BQXK İrəvanda azərbaycanlı əsirlə görüşə bilmədi - "Hələ heç bir xəbər yoxdur"
14-07-2023, 19:34

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələrinin iyul ayının 13-də Ermənistanda əsir saxlanılan Azərbaycan Ordusunun əsgəri Hüseyn Axundovla gözlənilən görüşü baş tutmayıb.
TEREF.AZ bildirir ki, bunu Cebhe.info-ya hərbçinin anası Şəlalə Axundova deyib.
Şəlalə Axundova bu gün BQXK ilə əlaqə saxladığını, amma onların oğlu ilə nə zaman görüşəcəklərindən xəbərsiz olduğunu bildirib:
“Deyirlər ki, Ermənistan nə vaxt icazə versə, onda görüşəcəyik. Hələ heç bir xəbər yoxdur. Ancaq televizorun qarşısında oturmuşuq, xəbərləri izləyirik ki, görüm nə məlumat eşidirəm”.
O bildirib ki, bir neçə aydır oğlu Hüseyn Axundovla yalnız məktublaş vasitəsilə əlaqə saxlayıb. Şəlalə Axundova oğlu ilə telefonla danışmaq istədiyini dilə gətirib.
Xatırladaq ki, Azərbaycan Ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu aprelin 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər. Onların yolu azaraq Ermənistan ərazisinə keçdiyi məlum olub. Hər iki əsgər Ermənistanda əsir götürülüb və onlara qarşı saxta ittihamlarla cinayət işi açılıb.