Rusiya Ukraynaya qarşı kütləvi hava hücumlarına başlayıb

Bu gün, 17:18           
Rusiya Ukraynaya qarşı kütləvi hava hücumlarına başlayıb
Rusiya bazar günü Ukraynaya qarşı kütləvi hava hücumu kampaniyasına başlayıb. Yerli rəsmilər bir neçə nəfərin öldüyünü və enerji sisteminə “ciddi ziyan vurulduğunu” deyirlər. Amerikanın Səsinin müxbiri Araş Arabasadi xəbər verir.

Rusiya son aylar ərzində Ukraynaya qarşı ən böyük hava hücumu əməliyyatını həyata keçirir.

Kyivdə həyəcan siqnalları fonunda Ukraynanın hava hücumundan müdafiə qüvvələri paytaxt üzərində onların bəzilərini vurmağa müvəffəq olub.

Sakinlər isə təhlükəsizlik üçün yeraltı metro stansiyalarında toplaşıblar.

Ölkə Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya 120 raket və 90 pilotsuz uçuş aparatı, o cümlədən İran istehsalı olan “Şahed”lərlə hücum edib.

Kyiv Hərbi Hava Qüvvələri 104 raket və 42 pilotsuz təyyarəni məhv etdiyini xəbər verir.

Rusiya Ukraynanın hərbi-sənaye kompleksini gücləndirən enerji obyektlərini hədəf aldığını bildirir.

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp iki ölkə arasında münaqişəyə tezliklə son qoyacağına söz verib.

Almaniya kansleri Olaf Şolz isə bu yaxınlarda Rusiya prezidenti Vladimir Putinlə danışıb və Vaşinqtonda nə baş verməsindən asılı olmayaraq, Avropanın Ukraynaya dəstəyini təkrarlayıb: “Rusiya və Rusiya prezidenti bu müharibəni başlatdı. Ukraynanı fəth etmək və onun suverenliyini və demokratiyasını inkar etmək planı üçün çoxlu maddi və hər şeydən əvvəl öz həyatlarını riskə atmağa hazır oldular. Ukraynanın gələcəkdə bizim möhkəm dəstəyimizə arxalana bilməyəcəyinə inanmaq yalnızca Rusiyanın illüziyası ola bilər”.

Bununla belə, Zelenski bu müharibənin sona çatması perspektivini alqışladığını bildirib: “Mən düşünmürəm ki, Putin ümumiyyətlə sülh istəmir. Lakin bu o demək deyil ki, o, dünya liderləri ilə oturmaq istəmir. ...Məncə, müharibə sona çatacaq, bu mücərrəd deyil. Dəqiq tarix yoxdur, amma gələn növbəti Ağ Evin siyasəti ilə müharibə daha tez bitəcək. Bu, onların ölkələrinə verdiyi vədləridir. Bu həm də onlar üçün çox vacibdir”.

Lakin hələ ki, ukraynalı föqəladə hallar işçiləri partladılmış binalardan raket qalıqlarını təmizləyir. Ukrayna rəsmiləri hücumlarda ən azı 7 nəfərin öldüyünü və bunun enerji sisteminə “ciddi ziyan vurduğunu” bildirib.

Zərbələr bir neçə bölgədə elektrik enerjisinin kəsilməsinə səbəb olub, ərazi sakinləri su təchizatı stansiyalarında və “məğlubedilməzlik nöqtələri” deyilən yerlərdə növbə gözləyir.

Odessa vilayətinin Fövqəladə hallar üzrə Dövlət Xidmətindən Marina Martynenko bildirir ki, “Biz Odessa vilayətində yanğınsöndürmə məntəqələrində 45 yenilməzlik nöqtəsi açdıq. İnsanlar elektron cihazlarını enerji ilə doldura, isti çay içə və sadə qidalar qəbul edə bilərlər. Burada həmçinin uşaqların rəsm çəkə və oxuya biləcəyi uşaq guşələri də var”.

Bu həftə Rusiyanın Ukraynaya qarşı hücumunun mininci günü başa çatacaq.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.