MAŞIN “XORULTUSU”NUN ÜZƏRİNDƏ QURULAN OYUN – Polkovnik təsərrüfatını şaxələndirir

14-11-2016, 20:14           
MAŞIN “XORULTUSU”NUN ÜZƏRİNDƏ QURULAN OYUN – Polkovnik təsərrüfatını şaxələndirir
“Son zamanlar ölkənin müxtəlif sahələrində ciddi islahatlar aparılır, korrupsiya və rüşvətin qarşısını kəsən müəyyən addımlar atılır. Sözsüz ki, bütün bunların başında Azərbaycan Prezidentinin şəxsi iradəsi dayanır. Bununla belə, Prezidentin iradəsindən sui-istifadə edənlər də az deyil. Bəzi hallarda ölkə rəhbərinin barmaq silkələməsindən belə istifadə edən bir çox dövlət məmurları öz şəxsi biznesini genişləndirirlər. Dövlət Yol Polisi bu sahədə öncüllərdən biridir”.

Bunları “AzPolitika.info”ya müraciət edən bir iş adamı bildirib. Adının açıqlanmasını istəməyən şikayətçi Dövlət Yol Polisindən narazıdır. O bildirir ki, ilk baxışdan Dövlət Yol Polisi İdarəsi yollarda nizam-intizamı ciddi təmin edir, yol qaydasını pozmayan heç bir sürücünü incitmir. Əslində isə bütün bunlar arxada baş verən “böyük soyğunçuluğun üzərinə çəkilmiş örtükdən başqa bir şey deyil”:
“Ölkə başçısını aldatmaq üçün yollarda dayanan DYP əməkdaşları xeyli mədəni görünürlər. Amma təsbit etdikləri xırda bir qanunsuzluq halı müşahidə olunan kimi, sürücülərin əsl müsibətləri qurumun şöbələrində başlayır. Xüsusilə, Baş Dövlət Yol Polisi İdarəsinin İmtahan Qeydiyyat Şöbəsində. Bu şöbəyə yolu düşən bütün sürücülərin üzünə idarə qapıları bağlı tutulur. Uzun süründürməçilikdən sonra idarəyə dəvət edilmiş qurbanların qarşısında “makler”lər peyda olur. Əsl sövdələşmə də bundan sonra başlayır. Bəzən idarə etdiyin maşının “qluşiteli”, bəzən siqnalı, bəzən isə hər hansı bir hissəsi “standart”lara cavab vermir. Maraqlıdır ki, vətəndaşdan tələb olunan külli miqdarda pul bütün “standart”ları öz yoluna qoyur”.
Həmsöhbətimizin bildirdiyinə görə, onun idarə etdiyi maşının mühərriki 6 silindirlidir və yeni istehsal olunub: “Motorun gücünə görə zavod ona katalizatorlar qoyub. DYP isə zavodun məsləhət bildiyi bu katalizatorları bəyənmir. Yüksək səs çıxartdığı bəhanəsilə “qluşitel”in içini doldurmağı tələb edir”.

İxtisasça fizik olan şikayətçi isə bunun mühərrikə zərər vuracağını düşünür və tələblə razılaşmır. Baş Dövlət Yol Polisi İdarəsinin İmtahan Qeydiyyat Şöbəsinin əməkdaşları vətəndaşın bu haqlı tələbinə qanun çərçivəsində cavab vermək əvəzinə, rəislə görüşməyi məsləhət bilirlər. Di gəl ki, şöbənin rəisini yerində tapmaq müşkülə dönüb. Hər dəfə onun qarşısına rəisin köməkçisi Aydın Əsgərov çıxır. Rütbəcə çavuş olan köməkçi problemin rəislik olmadığını, ölkə başçısının bu cür göstəriş verdiyini bildirərək, vətəndaşı get-gələ salır.

Qeyd edək ki, Aydın Əsgərovun “rəis” dediyi adam Baş Dövlət Yol Polisi İdarəsinin İmtahan Qeydiyyat Şöbəsinin rəisi, polis polkovniki Müşfiq Rəhimovdur. Polkovniklə çavuşun birgə fəaliyyəti barədə şikayət ilk belə hadisə deyil. İkilinin fəaliyyəti barədə bir çox onlayn mediada, o cümlədən sosial mediada xeyli məlumatlar dərc olunub. Belə məlumatlardan birində deyilir: ”O (Müşfiq Rəhimov), otağının qarşısında quraşdırdığı kamera vasitəsi ilə əsas müştəriləri ilə təsadüfiləri bir birindən ayırır. Və tanımadığı adam olarsa, onu köməkçisi Aydının üzərinə yönləndirir”.

