Azərbaycanda məşhur çay brendinin saxtası satılır? – Araşdırma aparılır
7-03-2024, 00:08
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qida sektorunda fəaliyyət göstərən “Agro Alliance” MMC barəsində araşdırma aparır.
Yeniavaz.com xəbər verir ki, Dövlət Xidməti “Agro Alliance” MMC tərəfindən “İmperial Teas (PVT) LTD” şirkətinə məxsus “İmpra Tea” əmtəə nişanından qanunsuz istifadə edilməsi ilə bağlı şikayəti araşdıracaq. Qeyd edək ki, “Agro Alliance” MMC barəsində şikayəti patent üzrə müvəkkil təyin olunan Tura Yaqubova qaldırıb. Bildirilir ki, hazırda Dövlət Xidmətinin apardığı araşdırma “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 4-cü abzasının və 9-cu maddəsinin 2-ci abzasının tələblərinin pozulması əlamətləri üzrədir. Qeyd edək ki, 2019-cu ildə təsis olunan “Agro Alliance” MMC-nin nizamnamə kapitalı 10 manatdır. Şirkətin qanuni təmsilçisi Cəfərov Cəfər Firuddin oğludur. 2021-ci ildə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Agro Alliance” MMC tərəfindən İraqdan ölkəmizə idxal edilən 23,5 ton quru xurma məhsulunda da kif göbələyi aşkarlayıb.