütləvi satışı aparılıb ki, 3 ay boyunca belə fənddən istifadə edilib. Keçən il "Cənub Mehmanxanası” ASC ilə də bağlı oxşar hiylə eləmişdilər. Müəssisənin torpağını kiçik ortaqlarından gizli hərraca çıxarıb, elanda ştrixlərdən istifadə olunmaqla oxunmaması üçün əllərindən gələni eləmişdilər. Bu hiyləni ortaya çıxartdıq, amma torpaq artıq başqalarının əlinə keçmişdi…
Qarşı tərəfin fikirlərinə yer verməyə hazırıq!
teref.az