Bloger Arzu Sayadoğlu barəsində həbs qətimkan tədbiri seçilib

29-01-2024, 08:18           
Bloger Arzu Sayadoğlu barəsində həbs qətimkan tədbiri seçilib
İctimai fəal, bloger Arzu Sayadoğlunun barəsində Səbail Rayon Məhkəməsi təqsirləndirilən şəxs qismində həbs qətimkan tədbiri seçib. Bu barədə məhkəmənin elektron portalında məlumat var.

Bununla yanaşı məhkəmənin elektron portalında blogerin hansı cinayətdə ittiham olunduğu və barəsində hansı müddətə həbs qətimkan tədbiri seçilməsi barədə məlumat yoxdur.

Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı Amerikanın Səsinə bildirib ki, Arzu Sayadoğlu polis əməkdaşları tərəfindən saxlanılmayıb.

Hüquq müdafiəçisi Rüfət Səfərov isə facebook səhifəsində blogerin Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanıldığını bildirib.

Bununla yanaşı Dövlət Təhlükəsizliyi Xidməti blogerin taleyi ilə bağlı Amerikanın Səsinin sorğusuna hələ cavab verməyib.

Hüquq müdafiəçisi Rüfət Səfərov hesab edir ki, Arzu Sayadoğlunun saxlanılması onun sonuncu dəfə “Azad söz” YouTube televiziya kanalında sərt tənqidi çıxışı ilə bağlıdır.

“Bloger hakimiyəti sərt qaydada tənqid edirdi və yoxa çıxmazdan öncə sonuncu dəfə “Azad Söz” YouTube televiziya kanalında mühacirətdə olan fəal Tural Sadıqlı ilə canlı yayımda olub”, o qeyd edib.

Hüquq müdafiəçisi blogerin taleyi ilə bağlı Ombudsman Səbinə Əliyevaya da müraciət edib.

“YouTube”də “Arzu Sayadoğlu” adlı kanalın rəhbəri və aparıcısı olan Sayadoğlu bu kanalda da ölkədəki siyasi vəziyyəti, məmur özbaşınalığı barədə davamlı olaraq sərt tənqidi fikirlər söyləyib.

Arzu Sayadoğlu “Xalqa Xidmət Hərəkatı” yaratdığını da elan edib.

Sayadoğlununn rəhbəri olduğu “Xalqa Xidmət Hərəkatı”ndan Amerikanın Səsinə bildiriblər ki, Sayadoğlunun müavini Tariyel Məmmədov və hərəkatın digər bir neçə fəalının da telefonuna zəng çatmır.

“Arzu Sayadoğlunun valideynlərinin Tovuz şəhərində yaşadığı evin qapısı qıfıllıdır. Valideynləri Arzu saxlanıldıqdan sonra Bakıda kirayədə yaşadığı evdən də gediblər. Onların taleyi barədə də hələ məlumat ala bilmirik”, “Xalqa Xidmət Hərəkatı”ndan Amerikanın Səsinə bildiriblər.

Bununla yanaşı, rəsmi qurumlar hərəkat rəhbərinin, onun valideynlərinin və müavinin taleyi barədə məlumatlara hələ münasibət bildirməyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.