ABŞ-də erməni cinayətkar sindikatının 13 üzvü saxlanılıb

Bu gün, 12:18           
ABŞ-də erməni cinayətkar sindikatının 13 üzvü saxlanılıb
ABŞ-də erməni mütəşəkkil cinayətkar dəstənin 13 üzvü saxlanılıb. Onlara qarşı adam öldürməyə cəhd, adam oğurluğu, qanunsuz silah saxlamaq, bank və elektron fırıldaqçılıq, eləcə də 80 milyon dollardan çox yük oğurluğu ilə bağlı ciddi ittihamlar irəli sürülüb.

Bu barədə "ABC News" xəbər verir.

Hüquq-mühafizə orqanları Los-Ancelesin San-Velli rayonundakı evdə və Cənubi Kaliforniya ilə Floridada bir sıra digər ünvanlarda axtarışlar aparıblar.

Yerli prokurorluq bildirib ki, "Amazon" şirkətindən sindikat üzvlərinin təşkil etdiyi yük oğurluğu sxemi çərçivəsində 83 milyon dollar dəyərində mal oğurlanıb:

"Bu transmilli cinayətkar təşkilat beynəlxalq kartel strukturuna malik olub. Onların fəaliyyəti ictimai təhlükəsizliyə ciddi ziyan vurub və qanuni ticarətə, təchizat zəncirlərinə böyük zərər yetirib", - deyə açıqlamada qeyd edilib.

Əməliyyat zamanı hüquq-mühafizə orqanları 100 min dollar nağd pul, üç zirehli avtomobil və 14 odlu silah ələ keçiriblər.

Hadisə ilə bağlı San-Vellidəki qonşular bildiriblər ki, həmin evə beş il əvvəl köçən sakinlər daim şübhəli hərəkətlər nümayiş etdiriblər.

ABŞ Prokurorluğu və Daxili Təhlükəsizlik üzrə istintaqçılar bildirirlər ki, saxlanılan şəxslər San-Fernando vadisində cinayət şəbəkəsinin nəzarətini ələ almağa və onu genişləndirməyə çalışıblar. Məlumata görə, rus mafiyası ilə əlaqəli olan erməni mütəşəkkil cinayətkar dəstəsi Los-Anceles bölgəsini ABŞ-də əsas əməliyyat mərkəzinə çevirib.

2022-ci ildən etibarən təşkilatın iki yerli lideri - "avtoritet" adlandırılan şəxslər - öz ərazilərində hakimiyyət uğrunda mübarizəyə qoşulublar. Bu münaqişə çoxsaylı adam öldürməyə cəhd və adam oğurluqları ilə nəticələnib.

Saxlanılan şəxslər Ara Artuni, Robert Amiryan, Vaan Arutyunyan, Levon Arakelyan və İvan Boxorkezdir.

İstintaqın versiyasına görə, 2023-cü ilin yayında Artuni Amiryanın öldürülməsini sifariş edib. Amiryan isə iyun ayında Artuninin yaxın adamlarından birini oğurlayıb və işgəncə verib.

Prokurorluğun məlumatına görə, Artuni və qrupu "Amazon"da yükdaşıyıcı kimi qeydiyyatdan keçib, daşıma müqavilələri bağlayıblar, lakin daha sonra marşrutdan saparaq yükləri oğurlayıblar. Bundan əlavə, onlar saxta şirkətlər vasitəsilə kredit kartı oğurluğu sxemi quraraq pul vəsaitlərini şirkətlər etiraz etməmişdən əvvəl çıxarıblar.

Hazırda hüquq-mühafizə orqanları sindikatla əlaqəli daha bir şübhəlini axtarır.

ABŞ Prokurorluğu bildirir ki, əgər 13 nəfər təqsirli bilinərsə, onları 10 ildən ömürlük həbs cəzasınadək cəza gözləyir.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.