Nobel mükafatı laureatı Məhəmməd Yunus zaminə buraxılıb
4-03-2024, 10:24
Banqladeş məhkəməsi bazar günü 2,3 milyon dollar mənimsəmədə ittiham edilən Nobel mükafatı laureatı Məhəmməd Yunusu zaminə buraxıb.
2006-cı ildə yoxsul insanlara yardım məqsədi ilə mikrokreditdən istifadəyə görə Nobel Sülh Mükafatına layiq görülən Yunus yanvar ayında əmək qanunlarını pozmaq ittihamı ilə 6 ay həbs cəzasına məhkum edilib. O, bu işdə də zaminə buraxılıb və apellyasiya şikayəti verib.
Prokuror Mir Əhməd Əli Salam deyib ki, mənimsəmə işi Norveçin telekommunikasiya nəhəngi Telenor-un törəməsi olan ən böyük mobil telefon şirkəti Grameenphone-un 34,2%-nə sahib olan Grameen Telecom-un işçilərin rifahı fonduna aiddir.
"İttihamlar 250 milyon takadan çox pulun mənimsənilməsi və çirkli pulların yuyulmasından ibarətdir. Təqsirləndirilən şəxslər pulu işçilər yerinə həmkarlar ittifaqı liderlərinə veriblər. Bu yolla onlar adi işçiləri haqlı qazanclarından məhrum ediblər", Salam deyib.
Yunus və daha 7 müttəhim bazar günü məhkəmə qarşısına çıxarılıb, digər 6 nəfər isə məhkəmədə iştirak etməyib.
Müdafiə vəkili Abdullah Əl Məmun məhkəmədə 83 yaşlı Yunus və digərlərinin günahsız olduğunu bildirib.
Ötən il 170-dən çox dünya lideri və Nobel mükafatçısı Banqladeşin baş naziri Şeyx Hasinanı Yunusa qarşı məhkəmə prosesini dayandırmağa çağırıb. Onun tərəfdarları deyirlər ki, o, Hasina ilə soyuq münasibətlərinə görə hədəf alınıb. Hökumət ittihamları rədd edib.