Məhkəmə “Meydan TV”nin jurnalistini həbsdə saxlayıb

Bu gün, 09:34           
Məhkəmə “Meydan TV”nin jurnalistini həbsdə saxlayıb
Bakı Apellyasiya Məhkəməsi “Meydan TV işi” üzrə həbs edilmiş jurnalist Ramin Dekonun ev dustaqlğına buraxılmasının təmin edilməməsi barədə Xətai Rayon Məhkəməsinin qərarından verilən şikayəti təmin etməyib.

"Heç bir istintaq hərəkəti aparılmır. Həm də ittiham tərəfinin onu həbsdə saxlaması üçün heç bir sübutu yoxdur," vəkil Amerikanın Səsinə bildirib.

Nemət Kərimli qeyd edib ki, məhkəmədə istintaq tərəf şikaytin təmin edilməməsini deyib.

Onun sözlərinə görə, ikinci instansiya məhkəməsi jurnalisti həbsdə saxlayıb.

Bununla belə vəkil qeyd edib ki, fevralın 12-də Ramin Deko da iştirak edib.

O, həbsini jurnalist fəaliyyəti ilə əlaqələndirib.

Bununla belə vəkil jurnalistin saxlanma və səhhəti ilə bağlı şikayətinin olmadığını bildirib.

Ötən ay Meydan TV-nin həbs edilən jurnalistləri Aynur Elgünəş, Aytac Tapdıq, Xəyalə Ağayeva, Aysel Umudova, Natiq Cavadlının ev dustaqlığına buraxılması ilə bağlı vəsatətləri təmin edilməyib.

Jurnalistlərin vəkilləri məhkəmənin bu qərarı ilə razılaşmayaraq, apellyasiya şikayəti veriblər. Məhkəmə onlar barəsində birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Dekabrın 8-də Bakının Xətai Rayon Məhkəməsi “Meydan TV”nin baş redaktoru Aynur Elgünəş (Qənbərova), saytın əməkdaşları Aytac Tapdıq (Əhmədova), Natiq Cavadlı, Xəyalə Ağayeva, Aysel Umudova, müstəqil jurnalist Ramin Deko, media əməkdaşı Ülvi Tahirov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.

Jurnalistlər Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirli bilinir.

“Meydan TV” jurnalistlərin saxlanılmasının və dindirilməsinin qeyri-qanuni olduğunu bildirib.

“Fəaliyyətə başladığımız gündən jurnalistlərimiz həbs edilib, özləri və ailələri təqiblərə məruz qalıb, onlara müxtəlif təzyiq və təhdidlər olub. Bizimlə əməkdaşlıq edən jurnalistlərin ölkədən çıxışına qanunsuz şəkildə qadağa qoyulub”, bəyanatda qeyd edilib.

“Meydan TV” 2013-cü ildə yaradılıb və Azərbaycanda baş verən hadisələri tərəfsiz, obyektiv yayan media qurumu olduğunu bəyan edib.

Media müstəqil fəaliyyət göstərdiyi müddətdə zaman-zaman hakimiyyətin təzyiqləri ilə üzləşib.

2015-ci ildə “Meydan TV” haqqında cinayət işi açılıb, əməkdaşı Şirin Tire (Abbasov) 30 sutka həbs olunub, kanalla əməkdaşlıq edən jurnalistlərin ölkədən çıxışına qadağa qoyulub.

Avropa Məhkəməsinin qərarı ilə hökumətin jurnalistlərə qoyduğu ölkədən çıxış qadağası qanunsuz sayıldığına görə Azərbaycan hökuməti 2019-cu ildə bu qadağanı aradan qaldırmağa məcbur olub.

2017-ci ildə ölkə ərazisində “Meydan TV”nin saytına blok qoyulub. Kanalın sosial şəbəkələrdəki hesabına dəfələrlə kiberhücum olunub, materialları silinib.

2021-ci ildə OCCRP-nin yaydığı araşdırma zamanı məlum olub ki, hökumət İsrailin NSO şirkətinin köməyi ilə kanalla əməkdaşlıq edən şəxslərin telefonlarını dinləyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.