Baytarlığın işçisi deputatın adından necə faydalanır - İDDİA

7-06-2016, 12:12           

Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) Şirvan şəhər Baytarlıq İdarəsində vəziyyət tamamilə nəzarətdən çıxıb. Belə ki, bir neçə ay öncə idarəyə rəis təyin edilmiş Oqtay Xəlilovun yarıtmaz fəaliyyəti bir sıra problemlərin yaranmasına gətirib çıxarıb. Gundelik-baku.com olaraq bu barədə məlumat vermiş və rəisin Şirvanda baytarlıq nəzarətini istənilən səviyyədə təşkil edə bilməməsini vurğulamışdıq. Dərin təəssüf hissi ilə bildirmək istəyirik ki, yazılanlarla bağlı nə nazir Heydər Əsədov bir tədbir gördü, nə də xidmətin rəisi vəzifəsini müvəqqəti icra edən Azər Süleymanov. Cəzasızlıqdan maksimum şəkildə istifadə edən idarə rəhbəri Şirvan Baytarlıq İdarəsində öz bildiyini edir. Sakinlərin bildirdiyinə görə, bu adamın qılıncının arxası də kəsir, qabağı da: «Baytarlıq idarəsinin işçiləri son üç aydır ki, maaş ala bilmirlər. Deyilənə görə, idarə rəhbəri işçilərin maaşı ilə şəxsi problemlərini həll edir. Ondan maaş tələb edən işçilərə isə «bir az səbrli olun, hər şey düzələcək» deməklə başından edir. Dövlət büdcəsindən maliyyələşən bir qurumda maaş böhranının yaşanması sadəcə dəhşətdir. Oqtay müəllim bu hərəkəti ilə qanunlara əməlli-başlı meydan oxuyur. Bunun başqa adı yoxdur». Məlumatlı mənbə deyir ki, Şirvan Baytarlıq İdarəsinə rəis keçdikdən sonra bu adamın işi ancaq pul yığmaqdan, ət dükanlarının sahiblərini sıxma-boğmaya salmaqdan ibarətdir: «Onun göstərişi əsasında idarənin işçiləri hər gün səhər saatlarında ət kəsimi məntəqələrinin qarşısına toplaşırlar. Hansı ət dükanının sahibi pul vermək istəmirsə, onun heyvan kəsməsinə icazə verilmir. Hazırda Şirvanda baytarlıq sahəsi iflic vəziyyətdədir. Problemlərin sayı-hesabı bilinmir. İdarə rəisi onun özbaşına əməllərinə etiraz edənləri Sabirabadın deputatı Elçin Quliyevlə hədələyir. Oqtay Xəlilov hər yerdə deyir ki, arxamda Elçin müəllim dayanıb. O deputatın adından sui-istifadə edərək törətdiyi qanunsuz işləri ört-basdır etməyə çalışır». Biz Sabirabad rayonunun hörmətli deputatı Elçin Quliyevdən soruşmaq istəyirik ki, Oqtay Xəlilovu həqiqətənmi o himayə edir. Hörmətli millət vəkili mütləq bu məsələyə bir münasibət bildirməlidir. İnanırıq ki, nazir Heydər Əsədov və xidmətin rəisi vəzifəsini müvəqqəti icra edən Azər Süleymanov idarə rəisinin barəsində tezliklə ölçü götürəcəklər. Qarşı tərəfi də dinləyə bilərik.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.