Saxta “Aqua Life” - Qax suları meydan sulayır - Diqqət!
7-06-2016, 12:06
Dünən redaksiyamıza Bakıda yaşayan Qax rayon sakini Nadir Gülverdiyev müraciət edərək, üzərinə “Aqua Life”-Qax etiketi yapışdırılmış 2 litrlik suların keyfiyyətsiz olması barədə məlumat verdi, həmin suyun bir nümunəsini təqdim etdi… Standartdan uzaq təsiri bağışlayan butulkanın üzərində elektron möhür (rəqəmli kod) yazılsa da ortaya maraqlı suallar çıxdı.
Şikayətçi Qaxdan olduğundan tez-tez rayona getdiyini və rayonun Qaxbaşı kəndində (etiketdə suyun bu kənddə zühur etdiyi yazılıb) doldurulduğu bildirilən bu suların istehsalı ilə məşğul olan müəssisəni görmədiyini bildirdi: “Bəlkə də, nə vaxtsa olub, ancaq indi bu sexin fəaliyyəti görünmür. İçilən suyun dadından da görünür ki, bu, bulaq suyu deyil. Xahiş edirəm bu barədə bir araşdırma aparasınız”.
Məsələ bizi xeyli maraqlandırdı. Çünki isti aylarda hamının mineral sulara ehtiyacı olur. Qaldı suyun tərkibinin bulaq suyu olmamasına, biz burada şikayətçi ilə razılaşmaq zorundayıq. Çünki necə deyərlər, başına gələn başmaqçı olar. Biz bir necə il bundan əvvəl belə bir müraciət əsasında “Aqua Vita” sularının araşdırmasını aparmışdıq. Məlum olmuşdu ki, bulaq suyu adı ilə (20 litrlik) satılan bu sular NZS-də yanğınsöndürən maşınların su anbarından doldurulur. Biz anbardan suyun necə götürülməsini, elə anbarın yanındaca quraşdırılmış sexdə 10-20 litirlik qablara necə qablaşdırılmasını, xüsusi maşınlarla şəhərin mağaza və restoranlarına necə paylanmasını foto və videolentin yaddaşına köçürdük və bu barədə qəzetdə böyük bir yazı verdik. Yazıdan sonra aidiyyəti qurumlar məsələ ilə ciddi maraqlandılar və yazımızın doğruluğu sübut olundu. Saxta sular istehsal edənlərin sexləri bağlandı və özləri də… O söz!
Bu səbəbdən “Aqua Life”-Qax sularının saxta olması deyiləndə təbii ki, inanmasaq da, düzgünlüyünə tam əmin də deyildik. Odur ki, yenə kiçik bir araşdırma apardıq. İstədik əvvəlcə şirkətin rəhbərliyi ilə əlaqə saxlayıb, bu suların haradan götürülməsi və istehsalı ilə yaxından tanış olaq. Bu məqsədlə “Aqua Life” suyunun üzərindəki etiketdə göstərilmiş sayta daxil olduq. Çox təəssüf ki, bu saytda, şirkətin 2004-cü ildə yaranmasından, Qafqaz sıra dağlarından suyun alınmasından, istehsal müəssisəsinin yerləşdiyi ərazinin şirkətə məxsus olmasından başqa demək olar heç bir məlumat yox idi… Əlaqə bölümünə girib, göstərilən şəhər telefonlarına zəng etdik. Ünvanı Bakı şəhəri, Biləcəri qəsəbəsi, Biləcəri şossesi-2 göstərilən baş ofisin 497-00-98 saylı telefonuna zəng etdik. Telefona cavab verən şəxs bildirdi ki, «Bura evdir və neçə illərdir onların xidmətindədir». Göstərilən ikinci nömrə 497-18-20 saylı telefona cavab verən robot isə məlumat verdi ki, belə bir nömrə mövcud deyil.
