Ələsgər Məmmədli barəsində cinayət işi açılıb
9-03-2024, 07:46
"Toplum” TV-nin təsisçisi qaçaqmalçılıqda təqsirli bilinir
"Toplum” TV işi ilə bağlı internet TV-nin təsisçisi, media eksperti Ələsgər Məmmədli saxlanılıb. AYNA xəbər verir ki, bu barədə onun vəkili Aqil Layıc bildirib.
Ə.Məmmədli barəsində Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb.
Xatırladaq ki, "Toplum” TV-nin həmtəsisçisi Akif Qurbanov və əməkdaşları Ramil Babayev, İlkin Əmrahov, Müşfiq Cabarov və Əli Zeynalov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Fərid İsmayılov və Elmir Abbasov isə ev dustaqlığına buraxılıb.
Xatırladaq ki, Akif Qurbanova və saxlanılan digər şəxslərə qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb.
Ötən gün "Toplum” TV internet televiziyasının yerləşdiyi ofisdə və daha bir neçə ünvanda Daxili İşlər Nazirliyi tərəfindən əməliyyat keçirilib. DİN-in yaydığı məlumatda bildirilib ki, paytaxtın Nərimanov rayonu Y.V.Çəmənzəminli ev 98 B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib.
Müəllif: Ayna.az