"Volkswagen" işçiləri üçün iş zəmanətlərini ləğv edir
11-09-2024, 10:24
"Volkswagen" rəhbərliyi 1994-cü ildən etibarən işçilərinin əmək müqavilələrinə yazılan iş təhlükəsizliyinə son qoyub və bununla da mümkün işçilərin ixtisarına yol açıb.
Şirkət bu barədə işçilərin maraqlarını təmsil edən “IG Metall” həmkarlar ittifaqını xəbərdar edib.
Məşğulluq zəmanəti artıq ilin sonunda başa çatacaq və altı ay sonra, yəni 2025-ci il iyulun 1-dən istehsal səbəblərinə görə ixtisarlar mümkündür. Əvvəlcə zəmanətlər 2029-cu ilə qədər qüvvədə idi.
Sentyabrın 2-də DPA agentliyi "Volkswagen"in 2023-cü ildə qəbul edilmiş qənaət proqramı çərçivəsində zavodların bağlanmasına və işçilərin ixtisarına icazə verdiyini bildirdi. İdarə Heyətinin nöqteyi-nəzərindən "Volkswagen" AG qrupunun markalarının əsaslı şəkildə yenidən qurulması həyata keçirilməlidir. Bundan əlavə, rəhbərlik hesab edir ki, xərclərə qənaət məqsədlərinə qismən pensiyalar və birdəfəlik ödənişlər vasitəsilə əvvəlcədən planlaşdırılan iş yerlərinin ixtisarı ilə nail olmaq mümkün deyil.
"Volkswagen"in rəhbəri Oliver Blume qənaət kursunu Avropa avtomobil sənayesi bazarına getdikcə daha çox yeni oyunçunun daxil olması ilə əsaslandırıb. Konsernin 2023-cü ildə qəbul etdiyi qənaət proqramı 2026-cı ilə qədər mənfəəti 10 milyard avro artırmaq üçün nəzərdə tutulub. \\Redaktor.az