Nuranə Mirzəyevanın inklüziv təhsil monopoliyası

3-06-2016, 09:07           

170 saylı məktəbdə direktor “evdə təhsil” proqramına yalnız özü seçdiyi uşaqları daxil edir

Bakının Sabunçu rayonunda yerləşən 170 saylı orta məktəbdə yaşanan özbaşınalıqlara dair bizimdovr.az-a yeni məlumatlar daxil olmaqda davam edir. Bu mövzuda dərc etdiyimiz son materialda biz məktəbin direktoru Nuranə Mirzəyeva tərəfindən müəllimlərin etiraz aksiyalarına təhrik olunmalarından bəhs etmişdik. Belə ki, aldığımız məlumatlara görə, direktor bu günlərdə “evdə təhsil” proqramının icrasına bu və ya digər formada cəlb olunmuş müəllimləri başına toplayaraq, onlardan özünün müdafiəsi məqsədilə Prezident Administrasiyasının binası qarşısında aksiya keçirmələrini tələb etmişdir. Bu tələbin qeyri-qanuni olduğunu söyləyən müəllimlərə isə, Nuranə Mirzəyeva belə cavab vermişdi ki, siz bu məktəbdən, mənim əlimdən çörək yeyirsiniz. Deməli, məni sona kimi müdafiə etməlisiniz.

Amma yeni aldığımız məlumatlardan belə qənaətə gəlmək olur ki, heç də bütün müəllimlər bu “çörəkdən” çox məmnun deyillər. Məsələn, artıq qeyd olunduğu kimi, Nərimanov rayonunda yerləşən 207 saylı məktəbin müəlliməsi Mürsəliyeva Lətafət xanımın adına 170 saylı məktəbdə bir nəfər 1-ci sinif şagirdinə dərs deməsi yazılır. Amma əslində həmin dərsi bu məktəbin müəlliməsi Kəmalə xanım keçir. Mənbə bildirir ki, mətbuatda adının çəkilməsindən narahat olan Lətafət müəllimə bu günlərdə 170 saylı məktəbə gələrək, direktora öz etirazlarını sərt şəkildə bildirmişdir. Nuranə Mirzəyeva isə, müəlliməni sakitləşdirmək üçün bəyan etmişdir ki, artıq bütün problemləri həll edib və yaxın günlərdə bu mövzuda bütün yazılar “silinəcək” (yeri gəlmişkən, bu prosesin necə baş verəcəyi bizə də çox maraqlıdır)...

Digər tərəfdən də, son daxil olan açıqlamalarda Nuranə Mirzəyevanın 170 saylı məktəbdə əsil inklüziv təhsil (sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlb olunması proqramı) monopoliyası yaratmasına dair yeni dəlillər təqdim edilir. Bir daha xatırladaq ki, hazırda 170 saylı məktəbdə tətbiq olunan maxinasiyaların böyük əksəriyyəti məhz “evdə təhsil” proqramının icrası ilə bağlıdır. Artıq qeyd olunduğu kimi, bu gün “evdə təhsil” proqramı üzrə məktəbin 300-dən artıq şagirdinin təhsil aldığı rəsmi sənədlərdə qeydə alınıb. Onlara dərs deyən müəllimlərin sayı isə, 50 nəfərdən artıqdır. Mənbələrin iddiasına görə, müəllimlər hər bir “xəstə” şagirdə görə, Nuranə Mirzəyevaya ilkin olaraq 1200 manat, sonradan isə, hər ay 50 manat pul ödəyirlər. Uşaqlara xəstəlik barədə arayışın verilməsini isə, Sabunçu rayonu 12 saylı şəhər poliklinikasının uşaq şöbəsində işləyən həkim-nevropatoloq Aliyə xanım təmin edir. Yeni açıqlamalarda vurğulanır ki, 170 saylı məktəbin bəzi müəllimləri, növbəti tədris ilində “evdə təhsil” proqramına daxil edilmələri üçün bir neçə uşağın sənədlərini direktora təqdim ediblər. Lakin Nuranə Mirzəyeva buna qəti etirazını bildirib. Bu barədə aldığımız məlumatda deyilir: “Direktor qəti olaraq bəyan etdi ki, bu proqrama yalnız onun seçdiyi uşaqlar daxil ediləcəklər. Bu uşaqların hər birinə görə isə, bizdən 1200 manat pul tələb edir. Həm də bəyan edir ki, bu məbləğdə Təhsil Nazirliyinin xəstə uşaqlarla iş sektorunun müdiri Bəhruz müəllimin və 12 saylı şəhər poliklinikasının uşaq şöbəsinin həkimi Aliyə xanımın da payları var. Həm də Nuranə xanım məktəbdə olmuş komissiyanı “yola salmaq” üçün xeyli miqdarda pul xərclədiyini bəhanə gətirərək, indi həmin xərcləri qarşılamağı bizdən tələb edir. Çox maraqlıdır ki, məktəbə yeni gələndə bir çöpü belə olmayan direktor, indi qızıl və brilyant əşyalarını nümayiş etdirməkdən və hər şeyi pulla həll etdiyini tez-tez təkrarlamaqdan xüsusi zövq alır...”

Qarşı tərəfin də mövqeini işıqlandırmağa hazırıq.

//bizimdovr.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.