Rusiya Kyivə raket və dronlarla hücum edib, ölənlər var

Bu gün, 09:44           
Rusiya Kyivə raket və dronlarla hücum edib, ölənlər var
Ukrayna rəsmiləri çərşənbə günü Rusiya qüvvələrinin gecə saatlarında Kyivə ballistik raketlər və 120-dən çox dronla hücum etdiyini və ən azı bir nəfərin öldüyünü bildirib.

Kyivin meri Vitali Kliçko Telegram-da bildirib ki, hücumlar nəticəsində daha üç nəfər yaralanıb.

Kyiv fövqəladə hallar xidmətləri şəhərin dörd rayonunda binalarda yanğınların çıxdığı və digər ziyanlar barədə məlumat verib.

Ukrayna ordusu bildirib ki, raketlər həmçinin Dnipropetrovsk vilayətində yerləşən Krivı Rih şəhərini də hədəf alıb.

Region qubernatoru Serhiy Lısak Telegram-da bildirib ki, Rusiya hücumları nəticəsində bir məktəb, otel, inzibati bina və üç yaşayış binasına ziyan dəyib.

Ukrayna Hərbi Hava Qüvvələri bildirib ki, Ukraynanın hava hücumundan müdafiə sistemləri Rusiya qüvvələrinin atdığı 123 drondan 71-ni və altı raketi vurub.

Onlar Çerkassı, Çernihiv, Dnipropetrovsk, Xarkiv, Xerson, Kirovohrad, Kyiv, Mikolaiv, Poltava, Sumı və Jitomir vilayətləri üzərində vurulub.

“Putin sülhə hazırlaşmır – o, ukraynalıları öldürməyə və şəhərləri dağıtmağa davam edir,” Ukrayna prezidenti Volodimir Zelenski Telegram mesajlaşma proqramında deyib. “Hazırda bu müharibəyə ədalətli son qoymaq üçün mübarizədə bütün tərəfdaşlarımızın birliyinə və dəstəyinə ehtiyacımız var”.

Rusiya Müdafiə Nazirliyi çərşənbə günü Belqorod vilayəti üzərində Ukraynanın üç dronunu vurduğunu bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.