“Azərpoçt” MMC poçt şöbələrini arendaya verib: Valyutadəyişmə məntəqələri açırlar…
16-06-2016, 21:04
1 saylı filialın 10 saylı şöbəsindəki valyutadəyişmə məntəqəsi kimindir?
“Azərpoçt” MMC-nin baş direktoru vəzifəsini müvəqqəti icra edən Sübhan Kazımov poçt filiallarını öz əmlakı kimi idarə edir. Bizimxeber.az-a daxil olan məlumata görə, 1 saylı filialın 10 saylı şöbəsi arendaya verilib.
Məlumatı dəqiqləşdirmək üçün sözügedən ünvana baş çəkdik. Olduqca balaca olan 10 saylı şöbədə toz-duman göz çıxarırdı. Öyrəndik ki, bu şöbənin təxminən 9 kv-lıq hissəsi valyutadəyişmə məntəqəsi kimi arendaya verilib və təmir işləri aparılır. Maralıdır ki, valyutadəyişmə məntəqəsi kimi istifadə olunacaq yer dövlət balansında olan bir poçt şöbəsinə məxsusdur. Burada necə valyutadəyişmə məntəqəsi yaratmaq olar? Bunu kimlər arendaya verib? Qanunla tənzimlənirmi? Onsuz da balaca olan bu şöbədə insanlar rahatlıq tapa bilmir. Buranı bir qədər də balacalaşdılrmaq nə deməkdir?
Araşdırmalarımız nəticəsində bəlli oldu ki, valyutadəyişmə məntəqəsi nazir Ramin Quluzadənin yaxın dostu tərəfindən açılır.
Məlumat üçün bildirək ki, qalmaqallı Eldar Mahmudov olayı rabitə və yüksək yexnologiyalar naziri Əli Abbasovun vəzifəsini itirməsi ilə nəticələndi. Bir neçə yüksək çinli məmur həbs olundu, onlarla şəxs vəzifəsini itirdi. Həbs olunan arasında “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayev var idi. Bir neçə aylıq fasilədən sonra Ramin Quluzadə rabitə və yüksək texnologiyalar naziri təyin olundu. Daha sonra isə “Azərpoçt” MMC-nin baş direktoru vəzifəsi müvəqqəti olaraq Sübhan Kazımova həvalə edildi. Hazırda S.Kazımov Baş direktor vəzifəsini müvəqqəti icra edir.