Süni intellektin bədii yaradıcılığı: insan fantaziyasına rəqəmsal töhfə
Bu gün, 10:14
Son illərdə süni intellekt (Sİ) təkcə texnologiya və elm sahələrində deyil, həm də incəsənət və bədii yaradıcılıq sahələrində öz böyük uğurlar əldə edir. Bu tendensiya insan fantaziyasına rəqəmsal təkan verməklə yanaşı, bədii yaradıcılığın sərhədlərini genişləndirir. Sİ artıq şeir yazır, romanlar yaradır, hətta rəsm əsərləri və musiqilər bəstələyir. Gəlin dünya təcrübəsindən diqqəti cəlb edən faktlara nəzər salaq.
İlk olaraq qeyd edək ki, süni intellektin klassik şairlərin stilini mənimsəyərək yeni şeirlər yazması xüsusi maraq doğurur. Hələ 2020-ci ildə “OpenAI”nin “GPT-3” modeli Mövlananın üslubunda yazılmış dərin məna dolu şeirlər təqdim etmişdir. Eyni zamanda, “DeepSpeare” adlı Sİ modeli Uilyam Şekspirin stilini təqlid edərək əsərlər yaratmışdır. Bu fakt sübut edir ki, Sİ-nin dil modelləri mürəkkəb üslub və ritmi mənimsəyə bilir.
Roman yazan Sİ-lər də maraq doğurur. Belə ki, hələ 1983-cü ildə süni intellekt proqramı olan “Racter” (“The Raconteur”) tərəfindən “The Policeman’s Beard is Half Constructed” adlı kitab yazılmışdır. Hekayələr, şeir və dialoqlardan ibarət olan kitab süni intellektin dil emal qabiliyyətini erkən mərhələdə nümayiş etdirmişdir.
2016-cı ildə Yaponiyada təşkil olunan “Hoshi Shinichi” mükafatı üçün süni intellektlə yazılmış “The Day a Computer Writes a Novel” adlı roman təqdim edilmişdir. Süni intellekt romanın strukturunu formalaşdırsa da, yazının bəzi hissələri insan müdaxiləsi ilə redaktə olunmuşdu. Romanda bir robotun insan olma arzusunu izah edən hekayə yer alır. Bu əsər, Sİ-nin yazdığı ilk romanlardan biri kimi tanınır Sİ vasitəsilə yazılan digər eksperimental romanlardan biri olan “1 the Road” 2018-ci ildə təqdim edilib.
Sİ proqramı avtomobilin idarə etdiyi Kaliforniya boyunca səyahət əsnasında müxtəlif məlumatları (kameralar, GPS, mikrofon və s.) toplayaraq mətnlər yaratmışdır. Bu əsər avtomatik yaradılmış olsa da, səyahət təcrübəsini təsvir edən maraqlı poetik parçalar və dərin ifadələrlə zəngindir. Romandakı mətnlər insan yaradıcılığı ilə texnologiyanın sintezini nümayiş etdirir və yeni yazı üslublarının mümkünlüyünü göstərir.
Onda qeyd edək ki, sənət dünyasında Sİ-nin təsiri yalnız ədəbiyyatla məhdudlaşmır. 2018-ci ildə “Obvious” adlı bir kollektiv süni intellektdən istifadə edərək “Edmond de Belamy” adlı portreti hazırlamışdır. Bu rəsm əsəri 432,500 ABŞ dollarına satılaraq Sİ-nin bədii yaradıcılıqda kommersiya dəyərini də nümayiş etdirmişdir. Musiqi sahəsində isə AIVA (Artificial Intelligence Virtual Artist) klassik üslubda simfoniyalar bəstələməklə məşhurdur.
Hazırda Sİ-nin bədii yaradıcılığı müəyyən tənqidlərə də məruz qalır. Belə ki, bir çoxları Sİ-nin yaradıcılığını təqlid kimi qiymətləndirir, çünki Sİ yalnız mövcud məlumatları emal edir. Bundan əlavə, müəlliflik hüquqları və orijinal yaradıcılığın mahiyyəti ilə bağlı etik suallar da cavablandırılması tələb olunan mübahisəli məsələlərdəndir. Süni intellekt bədii yaradıcılıqda inqilabi dəyişikliklər yaratsa da, onun tamamilə insan təxəyyülünü əvəz edəcəyi sual altındadır. Bu texnologiya insan yaradıcılığı üçün bir vasitə kimi qəbul edilməli, lakin yaradıcılığın mahiyyəti yalnız alqoritmik məntiqə əsaslanmamalıdır.
Beləliklə, deyə bilərik ki, süni intellektlə yaradıcılığın inteqrasiyası, insanın təxəyyülünü yeni səviyyəyə qaldırmaq üçün bir körpü rolunu oynayır.