Abbas Lisani Ərdəbildə evində həbs edilib

2-09-2024, 08:04           
Abbas Lisani Ərdəbildə evində həbs edilib
İranın polis və təhlükəsizlik qüvvələri şənbə günü səhər saatlarında tanınmış siyasi fəal Abbas Lisanini Ərdəbildəki evində nəzarət altına alıblar.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyi və Günaz TV kimi mənbələr bu barədə məlumat yayıb.

Amerikanın Səsinin bölgədə fəaliyyət göstərən türk fəallardan əldə etdiyi məlumata əsasən, şənbə günü çox sayda polis və mülki geyimli məmur Abbas Lisanini saxlamaq üçün onun evinə gediblər.

Evdə axtarış aparan məmurlar evin DVR kamera cihazlarını müsadirə ediblər.

Siyasi fəalın daha əvvəl məhkum olduğu Yəzd şəhərinə sürgün cəzasının icrası ilə əlaqədar həbs olunduğu təxmin edilir. O, təqribən üç həftə əvvəl Ərdəbil polis şöbəsinə çağırılmış, ancaq müraciət etməmişdi.
Lisani 2023-cü ilin fevral ayında 4 ildən artıq həbsdən sonra sərbəst buraxılmasının ardınca 2 illik əlavə sürgün cəzasının icrası üçün polis müşayiəti ilə İranın Yəzd şəhərinə göndərilmişdi. Ancaq o, qısa müddət sonra vətəndaş itaətsizliyi olaraq sürgün cəzasını rədd edərək Ərdəbilə qayıtmışdı.

Ərdəbil Məhkəməsi daha sonra cəzaya boyun əymədiyinə görə siyasi fəalın Yəzd şəhərində məcburi iqamət cəzasının üçdə bir dəfə artırılmasına dair hökm çıxarıb.
Abbas Lisani göstərdiyi fəaliyyətlər səbəbilə təqribən 20 il ərzində dəfələrlə həbs, mühakimə, təhdid və digər təzyiqlərə məruz qalıb. O, Təbriz, Əhər, Ərdəbil, Yəzd və Şiraz kimi şəhərlərin həbsxanalarında illərlə həbsdə saxlanılıb. Siyasi fəal həbsdə saxlanıldığı dönəmlərdə işgəncəyə məruz qaldığını bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.