İran mediası İnqilab Keşikçiləri Korpusu komandirinin İsrailin Suriyaya ehtimal edilən hücumunda öldürüldüyünü bildirir
2-03-2024, 15:54
İranın dövlət mediasının martın 1-də bildirdiyinə görə, İsrailin Suriyaya endirdiyi hava zərbəsi nəticəsində həlak olan üç nəfər arasında iranlı komandir də olub.
İranın İnqilab Keşikçiləri Korpusuna bağlı Tasnim xəbər agentliyinin məlumatına görə, İslam İnqilabı Keşikçiləri Korpusunun “hərbi məsləhətçisi” Reza Zareyi Suriyanın sahilyanı Banyas şəhərinə endirilən zərbələr nəticəsində öldürülüb. Onun İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin üzvü olduğunu bildirilib.
Budan öncə Birləşmiş Krallıqda yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupu hücumların səhər tezdən həyata keçirildiyini və bir villanı hədəf aldığını, nəticədə bir iranlı komandir və suriyalı olmayan iki yoldaşının həlak olduğunu bildirmişdi.
İran İnqilab Keşikçiləri Korpusu komandirlərindən birinin ölüm xəbəri ilə bağlı şərh verməyib. İran Suriyadakı qoşunlarını “hərbi məsləhətçilər” adlandırır.
Oktyabr ayında Qəzza zolağında müharibə başlayandan bəri İsrailin Suriya və Livana endirdiyi zərbələr nəticəsində biri “Fatemiyun Briqadası”nın əfqan döyüşçüsü olmaqla, İran İnqilabı Keşikçiləri Korpusunun azı 11 üzvü öldürülüb.
İsrail Fələstin anklavına qarşı ölümcül hücuma ABŞ və Avropa İttifaqı tərəfindən terrorçu qruplaşma kimi tanınan HƏMAS-ın genişmiqyaslı hücumundan sonra başlayıb. HƏMAS-ın İsrailə qarşı təşkil etdiyi hücumda əksəriyyəti mülki şəxslər olmaqla, 1200-ə yaxın insan həlak olub, 250-dən çox insan girov götürülərək Qəzzaya aparılıb.
İran HƏMAS-ın hücumunu dəstəkləsə də, onun planlaşdırılmasında hər hansı iştirakını inkar edib. ABŞ kəşfiyyatı İran liderlərinin hücumdan təəccübləndiyini bildirib.
İranın regional müttəfiqləri İsrailin Qəzzaya hücumundan sonra Yaxın Şərqdə İsrailin və ABŞ-ın maraqlarını hədəfə alıb. Bununla belə, New York Times qəzetinin yazdığına görə, İran tərəfindən dəstəklənən silahlı qruplaşmalar keçən ay ABŞ-ın bir sıra zərbələrindən sonra Amerika bazalarına hücumlarını azaldıb.