RUSİYA TƏYYARƏLƏRİNİ BUNA GÖRƏ RİSKƏ ATIR - Yeni hava taktikası
6-03-2024, 12:36
Ukrayna Silahlı Qüvvələrinin son həftələr ərzində bir neçə bombardmançı təyyarəni vurmasına baxmayaraq, Rusiya Ukraynaya intensiv hava zərbələri endirməkdə davam edir.
“AzPolitika” xəbər verir ki, bunu ABŞ Müharibə Araşdırma İnstitutu(ISW) son hesabatında bildirib.
Amerikalı mütəxəssislər hesab edirlər ki, Rusiya cəbhədə irəliləmək xatirinə döyüş təyyarələrini itirməyə hazırdır.
“Forbes”-in məlumatına görə, Rusiyanın Su-34 təyyarələri Su-35 təyyarələrinin müşayiəti ilə təxminən 40 kilometr məsafədə Ukrayna mövqelərini bombalamaq üçün gündə yüz və daha çox döyüş uçuşu həyata keçirir.
“New York Times” isə yazır ki, rusların cəbhə xəttində “daha aqressiv” hava taktikası işğalçılara şərqdə irəliləməyə kömək edib.
Analitiklər qeyd ediblər ki, Rusiya Hərbi Hava Qüvvələri Ukraynada hava əməliyyatlarının yüksək tempini saxlayır və çox güman ki, rus komandirləri belə hava əməliyyatlarının müsbət təsirlərinin bu cür missiyalarla bağlı xərclərdən daha çox olduğuna qərar verdiklərinə görə təyyarələr üçün riskləri qəbul etməyə hazırdırlar: “İşğalçılar fevralın ortalarında Avdeyevkanın tutulması zamanı idarə olunan bombalardan istifadə etdilər və ehtimal ki, cəbhənin digər sektorlarında davam edən hücum əməliyyatlarını dəstəkləmək üçün bu effekti təkrarlamağa çalışırlar”.