Məşhur iş adamı cərimə qərarından narazıdır – Nə baş verib?
12-03-2024, 00:04
İş adamı İlkin Şabanov cərimələnib.
Qaynarinfo-nun məlumatına görə, İlkin Şabanova İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə cərimə yazılıb. Cərimə yazan qurum isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin yanında Dövlət Əmək Müfəttişliyi Xidmətidir.
İlkin Şabanov ittiham olunduğu maddə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi ilə bağlıdır.
Maddədə inzibati cəza növü kimi fiziki şəxslərin 1000 manatdan 2000 manatadək, vəzifəli şəxslərin 3000 manatdan 5000 manatadək, hüquqi şəxslərin isə 20 000 manatdan 25 000 min manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur. İlkin Şabanovun hansı məbləğdə cərimələnməsi barədə məlumat yoxdur.
Hər bir halda iş adamı dövlət xidmətinin qərarı ilə razılaşmayaraq məhkəməyə şirkayət ərizəsi ilə müraciət edib. Onun şikayətinə Xətai Rayon Məhkəməsində baxılacaq. Sülhanə Hacıyeva iş üzrə hakim təyin edilib.
İlkin Şabanov FMCG (Fast moving consumer goods – Tez istehlak edilən gündəlik tələbat malları) sektorunda əhəmiyyətli paya sahib olan “Delta Qrup C.O” MMC-nin rəhbəri olub. Bu şirkət “Bismak” markası ilə şirniyyat və un məmulatları, “Çörəkçi” markası ilə isə çörəklər istehsal edirdi.
Ötən ilin fevralında şirkət “Mars Overseas Baku LTD” MMC-yə qoşulduğunu bəyan edib. “Mars Overseas Baku LTD” MMC-nin həmin vaxt yaydığı məlumatdan aydın olunur ki, “Delta Qrup C.O” MMC-nin ona qoşulması ilə şirkət yenidən təşkil edilir.
İlkin Şabanov 2021-ci ildə İsveçrənin Cenevrə şəhərində fəaliyyət göstərən “UN Council for Public Awards” (UNCOPA) təşkilatının “Avropa Sənaye Lideri” fəxri adı layiq görülüb və “Gottfried Wilhelm Leibniz” medalı ilə təltif edib.
Bundan əvvəl isə iş adamı Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının mükafat komitəsi tərəfindən “Türk Dünyasında İlin İş adamı” fəxri adı verilməklə “Altın Yıldız” medalı ilə təltif olunub.