İcra başçısı Ağdam çay evini kimə və neçəyə tikdirib?
19-05-2015, 15:48
Bu yaxınlarda ölkə mətbuatında Ağdam rayonu Quzanlı qəsəbəsində “Ağdam çay evi”nin açılması ilə bağlı xeyli sayda xəbər getdi. Həmin xəbərlərdə qeyd olunurdu ki, Ağdam çay evini rayon icra hakimiyyətinin köməkliyi ilə hansısa bir iş adamı tikib.
Məsələ ilə bağlı AzFakt.com-u məlumatlandıran mənbə bildirir ki, “Ağdam Çay” evini icra başçısı Raqub Məmmədovun göstərişi ilə rayon Suvarma Sistemləri İdarəsinin müdiri Hafiz Əzimzadə tərəfindən tikdirib. Adı çəkilən çay evinin tikintisi idarə müdirinə 120 min manata başa gəlib. “Ağdam Çay” evinin açılışı zamanı tikilinin iş adamı Nizami Quliyev tərəfindən aparıldığı qeyd olunub.
Mənbəmiz bildirir ki, Nizami Quliyev idarə müdiri Hafiz Əzimzadənin dayısıdr və çay evinin açılışı zamanı onun adı formal olaraq iş adamı kimi çəkilib. Çünki həmin çay evi və rayon avtovağzalı Hafiz Əzimzadənin dayısının adına keçirilib. İdarə müdiri bir neçə ildir ki, rayon avtovağzalını özəlləşdirib və indi də icra başçısının göstərişi ilə təmir edib.
Maraqlı məsələ ondadır ki, Ağdamın icra başçısı Raqub Məmmədov şəxsi obyektlərin tikintisini icra hakimiyyətinin zəfəri kimi qeyd edir. Rayondakı qaynağımız iddia edir ki, Raqub Məmmədov icra başçısı təyinatından sonra rayonun abadlaşdırılması üçün ayrılan bir neçə milyon manat vəsaitin cəmi 20 faizini “xərcləyib”. Çünki görülən bütün işlərin xərcini müxtəlif idarə və təşkilat rəhbərləri həyata keçirib.
Qeyd edək ki, icra başçısı Raqub Məmmədovun Ağdam Təhsil Şöbəsinə kimi təyin edəcəyi və məmurların boynuna qoyduğu abadlaşdırma işi ilə bağlı növbəti yazımızda daha ətraflı məlumat verəcəyik.