Yulya Navalnaya əri ilə belə vidalaşdı (VİDEO)
2-03-2024, 00:10
Fevralın 16-da Yamalo-Nenets Muxtar Dairəsindəki “Qütb canavarı” koloniyasında ölən rusiyalı müxalifət lideri Aleksey Navalnı martın 1-də Moskvadakı Borisov qəbiristanlığında dəfn edilib.
Qaynarinfo xəbər verir ki, minlərlə insan siyasətçinin dəfn mərasiminin keçirildiyi Moskvanın Maryino rayonundakı kilsəyə gəlib, daha sonra cənazəsi ilə birlikdə tabutun ardınca qəbiristanlığa gedib.
Siyasətçinin həyat yoldaşı və varisi Yuliya Navalnaya Rusiyada deyil və dəfn mərasimində iştirak edə bilməyib. O, “Instagram”da əri ilə vidalaşdığı yazı dərc edib. Qaynarinfo onun tərcüməsini təqdim edir.
“Lyoşa, 26 illik böyük xoşbəxtliyə görə təşəkkür edirəm. Bəli, xoşbəxtliyin son üç ilində belə. Eşqinə, məni həmişə dəstəklədiyinə, həbsxanadan belə güldürdüyünə görə, həmişə haqqımda düşündüyünə görə.
Mən sənsiz necə yaşayacağımı bilmirəm, amma çalışacağam ki, göylərdə sən mənə görə sevinəsən və mənimlə fəxr edəsən. Bilmirəm, öhdəsindən gələ biləcəyəm, ya yox, amma çalışacağam.
Biz bir gün mütləq görüşəcəyik. Mənim sənin üçün o qədər danışılmamış hekayələrim var, mənim telefonumda sənin üçün saxladığım o qədər çox mahnı var ki, axmaq və gülməli, ümumiyyətlə, düzünü desəm, dəhşətli mahnılardır, amma onlar bizim haqqımızdadır və mən çox istəyirdim ki, sən onları dinləyəsən. Mən çox istəyirdim ki, sənin onları dinlədiyini, güldüyünü, sonra da məni qucaqladığını görüm.
Səni sonsuzadək sevirəm. Qəbri nurla dolsun.”