Nazir attestat alverini durdura bilmir? - İTTİHAM VAR

18-07-2016, 11:20           
Nazir attestat alverini durdura bilmir? - İTTİHAM VAR
Orta məktəblərin bir qismində bəzi neqativ hallar, müxtəlif səpkili xoşagəlməz olayların yaşanması haqda mütəmadi olaraq məlumatlar veririk. Təhsil Nazirliyinin qərar və göstərişlərinə rəğmən, hələ də bəzi orta məktəb direktorları bu və digər yollarla, müxtəlif bəhanələrə əl ataraq şagirdləri, onların valideynlərini əlavə xərcə salırlar. Şagirdlər yay tətilinə yollansa da, məktəb direktorlarının alış-verişi davam edir. Belə ki, hazırda attestatların verilməsi prosesi gedir. Amma bəzi təhsil müəssisələrində direktorlar bunun qarşılığında məzunlardan nəysə umurlar. Sumqayıt şəhəri 35 nömrəli orta məktəbdə də vəziyyət biabırçı həddədir. Bu barədə gundelik-baku.com-a şəhərdəki mənbələrdən məlumat daxil olub. İlk öncə isə vurğulamaq istəyirik ki, bu məktəb 1988-ci ildə fəaliyyətə başlayıb. Məktəb 1 növbəlidir. Məktəb layihə üzrə 1296 yerlikdir. Bizə çatan bilgilərə görə, direktor Nüşabə Seyfullayevanın özünəxas «iş prinsipi» var: «Belə ki, direktor bütün bayramlarda- 8 Martda, Novruz və Yeni il bayramlarında, şagirdlərdən «könüllülük» prinsipi adı altında məcburi qaydada pul yığdırır. Kim direktorun dediyini vermirsə, dərhal cəzasını alır. Ya onun qiymətini kəsirlər, ya da direktor bir yolunu tapıb həmin şagirdi məktəbdən uzaqlaşdırır. Bu il məktəbi bitirən məzunlar attestatlarını almaqda çətinlik çəkirlər. Direktor attestatların qarşılığında onlardan 30-40 manat «şirinlik» tələb edir. Məzunlar məcbur qalıb bu pulu verirlər». Məktəb direktorunun törətdiyi başqa qanunsuzluqlar da var ki, bununla bağlı yaxın günlərdə ətraflı məlumat verəcəyik. Ümidvarıq ki, nazir Mikayıl Cabbarov işinin öhdəsindən layiqincə gələ bilməyən və müəllim adına yaraşmayan işlər görən direktoru tezliklə cəzalandıracaq. Qarşı tərəfi də dinləyə bilərik.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.