Əsəd Rusiya bazasının hücuma məruz qalmasından sonra Suriyanı tərk etdiyini deyib
Bu gün, 15:44
Suriyanın hakimiyyətdən devrilmiş prezidenti Bəşar Əsəd sükutu pozaraq, ilk dəfə ölkəsindən qaçdıqdan sonra açıqlama verib. O, dekabrın 8-i axşam saatlarında Rusiya aviabazasının üsyançı qüvvələrin hücumuna məruz qalması və Moskvadakı rəsmilərin "təcili təxliyə" əmrindən sonra ölkəsini tərk etdiyini bildirib.
Bəşar Əsəd bu barədə dekabrın 16-da Suriya prezidentliyinin Telegramdakı səhifəsində bildirib. Əsədin hakimiyyətdən devrilməsindən sonra ilk açıqlama kimi görünən paylaşılan yazıda bildirilir ki, Hmeymim aviabazasından geri çəkilmə "nə əvvəlcədən planlaşdırılıb, nə də döyüşlərin son saatlarında baş tutub".
O həmçinin "heç vaxt istefa vermək və ya sığınacaq axtarmaq fikrində olmadığını və heç bir şəxs və ya qurum tərəfindən belə bir təklif almadığını" deyib.
Reuters agentliyinin məlumatına əsasən, Əsədin ölkədən gedişi hətta onun qohumları və yüksək səviyyəli rəsmiləri belə təəccübləndirib.
Rusiya bölgədə Əsədin hakimiyyətdə qalmasına kömək etmək üçün hökumət qüvvələri ilə üsyançılar arasında 14 illik vətəndaş müharibəsinə müdaxilə etmişdi.
Lakin ABŞ-ın terror təşkilatı kimi tanıdığı Heyət Təhrir Əş-Şam (HTŞ) və onun Türkiyə ilə əlaqəsi olan müttəfiqləri hökumət qüvvələrini sürətli hücumla məğlub etdikdən sonra Əsəd Suriyadan qaçıb.
Bunun ardınca HTŞ müvəqqəti hökumət qurmaq üçün sürətlə hərəkətə keçib. Təşkilatın liderləri Bəşar Əsədin devrilməsinə kömək edən fraksiyaların vahid qüvvə kimi birləşəcəyinə əmin olduğunu deyib.
HTŞ və keçid hökuməti bütün suriyalıların hüquqlarının qorunacağına söz verib.
Avropa İttifaqının xarici siyasət idarəsinin rəhbəri Kaja Kallas dekabrın 16-da deyib ki, Rusiya və Suriyanın digər sadiq müttəfiqlərindən olan İran ölkənin gələcəyi ilə bağlı heç bir təsirə malik olmamalıdır.
"Bir çox xarici işlər nazirləri yeni rəhbərlik üçün Rusiyanın təsirini aradan qaldırmağın şərt olduğunu vurğuladılar", o bildirib.
Kallas Avropa İttifaqı xarici işlər nazirlərinin Brüsseldə keçirilən iclasında jurnalistlərə verdiyi açıqlamasında həmçinin blokun Rusiyanın ölkədəki hərbi bazaları məsələsini gündəmə gətirəcəyini bildirib.
Əsədin hakimiyyətdən devrilməsi ilə Rusiya bazalarının - Latakiyadakı Hmeymim aviabazası və Tartus hərbi dəniz obyektinin gələcəyi sual altındadır.
Reuters agentliyi rusiyalılarla təmasda olan Suriya hərbi və təhlükəsizlik mənbələrinə istinadən bildirib ki, Moskva öz qüvvələrini cəbhə xəttindən geri çəkir və bəzi ağır texnikanı ölkədən çıxarır.