"Google" "Chrome" brauzeri üçün yeni funksiyaları olan yeniləmə təqdim edib
26-07-2024, 15:18
"Google" yüklənmiş fayllarda təhlükənin aşkarlanması sistemini və "Chrome" brauzerində virusların skan edilməsi alqoritmlərini yeniləyib. İndi brauzer faylların təhlükə dərəcəsini daha effektiv şəkildə müəyyənləşdirir və hətta parolla qorunan arxivləri skan edir.
Oxu.Az "Bleeping Computer" portalına istinadən xəbər verir ki, indi "Chrome" nəinki potensial təhlükə barədə xəbərdarlıq edir, həm də onu şübhəli və ya təhlükəli kimi təsnif edərək, faylın yükləməsini dayandırır. Genişləndirilimiş qorunma rejimində brauzer dərin skan etmək üçün şübhəli faylları avtomatik olaraq buludlara yükləyir.
"Google" iddia edir ki, bulud skanı zamanı təhdidlərin aşkarlanması ehtimalı 50 dəfə artır. İstifadəçilər şifrələnmiş arxivləri süni intellekt tərəfindən skan etmək üçün parol daxil etməklə yoxlaya bilərlər. Bu funksiya yalnız genişlənmiş qoruma rejimində mövcuddur, standart parametrlərlə isə yalnız faylların meta məlumatları skan edilir.
Şübhəli fayllar boz üçbucaqla, yüksək riskli fayllar isə qırmızı işarə ilə qeyd olunur. Yeniləmə artıq "Chrome" brauzeri istifadəçilərinin istifadəsinə verilir.