BDYPİ "Avtomobilimi cinlərin əlindən alın" deyən psixoloqun cərimələrini sildi - AÇIQLAMA
23-01-2024, 00:05
Tanınmış psixoloq Nizami Orucovun Bakının Nəsimi rayonu, Cavadxan küçəsi, 15 ünvanında 3 il 5 aydır, hərəkətsiz qalan avtomobilinə yazılan 290 manat cərimə Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən silinib.
N.Orucov bu barədə Pravda.az-a özü məlumat verib.
“Sosial şəbəkədə etdiyim müraciətimə Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən dərhal həmin gün cavab verildi. Sözün açığı, buna çox təəccübləndim ki, belə operativ əlaqə saxladılar. Həm Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə şöbəsinin rəisi Rövşən Tağıyev, həm də Müayinə mərkəzinin baş dövlət avtomobil müfəttişi, polis mayoru Kamal Əhmədli mənimlə əlaqə saxladı. Ətraflı məlumat verdilər ki, niyə belə bir hadisə qeydə alınıb. İzah etdilər ki, “İ-Patrul” sistemi hərəkətdə oldu-olmadı, hansı vəziyyətdə olmasından asılı olmayaraq texniki baxışdan keçməyən bütün maşınların nömrələrini avtomatik oxuyub qeydə alır. Bildirdilər ki, texniki cəhətdən nasaz olduğu üçün həmin avtomobillə bağlı BDYPİ-yə məlumat verilməli idi, belə halda qeydiyyat nömrəsi cəriməyə düşməzdi. Həmçinin bildirdilər ki, çəkilişlər avtomatik baş verib, maşın istifadə edilmədiyi üçün qərarlara xitam veriləcək. Elə ilk iş günü, yəni yanvarın 22-də cərimələrlə bağlı qərarların hamısına xitam verildi. Mən də polis övladıyam, buna baxmayaraq, bilirəm ki, cəmiyyətimizdə polislər haqqında müəyyən stereotiplər çoxdur. Amma biləsiniz ki, tam qanun çərçivəsində hamısı həll olundu. Buna görə BDYPİ-nin rəhbərliyinə, əməkdaşlarına təşəkkürümü bildirirəm”, - o deyib.