Qanunsuz torpaq zəbtləri icra başçılarına başağrısı yaradıb - Kimlər narahatdır?
8-06-2016, 11:37
Əmlak Məsələləri Dövlət Komitəsinin torpaq müfəttişlərinin Bakının rayonlarında dövlət mülkiyyətində olan torpaqlarda aparılan qanunsuz tikililərlə bağlı reydləri müvafiq rayonların icra başçılarını ciddi şəkildə narahat etməyə başlayıb.
Ötən günlərdə Binəqədi rayonunun Xəzər dənizinin 20-50 metrlik mühafizə zolağına düşən torpaq sahələrində reydlər keçirən Komitə əməkdaşlarının xeyli tikintini sökdürməsi adıçəkilən rayonun icra başçısını da problemlə üz-üzə qoyub.
Məlumata görə, reyd zamanı Xəzər dənizinin dövlət mülkiyyətində saxlanılan sahilboyu mühafizə zolağından qanunsuz olaraq torpaq sahələrinin ayrılması halları aşkar olunub. Bu hallar torpaq qanunvericiliyinin ciddi şəkildə pozulmasına səbəb olmaqla yanaşı, vətəndaşların Xəzər sahilində istirahət hüququnu da məhdudlaşdırır.
"Reytinq” qəzetinin yazdığına görə, Binəqədinin inzibati ərazisinə daxil olan Goradil bağlar massivi və dənizə yaxın digər ərazilərdə aparılan reydlər zamanı yüksək vəzifə sahiblərinə məxsus 10-larla villa sökülüb. Bundan əlavə, rayon icra hakimiyyətinin memarlıq şöbəsinin konkret rüşvət alaraq tikintisinə icazə verdiyi xeyli tikili də söküntüyə məruz qalıb: "Amma Komitə bununla kifayətlənməyərək, yerli bələdiyyə və icra nümayənədliklərinə qarşı inzibati qaydada məsələlər qaldırıb. Bütün bunlar isə Binəqədinin icra başçısı Xaləddin İsgəndərovu yeni problemlərlə üzləşdirmək deməkdir".
Məlumatda bildirilir ki, Komitə rəhbərliyinin bu reydləri təkcə Binəqədinin icra başçısının hədəfə gətirmir. Bu sırda Xəzər rayonunun icra başçısı Gülağa İslamovla Sabunçunun icra başçısı Adil Vəliyevin də adlarını ön sırada çəkmək mümkündür. Çünki hər iki rayonda elə qəsəbələr var ki, dənizə bir metrlik giriş belə qoyulmayıb, ayrı-ayrı fiziki şəxslərə satıblar. Bu isə həm də həmin rayonların icra başçılarından şikayətlərin artması deməkdir ki, bunu da prezident İlham Əliyev məqbul saymır. Bunu da icra başçıları bildiyindən maksimum səylə çallışırlar ki, rayonda narazılıq böyüməsin, şikayətlər olmasın. Ancaq görünən odur ki, Kərəm Həsənov reydləri artırdıqca, icra başçıları sökülən obyekt və villa sahiblərinin təzyiqini qarşılamaq gücündə olmayacaqlar. Belə olduqda isə, həmin icra başçılarına Przeident Administrasiyasının hədəfindən yayınmaq çətin olacaq.