Qazlaşdırılmayan binada qaz sızmasından partlayış necə baş verib? – RƏSMİ AÇIQLAMA
16-01-2024, 19:17
Xəbər verdiyimiz kimi, yanvar ayının 15-i Sumqayıtda yerləşən yataqxanaların birində 4 nəfərin xəsarət alması ilə nəticələnən partlayış baş verib.
Yəhya Məmmədov küçəsindəki yataqxana binasında baş verən partlayışa qaz sızmasının səbəb olduğu ilkin ehtimallardandır.
Diqqət çəkən məqam isə həmin binada qaz xəttinin olmamasıdır. Bina sakinlərinin yerli mediaya verdikləri məlumata görə, qonşunun qaz xəttindən kanalizasiya xəttinə qaz dolub və partlayış da bu sızma nəticəsində baş verib.
İrəli sürülən ilkin ehtimaldan sonra qaz borularının, qaz kəmərlərinin vaxtaşırı yoxlanması, təhlükəsizlik qaydalarına əməl olunub olunmaması, boruların mühafizə edilməsi məsələləri gündəmə gəlib.
Məsələ ilə bağlı Bizim.Media-ya açıqlamasında “Azəriqaz” İB-nin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Eldəniz Vəliyev yaxınlıqdakı polietilen qaz borusunun zədələndiyinin ehtimal olunduğunu deyib:
“Həmin yataqxana qazlaşdırılmayıb. Sadəcə, binaya yaxın ərazidən yaxınlıqda yerləşən zavoda polietilen yeraltı qaz xətti çəkilib. Hüquq-mühafizə orqanları orada araşdırma aparır, ehtimal var ki, onlar iş gördükdə polietilen borusunu zədələyiblər.
Yəni, kanalizasiya borusuna qaz kütləsi dolması ehtimalı var, amma bu, istintaqın nəticəsində bəlli olacaq. Hələlik istintaq gedir, ən doğrusunu istintaqın yekun nəticəsi ortaya qoyacaq”.