Bərdədə soyuq savaş - İcra başçısı rəqibini məhv etmək istəyir

22-10-2016, 09:35           
Bərdədə soyuq savaş - İcra başçısı rəqibini məhv etmək istəyir
Ölkədə keçirilən referendum aktından sonra hakimiyyətin ciddi islahatlara gedəcəyi barədə məlumatların ardı-arası kəsilmir. Əsasən idarəetmə strukturlarında aparılacaq dəyişikliklərin ilkin siqnalları da gəlməkdədir. Neftin qiymətinin kəskin ucuzlaşmağına görə son bir ildə bir sıra dövlət müəssisələri ləğv edildi, bəziləri isə birləşdirildi. Qeyd edək ki, bu gün də Nazirlər kabinetinin qərarına əsasən "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Ekologiya İdarəsi "Bakı Sukanal” İdarəsinə, H.Z.Tağıyev adına Su Təchizatı İdarəsi və Oğuz-Qəbələ-Bakı Su Təchizatı İdarəsi Ceyranbatan Su Təchizatı İdarəsinə birləşdirildi.

Referendum ərəfəsində bəzi rayonların icra hakimiyyətlərinin ləğv olunacağı söylənilsə də bunun reallaşacağı məntiqli görünmür. Ancaq bəzi özünü doğrultmayan, fəaliyyətində ciddi qüsurları olan və ən əsası əhalini mərkəzi hakimiyyətdən incik salan icra hakimiyyəti başçılarının vəzifələrindən alınacağı dəqiqdir. Aztoday.az-a daxil olan məlumatlara görə, vəzifəsindən azad ediləcək məmurlardan biri də Bərdə RİH-nin başçısı Vidadi İsayevdir.

2011-ci ildən indiyədək Bərdə rayonuna rəhbərlik edən Vidadi İsayevin fəaliyyətindəki nöqsanlar barədə mətbuatda müntəzəm olaraq məlumatlar tirajlanır. Vidadi İsayev rəhbərlik etdiyi müddət ərzində Bərdə rayonunda vizual olaraq dəyişikliklər etsə də əhalinin sosial- rifah halının yaxşılaşdırılması istiqamətində heç bir uğura nail ola bilməyib. Tez-tez rayondakı sahibkarlarla, fermerlerlə münasibətləri gərginləşən Vidadi İsayev əlindəki səlahiyyətlərdən istifadə edərək onları cəzalandırmaqdan da çəkinmir. Elə bu yaxın günlərdə Space tv-nin müxbiri rayondakı narazı fermerlərdən reportaj hazırlamaq istədiyinə görə Vidadi İsayevin göstərişi ilə işindən qovuldu. Ancaq ölkə prezidentindən daha çox Gəncə ŞİH-nin başçısı Elmar Vəliyevə arxalanan Vidadi İsayevlə bağlı AzToday.az-a daxil olan məlumatda deyilir ki, onun rayonda çəkindiyi, daha doğrusu etibar etmədiyi, əlində düşən ilk fürsətdə məhv etməyə hazır olduğu bəzi məmurlar var. Bu məmurlardan biri də Bərdə rayon Gənclər və İdman İdarəsinin rəisi Anar Şahbazovdur.
Anar Şahbazovun intellektuallığı, fəaliyyətində nöqsanlardan daha çox uğurların olması və ən əsası iş prinsipinə görə ölkənin bir sıra nazirləri, komitə rəhbərləri və ictimai xadimləri ilə sıcaq münasibəti RİH başçısı Vidadi İsayevin daim qısqanclığına səbəb olub. Hətta bir müddət öncə Vidadi İsayev Anar Şahbazovu ləkələyərək vəzifəsindən almaq istəsə də ciddi təpki ilə üzləşdi. Rayon gəncləri, ziyalıları Vidadi İsayevə Anar Şahbazovu “sıxmaq” istəməsinə müəyyən vasitələrlə etirazlarını bildirirlər. Digər vacib məqam isə o idi ki, paytaxtda fəaliyyət göstərən bəzi mətbuat orqanları da bu məsələyə görə icra başçısının üstünə getdilər. Mənbəmiz qeyd edir ki, axırıncı məqam Vidadi İsayevi durdura bildi. Çünki rayonda kifayət qədər narazı insanların olduğunu bilən başçı burada ikinci “ismayıllı hadisəsinin” təkrarlanacağından hər an ehtiyat edir.

Vidadi İsayev Anar Şahbazova qarşı apardığı “repressiya”ya son versə də hələ də gizli olaraq mübarizəsini aparır. Hətta əldə etdiyimiz məlumatlara görə, Vidadi İsayev özü barəsində yazılan bütün neqativ yazıların arxasında Anar Şahbazovun dayandığını düşünür. Və bunu rayonda keçirdiyi tədbirlərdə dəfələrlə də bəyan edib.

AzToday.az-ın əldə etdiyi məlumata görə, Bərdə rayon Gənclər və İdman İdarəsinin rəisi Anar Şahbazov son zamanlar daha ehtiyatlı davranmağa başlayıb. Belə ki, rəhbəri olduğu idarənin bütün maliyyə- hesabat sənədlərini dəfələrlə yoxlatdıran Anar Şahbazov bəzi hallarda RİH başçısının tədbirlərinə getməyərək əzələ nümayiş etdirir. Məlumata görə Bərdə rayonunda hətta bəzi idarə və müəssisə rəhbərləri Anar Şahbazovu gələcək RİH başçısı kimi görürlər.

Məlumatda deyilir ki, uzun illərdən bəri RİH başçısıyla idarə müdiri arasında gedən gizli mübarizə artıq açıq müstəviyə keçməkdədir. Deyilənlərə görə, bu cür məsələlərdə kifayət qədər təcrübəyə malik Vidadi İsayevin gizli tapşırığı ilə Anar Şahbazovun barəsində rayonda mənfi rəy formalaşdırılmaqdadır. Belə ki, son zamanlar Anar Şahbazovun vəzifəsinin öhdəsindən gələ bilməməsi, tezliklə vəzifəsindən alınacağı, rayon Gənclər və İdman İdarəsində ciddi yeyintilərin, Olimpiya kompleksindəki maxinasiyalar barədə şayiələr yayılmaqdadır. Deyilənlərə görə, bütün bu şayiələrin yayanlar Vidadi İsayevə yaxın şəxslərdir.

İcra başçısı ilə idarə rəisinin apardıqları soyuq müharibənin nə ilə nəticələnəcəyi ilə bağlı məlumatda deyilir ki, bu ilin sonuna qədər məlum olacaq. Əldə etdiyimiz səhih məlumata görə, Vidadi İsayev tezliklə vəzifəsindən azad olunacaq. Anar Şahbazov isə rayona yeni gələn icra başçısına birinci müavin təyin olunacaq. Hər halda bu məlumatların nə qədər doğru çıxacağını bilməkdən ötrü bizlərə sadəcə gözləmək qalır...
Qarşı tərəf də münasibət bildirə bilər.
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.