Təhsil Şöbəsinin müdirəsi parkı zəbt edib - Xaçmaz

31-05-2015, 17:21           
Təhsil Şöbəsinin müdirəsi parkı zəbt edib - Xaçmaz
Xaçmaz rayon Təhsil Şöbəsinin müdirəsi parkı qanunsuz yolla zəbt edib.

TİA.AZ-a verilən məlumata görə, Torpaq Məcəlləsində xüsusi maddə var - ümumi istifadədə olan torpaq sahələri fərdi qaydada fiziki şəxslərə satıla bilməz. Ancaq RTŞ müdirəsi Mədinə Nurməmmədova torpağı əldə edərək, oğlunun adına sənədləşdirib.
Xaçmaz bələdiyyəsinin üzvü Turab Ələkbərov M.Nurməmmədovanı məhkəməyə verməyə hazırlaşır. Rayonun Heydər Əliyev prospektindəki 3 saylı tam orta məktəbin qarşısındakı kiçik parkda başlayan tikinti işləri həm Xaçmaz sakini, həm də bir bələdiyyə üzvü kimi onu narahat edib.
T.Ələkbərov şagirdlərin və valideynlərin istifadə etdikləri bu kiçik park sahəsinin vaxtilə bələdiyyənin balansında olduğunu deyir. Bələdiyyə üzvünün sözlərinə görə, park hasarlanıb, rayon təhsil şöbəsinin müdiri orda oğluna obyekt tikdirməyə hazırlaşır.
Məlumatda qeyd olunur ki, məktəb 50 ilə yaxındır fəaliyyət göstərir. Qarşısındakı bu kiçik park həm məktəblilərin, həm də ümumi istifadə torpaq sahələrinə aiddir. Kiçik bir park da olsa əhalinin istifadəsində idi. M.Nurməmmədova özü vaxtilə həmin orta məktəbin direktoru olub. Təqribən 4-5 il əvvəl bu kiçik parkın ərazisini başqası almaq istəyəndə RTŞ rəhbəri buna etiraz edib ki, ordan şagirdlər, valideynlər istifadə edir. Ancaq bu yaxınlarda ortaya çıxan sənəd parkın özü tərəfindən işğal olunduğunu sübut etdi.
O, ərazini indi alsa da, sənədləşmənin tarixini saxtalaşdıraraq, 2005-ci ilə qeyd etdirib. Bələdiyyə üzvü deyir ki, kiçik park məktəbin giriş hissəsinin yaxınlığına düşür. Bir qədər əvvəl kiçik parkı hasarlamaq istəyəndə qarşıdurma da yaranıb. T.Ələkbərov hesab edir ki, torpaq sahəsi bələdiyyənin balansına qaytarılmalı və ümumi istifadəyə verilməlidir.
Bələdiyyə üzvünün sözlərinə görə, polis məsələnin məhkəmə predmeti olduğunu bildirib və məhkəməyə müraciət etməsini tövsiyə edib. Rayon təhsil şöbəsinin müdiri isə bələdiyyə üzvünün ittihamlarını rədd edir:
“ÖZÜ DƏ MƏNİM ADIMA DEYİL Kİ, UŞAĞIN ADINADIR. Hansı xəritə ilə təsdiqlənir ki, ora məktəbə aiddir? Sağı da, solu da götürülüb, tikilib, mən götürəndə məlum oldu ki, məktəbin yeridir? Sağına da baxın, soluna da. Boş yer kimi ortada qalıb. Oranın şagirdə heç bir maneçiliyi yoxdur”.
Torpaq sahəsində tikinti aparılmasına dair sərəncamı Xaçmaz rayon icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev verib. Bələdiyyə üzvü isə iddialarını Xaçmaz rayon Məhkəməsinə çıxaracağını deyir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.