Əlacsız qalıb etiketin üstündə göstərilmiş Qaxbaşı kəndində olduğu bildirilən sexin nömrəsinə zəng etdik. Maraqlıdır ki, etiketin üstündə nömrə belə göstərilib: (+994) 114-4-29-81. Biz bu nömrəyə mobil telefonla nə qədər zəng vursaq da, zəng getmədi, hətta göstərilən nömrənin əvvəlinə “0”- da əlavə etdik, yenə xeyri olmadı. Məcbur olub Qaxdakı dostlarımızdan rayonun kodunu öyrəndik. Məlum oldu ki, etiketdə göstərilən kodun Qaxa ümumiyyətlə, dəxli yoxdur. Odur ki, bizə verilən (02-425) kodu ilə Qaxdakı 4-29-81 saylı nömrəyə zəng vurduq, bu dəfə zəng gedirdi, lakin zəngə cavab verən tapılmırdı. Dəfələrlə həmin nömrəyə zəng etsək də, dəstəyi qaldıran olmadı.
Belə olan surətdə yenə Qaxdan olan dostlarımıza müraciət edib kömək istədik. Bir müddətdən sonra bizə şirkət rəhbərinin qardaşı olduğu bildirilən Füzuli ajdlı şəxsin mobil telefon nömrəsini verdilər. Zəng etdiyimiz həmin mobil telefon nömrəsindən cavab verən şəxslə salamlaşandan sonra, məlum oldu ki, bu, Füzuli yox, 2 il əvvəl həmin şirkətdən ayrılmış Eyyub adlı şəxsdir. İsrarlı xahişlərimizə baxmayaraq, Eyyub müəllim bizə nə şirkət rəhbərliyindən kimsənin mobil telefonunu, nə də ofisin şəhər nömrələrini, ünvanını vermədi. Sadəcə olaraq bildirdi ki, Füzuli tez-tez telefon nömrələrini dəyişir, ona görə də yeni nömrələrini bilmir.
Elə əvvəlkiləri də vermək istəmədi.
Bu səbəbdən şirkət rəhbərliyi ilə görüşərək, “Aqua Life”-Qax sularının necə istehsal edilməsi, suyun haradan götürülməsi və necə qablaşdırılması ilə bağlı şübhələrimizə son qoya bilmədik. Onda bizdə belə bir qənaət hasil oldu ki, həmin sular Bakıda ya hansısa anbardan, ya da su xəttindən doldurulur. Özlərini bu qədər gizli saxlayan, istehlakçılardan gizlənən şirkət rəhbərliyi barədə bizim bundan artıq qənaətimiz ola da bilməz. Təsəvvür edin, sayt göstərirlər, amma saytda istehsal barədə heç bir məlumat yoxdur, əlaqə nömrəsi göstərirlər, o nömrələr mövcud deyil. Bu, nə deməkdir? Bütün bunları belə görəndən sonra hansı adam bu suların keyfiyyətinə inanar? Biz nə bilək “Aqua Life”-Qax suları Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin qazlı sular üçün müəyyən etdiyi AZS 009-94 standartlarına uyğundur, ya yox!? Biz necə arxayın olaq ki, bu suların tərkibindəki bağırsaq çöpləri və toksiki elementlər normadan artıq deyil?
Göründüyü kimi, suallar və şübhələr çoxdur, ancaq bu şirkət gizli fəaliyyət göstərdiyindən suallarımıza cavab verən, şühbələrimizə isə aydınlıq gətirən olmadı.
Bununla belə, yazıdan sonra şirkət rəhbərliyi və ya onların rəsmi nümayəndələri ortaya çıxarlarsa, onların da münasibətlərini öyrənib, dərc etməyə hazırıq. Əməkdaşımız isə artıq Qaxa, məlum suyun etiketində göstərilən Qaxbaşı kəndinə ezam olundu… Daha ətraflı yazını tezliklə təqdim edəcəyik.\\tezadlar.az\\