Qumar oyunlarına görə “Topaz” məntəqələrinin sahibləri həbs edildi - HÖKM
7-03-2024, 10:02
Bakı Ağır Cinayətlər Məhkəməsində qumar oyunlarının təşkilində və qanuni sahibkarlıq fəaliyyətinə mane olmada təqsirləndirilən dəstə üzvləri – Mahir Mədətov, Samir Səfərov, Qalib Əsədov və Nahid Quliyevin (Hamısının ad, soyadları şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Mahir Mədətov, Samir Səfərov və Qalib Əsədov 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Nahid Quliyevə isə 4 ay 6 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib. Onun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunub. Həmin şəxslərin barələrində elan edilmiş ittihamdan Cinayət Məcəlləsinin 192.3.2-ci (qanuni sahibkarlıq fəaliyyətinə mane olma) maddəsi xaric olunub.
İttihama görə, təqsirləndirilən şəxslər Azərbaycanın qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıqla məşğul olublar, qabaqcadan əlbir olan bir qrup şəxs halında internet informasiya ehtiyatlarından və informasiya-telekommunikasiya şəbəkələrindən istifadə edib xüsusilə külli miqdarda gəlir əldə edərək qumar oyunlarını təşkil edib keçiriblər, habelə qumar oyunlarının keçirilməsi üçün yer təşkil etməklə saxlayıblar.
Belə ki, onlar Azərbaycanın qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan, ölkə ərazisində qumar oyunlarının keçirilməsinin qadağan olunmasına baxmayaraq, qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib, paytaxtın Binəqədi və Nərimanov rayonları ərazisində fəaliyyət göstərən məntəqələrdə “Topaz” idman mərc oyunları adı altında əsas cinayətkar niyyətlərinə nail olmaq üçün pərdələnərək qumar oyunları təşkil ediblər. Onlar məntəqəyə gəlmədən “whatsapp” üzərindən yazışma bölməsi vasitəsi ilə əlaqə saxlamaqla xarici informasiya resurslarında yaradılmış internet saytlarına veriləcək müvafiq “loqin” və “parol”dan istifadə edib daxil olmaqla və uduş olduğu halda yüksək qazanc əldə etmək şərti ilə qumar oyunları olan mərclərdə iştirak etmək imkanlarına malik olduqlarını bildirib xidmət göstərilməsindən ibarət qanunsuz sahibkarlıq, yəni faktiki olaraq qumar oyunlarının həyata keçirilməsi fəaliyyəti ilə məşğul olaraq gəlir əldə etmək məqsədilə bir qrup şəxs qismində birləşib, oyunlarda iştirak edən şəxslər tərəfindən ödəniş terminalları və digər vasitələr ilə 2017-2021-ci illər ərzində təqdim olunan bank hesab kartlarına ümumilikdə 2 927 985 manat məbləğində pul vəsaitinin vahid niyyətlə köçürülməsinə nail olublar.
Məhkəmə iclasında həmin şəxslər elan olunmuş ittiham üzrə özlərini təqsirli bilməyərək ifadələrində göstəriblər ki, Bakı şəhəri, Nərimanov və Abşeron rayonlarında “Topaz” idman mərc oyunları məntəqələri var. Həmin məntəqələr rəsmi olaraq qeydiyyatdan keçib. Bildiriblər ki, məntəqələri işlətdiyi müddətdə hər hansı bir qanunsuz fəaliyyətlə, o cümlədən, qumar oyunlarının təşkil edilməsi və keçirilməsi ilə məşğul olmayıblar.
Kamal Məmmədov