Huntay 6 ildən sonra şəxsiyyət vəsiqəsi sahibi olub

2-09-2024, 10:14           
Huntay 6 ildən sonra şəxsiyyət vəsiqəsi sahibi olub
Doğulandan bəri şəxsiyyət vəsiqəsi olmadan 6 ilə yaxın yaşadıqdan sonra Huntay adlı uşağın ailəsi şəxsiyyət vəsiqəsini dünən Şərqi Azərbaycan vilayətinin Culfa şəhərinin Qeydiyyat İdarəsindən ala bilib.

Huntayın atası Taymaz Mehrəlibəyli oğlunun şəxsiyyət vəsiqəsinin şəklini İnstagram səhifəsində dərc edərək yazıb ki, "nəhayət, bu gün İran İslam Respublikası Qeydiyyat Təşkilatı dirənişimizə qarşı diz çöküb Huntayın şəxsiyyət vəsiqəsini verməli oldu."

Mehrəlibəyli bu illər ərzində qeydiyyat idarəsinin niyə Huntay adına qarşı çıxdığının ailəsi və yaxın ətrafı arasında əsas müzakirə mövzusuna çevrildiyini vurğulayıb. O, ailəsinin bu idarənin şəxsiyyət vəsiqəsi verməkdən imtinasına qarşı göstərdiyi müqavimətin sivil mübarizə nümunəsi olduğunu da bildirib.

Bəzi azərbaycanlı ailələr İran Qeydiyyat Təşkilatının istədikləri adla şəxsiyyət vəsiqəsi verməkdən imtina etməsi ilə qarşılaşdıqda uzunmüddətli hüquqi mübarizəyə başlamaq məcburiyyətində qalırlar. Bu mübarizə bəzən həftələrlə, bəzən isə illərlə davam edir, lakin bəzi vaxtlar istənilən nəticəni əldə etmək mümkün olmur və övladları üçün məcburən başqa bir ad seçməli olurlar. Mehrəlibəyli ailəsi övladlarına seçdikləri adı qeydiyyat idarəsinə qəbul etdirmək üçün altı ilə yaxın böyük bir əzmkarlıq nümayiş etdirmişdir ki, bu da bir çox milli fəalın dərin heyranlığına səbəb olmuşdur.
Taymaz Mehrəlibəyli Amerikanın Səsinə təqribən 3 il əvvəl verdiyi müsahibədə qeydiyyat idarəsinin Huntay adına qarşı çıxmasının səbəbi olaraq bu adın İran mənşəli olmadığının göstərildiyini bildirmişdi. O, türkcə adların "İran kimliyi daşımır" iddiası ilə rədd edildiyini, halbuki yunan və digər xarici mədəniyyətlərdən olan onlarla adın İranda uşaq adları siyahısında qeyd olunduğunu vurğulamışdı. Taymaz bəy bu vəziyyəti "çirkin ayrı-seçkilik" əməli kimi dəyərləndirmişdi.
İranda əgər bir ailənin seçdiyi ad qeydiyyat şöbəsi tərəfindən rədd olunsa, bürokratik və məhkəmə proseslərindən keçərək həmin adla şəxsiyyət vəsiqəsi ala bilsələr, bu, digər ailələr üçün də yolu açar. Beləliklə, hüquqi mübarizə nəticəsində qeydiyyat idarəsinin siyahısında olmayan bir adla şəxsiyyət vəsiqəsi əldə edildikdə, digər ailələr də övladlarına həmin adı rahatlıqla verə bilər, çətinliklə qarşılaşmadan şəxsiyyət vəsiqəsi ala bilərlər.

Uşaqların haqları və şəxsiyyət vəsiqəsi almaq hüququ müxtəlif beynəlxalq sənədlərdə təsbit olunub. Birləşmiş Millətlər Təşkilatının Uşaq Haqları Konvensiyasına əsasən, hər bir uşağın doğulduğu andan qeydiyyata alınmaq, bir ad daşımaq, vətəndaşlıq almaq hüququ var.

Müxtəlif beynəlxalq insan haqları sənədlərinə görə, hər bir ailə övladına istədiyi adı seçmə haqqına sahibdir. Bu hüquq uşaq haqlarının ayrılmaz bir hissəsi kimi tanınır və hər bir uşağın şəxsiyyət vəsiqəsi almaq haqqı ilə bağlıdır. Ailələrin bu haqları onların mədəni və dil hüquqlarını qorumaqla yanaşı, uşaqların öz milli kimliklərini sərbəst ifadə etmələrinə də imkan yaradır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.