İradə Səfərovadan istefa ərizəsi alınıb
22-10-2016, 01:12
Bakı İdarəetmə və Texnologiya Kollecinin direktorunun tutduğu vəzifədən uzaqlaşdırılması qərara alınıb Təxminən, 12 ilə yaxın Bakı Kompüter Kollecinin direktoru vəzifəsində çalışan, lakin adıçəkilən təhsil müəssisəsinin Bakı İdarəetmə və Texnologiya Kollecinə birləşdirilməsindən sonra bu kollecin direktoru postuna gətirilən İradə Səfərova ilə bağlı Gundelik-Baku.com-a olduqca ilginc informasiyalar daxil olub. Belə ki, əldə etdiyimiz bilgilərdə deyilir ki, İradə Səfərova təhsil naziri Mikayıl Cabbarovun qərarı ilə Bakı İdarəetmə və Texnologiya Kollecinin direktoru vəzifəsində azad edilib. Bu barədə əldə etdiyi məlumatları Gundelik-Baku.com-la bölüşən mənbənin sözlərinə görə, ötən gün İradə Səfərova Təhsil Nazirliyinə dəvət olunub və ondan istefaya göndərilməsilə bağlı ərizə alınıb: «Deyilənlərə görə, artıq Bakı İdarəetmə və Texnologiya Kollecinin direktorunun istefa ərizəsi alınıb. Bildirilir ki, İradə Səfərovanın istefa ərizəsinin alınma səbəbləri onun işində yol verdiyi nöqsanlarla, eyni zamanda rəhbərlik etdiyi təhsil müəssisəsində yaşanan xoşagəlməz hallarla bağlıdır. Qeyd olunur ki, məhz İradə Səfərovanın rəhbərlik etdiyi qısa dönəmdə Bakı İdarəetmə və Texnologiya Kolleci mövcud olan neqativ halların çoxluğuna görə bu tip təhsil müəssisələri sırasında ilk yerlərdən birində qərarlaşıb». Məhz İradə Səfərovanın gəlişindən sonra Bakı İdarəetmə və Texnologiya Kollecində vəziyyətin dramatikləşdiyini iddia edən məlumatlı şəxs bildirir ki, adıçəkilən təhsil müəssisəsindəki yarıtmaz idarəçiliklə bağlı müvafiq orqanlara özündə konkret faktları əks etdirən müraciətlər öz nəticəsini verib: «Deyilənlərə görə, həmin şikayətlərin araşdırılması zamanı ortaya doğurdan da ciddi faktlar çıxıb. Elə bütün bunlardan sonra da Bakı İdarəetmə və Texnologiya Kollecinin direktoru İradə Səfərovanın tutduğu vəzifədən uzaqlaşdırılması qərara alınıb. Odur ki, kollec direktoru taleyi ilə barışmaq zorunda qalaraq, istefa ərizəsi yazıb. Deyilənlərə görə, onun vəzifədən uzaqlaşdırılması qərarı yaxın günlərdə ictimailəşəcək».
Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
teref.az