İki icra başçısı və polis rəisi pul vermədiyi üçün qaçqının evini başına uçurdular-BEYLƏQANDA
15-06-2016, 17:34
Füzuli sakini Zamin Qurbanov 23 il yaşadığı ərazidə özünə iki otaqlı ev tikmək istəyib, rayon polisi onu saxlayıb, məcburi köçkünlər etiraz aksiyası keçirirlər
Beyləqan rayonunda skandal yaşanıb. Bu barədə JAM.AZ-a hadisə yerində olan əməkdaşımız məlumat verib.
Məlumatda deyilir ki, Füzuli rayonunun Qərvənd kəndindən olan Zamin Rəşid oğlu Qurbanov SMD 42 deyilən ərazidə 23 ildir torpaq evdə yaşayır. Və indiyə qədər ona kimsə bir söz deməyib. Lakin dünəndən əlinə düşmüş kiçik imkandan istifadə edərək, ailə və uşağını 20 ildən artıqdır torpaq üzərində böyüdən Füzuli qaçqını bir mərtəbəli və iki otaqlı ev tikmək istəyib. Amma Beyləqanın icra başçısı Vaqif Abdullayev, Füzulinin icra başçısı Alı Alıyev, habelə Beyləqan polisinin rəisi Vaqif Şıxəliyev əraziyə gələrək, Zamin Qurbanovun ev tikməsinə imkan verməyiblər. Bu azmış kimi, özünü Polis Şöbəsinə aparıb, tikilini isə uçurublar.
JAM.AZ-ın əməkdaşının verdiyi məlumatda deyilir ki, ilk olaraq əraziyə Beyləqan polis rəisinin müavini Taleh Hüseynov gəlib. O, Zamin Qurbanovdan “şirinlik” istəyib. Alınmadıqda isə rəisinə məlumat verib. Qısa müddətdən sonra isə əraziyə polis gətirlib.
Qeyd edək ki, polis tikintini dayandırmasını belə əsaslandırıb ki, Zamin Qurbanovun ev tikdiyi ərazi keçmiş Təmir Tikinti ASC-nin mülkiyyətindədir. Lakin JAM.AZ-ın araşdırması nəticəsində məlum olub ki, qeyd olunan ərazi xüsusi mülkiyyət deyil. Yəni, polisin bəhanəsi yalandan başqa bir şey deyil.
Bu hadisədən dərhal sonar Beyləqanın icra başçısı Vaqif Abdullayev və Füzulinin icra başçısı Alı Alıyev də prosesə qoşulublar. Onlar tikinti işlərinin aparılmasını “qanunsuz” elan edərək, Zamin Qurbanovun polis tərəfindən saxlanılması barədə göstəriş veriblər. Həmçinin Əmlak Məsələləri Dövlət Komitəsinin 6 saylı şöbəsinin rəsmilər də ortada pul olmadığı üçün tikintinin dayandırılmasını tələb etəyə başlayıblar.
JAM.AZ-ın əməkdaşının verdiyi məlumata görə, məsələdən xəbər tutat və Beyləqan rayonu ərazisində yaşayan məcburi köçkünlər etiraza başlayıblar. Onlar mərkəzi küçənin bağlayaraq, Zamin Qurbanova qarşı ədalətsizliyə son qoyulmasını tələb edirlər.
Məsələni diqqət mərkəzində saxlyacağıq.