Armita Pavir Təbriz Mərkəzi Həbsxanasından azadlığa buraxılıb

14-12-2024, 15:14           
Armita Pavir Təbriz Mərkəzi Həbsxanasından azadlığa buraxılıb
Azərbaycanlı siyasi məhbus Armita Pavir 15 aylıq həbsdən sonra Təbriz həbsxanasından azadlığa buraxılıb.

Hüquq müdafiəçilərinin sosial mediada yaydığı məlumata görə, Təbriz həbsxanasında 15 aylıq həbs cəzasını tamamlayan tələbə fəal Armita Pavir 12 dekabr 2024-cü il tarixində azadlığa buraxılıb.

Azərbaycan Şəhid Mədəni Universitetinin Biologiya ixtisasının tələbəsi olan Pavir, 2022-ci ilin sentyabr ayında İranda baş qaldıran və aylarla davam edən hökümət əleyhinə etirazlar fonunda həmin ilin oktyabr ayında universitetin önündə həbs edilmişdi. O, təqribən 40 gün nəzarətdə saxlanıldıqdan sonra 250 milyon tümənlik mülki zəmanət qarşılığında sərbəst buraxılmışdı.

Pavir daha sonra Əzərşəhr İnqilab Məhkəməsi tərəfindən "rəhbəri təhqir etmək" ittihamı ilə 7 ay 16 gün, "rejimə qarşı təbliğat fəaliyyəti göstərmək" ittihamı ilə isə 15 ay həbs cəzasına məhkum edilmişdi.

Həbsdə olduğu müddətdə o, təkadamlıq kameraya köçürülmə və məcburi etirafların alınması üçün təzyiqlər kimi ağır şəraitlərlə üzləşmiş, həmçinin Təbriz həbsxanasında döyülməsi barədə məlumatlar yayılmışdı.
Pavirin azadlığa buraxılması insan hüquqları müdafiəçiləri və tələbə fəallar tərəfindən geniş rəğbətlə qarşılanıb.

O, həmçinin Təbriz həbsxanasında cəza çəkdiyi müddətdə prezident seçkilərindən əvvəl yayımladığı audio müraciətdə həbsxanadakı insan haqlarının acınacaqlı vəziyyətdə olduğunu vurğulayaraq ciddi iradlar səsləndirmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru