Pistorius ABŞ-nin hərbi xərcləri ÜDM-in 5 %-nə qədər artırmaq çağırışına qarşıdır

Bu gün, 08:38           
Almaniyanın müdafiə naziri Boris Pistorius Pentaqonun yeni rəhbəri Pit Heqset ilə ilk görüşündən sonra ABŞ Prezidenti Donald Trampın müdafiə xərclərini ölkənin ÜDM-in 5 faizinə çatdırmaq təklifinə qarşı çıxıb.

“Report” xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.

“Xeyr, ÜDM-in 5 faizi hədəfindən söhbət gedə bilməz. ABŞ Prezidenti tələb edir ki, bu rəqəm 5 faiz olsun. Amerikalıların özləri bundan çox-çox uzaqdadırlar”, – Pistorius Brüsseldə “Ramştayn” formatında Ukraynaya silah tədarükü üzrə təmas qrupunun iclasının kuluarlarında deyib.

Eyni zamanda almaniyalı nazir hansı kvotanı zəruri hesab etdiyini də dəqiqləşdirməyib, lakin müdafiə xərclərində ÜDM-in 2 və ya 2,5 faizinin kifayət etmədiyini bildirib.

O vurğulayıb ki, ÜDM-in 3 faizini başlanğıc nöqtə kimi götürsək, bu, ildə təxminən 120 milyard avroya bərabər olacaq.

“Bu, xüsusi fond (Almaniya Silahlı Qüvvələri üçün 100 milyard avro məbləğində nəzərdə tutulmuş fonddur – red.) nəzərə alınmadan, hazırda büdcədə nəzərdə tutulandan təqribən 65-68 milyard avro çoxdur”, – nazir bildirib. Onun sözlərinə görə, belə bir məbləğ Almaniyanın 480 milyard avro təşkil edən ümumi federal büdcəsindən silinə bilməz.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.