HƏMAS Ramazan bayramında atəşkəs üçün bir neçə girov azad edə bilər
29-03-2025, 12:16
HƏMAS Qəzza zolağında Ramazan bayramı müddətində atəşkəs üçün bir neçə girovu azad edə bilər.
Bu barədə İsrailin "Kan" teleradio şirkəti öz mənbələrinə istinadən məlumat yayıb.
Bildirilir ki, HƏMAS hərəkatı bir neçə girovu, o cümlədən ABŞ vətəndaşlığı olan İsrail əsgəri İdan Aleksanderi bayram zamanı atəşkəs müqabilində azad etməyə hazırdır.
Telekanaldan vurğulanır ki, bir neçə günlük atəşkəs hərəkata bu həftə fələstinlilərin HƏMAS-ın Qəzza zolağındakı hakimiyyətinə qarşı keçirdikləri etirazları yatırmaq üçün lazımdır.
Martın 18-də İsrail ordusu Qəzza zolağında döyüş əməliyyatlarını bərpa edərək, anklavı kütləvi zərbələrə məruz qoyub və bununla da yanvarda müəyyən edilmiş atəşkəs rejimini pozub. Baş nazir Benyamin Netanyahunun ofisi bunu HƏMAS-ın vasitəçilər və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff tərəfindən danışıqlarda irəli sürülən təklifləri rədd etməsi ilə izah edib və əməliyyatın məqsədinin bütün girovların azad edilməsi olduğunu bildirib. Hərəkat döyüş əməliyyatlarının bərpasına görə məsuliyyəti İsrail və ABŞ-nin üzərinə atıb.