Məlumatda Aydın Əsgərovun “işgüzarlığı” barədə ciddi iddialar irəli sürülsə də, bir polis əməkdaşına yaraşdırmadığımız ifadələri sitat gətirmək istəmədik. Məqsədimiz sadəcə polkovnik-çavuş ittifaqının səbəblərinə aydınlıq gətirmək idi. Mətbu orqanlarda yüksək rütbə daşıyan Müşfiq Rəhimovun digər biznes sahələrinə də ətraflı yer verilib. Bu haqda bir az sonra danışacağıq. Hələlik isə polkovnik Rəhimovun Avropada istehsal olunan maşınlarda səhv tapılma metodları barədə…

Şikayətçi bildirir ki, DYP əməkdaşları əsasən təzə və bahalı maşınlara “ilişirlər”. Görünür, onların təsəvvürlərinə görə, ən yaxşı pul da həmin maşın sahiblərində ola bilər. “Qurbanlıqlara” cəzaları isə çox maraqlı üsulla sübuta yetirilir: maşınların “qluşitel”inə səsölçmə cihazları quraşdırılır və bu yolla onların səsi müəyyənləşdirilir.
Fizikaçı olan şikayətçi isə səsin bu cür ölçülməsinin heç də doğru metod olmadığını bildirir. Nədən ki, səs çıxdığı nöqtədə olduqca gur eşidilə bilər, amma ətrafa yayıldıqca öz gücünü itirir və insanları narahat etməyəcək səviyyəyə düşür: “Hər halda Avropa zavodları bütün bunları nəzərə alıb həmin maşınları istehsal edib. Avropa standartlarına uyğun olan bir şey Azərbaycanda niyə qəbul edilməməlidir? Əgər qəbul edilmirsə, niyə bunlar əvvəlcədən maşın alıcılarına bildirilmir? Axı həmin maşınlar xaricdən gətirilərkən, Gömrük komitəsində, DYP-nin müxtəlif şöbələrində yoxlanıldıqdan sonra ölkə idxal olunurlar. Qısa müqqətdən sonra isə Azərbaycan standartlarına cavab vermirlər. Bu nə dərəcədə doğrudur? Zavodların qoyduğu hissələri dəyişdirmək, yaxud ona nəsə əlavə etmək maşına zərər vurmazmı?”

Şikayətçinin bu sualını bir mütəxəssisə invanladıq. Türkiyənin Uludağ universitetindən məzun olan və uzun illər Bakının müxtəlif yerlərində “qluşitel” düzəltmə sexləri işlədən İlqar Məmmədov zavod ayarında olan hissələrin dəyişdirilməsi tələbini həm qanun, həm də maşınların təhlükəsizliyi baxımından düz olmadığını bildirdi:
“Avropada maşınlar müxtəlif standartlar nəzərə alınaraq istehsal olunur. Bu standartlara həm maşınların təhlükəsizliyi, həm də ekologiya ilə bağlı məsələlər daxildir. Xüsusilə “qluşitel”lər bunun üçün nəzərdə tutulub. “Qluşitel”lərin içində katalizatorlar olur. Bu katalizatorlar mühərrikin fəaliyyəti nəticəsində ortaya çıxan zəhərli qazları təmizləyirlər. Daha konkret desək, zəhərli azot qazı bu filtrlərdən keçərək sərbəst azot qazına çevrilir və daha sonra atmosferə buraxılır. Həmin ayarları dəyişdirmək isə ya ekologiyaya, ya da maşına zərər vura bilər. Məsələn, bizdə bəzi gənclər avtoşluq xətrinə “qluşitel”in içini boşaldırlar. Yəni katalizatorları azaldırlar. Nəticədə dəm qazı təmizlənmədən havaya buraxılır. Bu, təbii ki, ekologiyanın çirklənməsi deməkdir və DYP bu hallara qarşı mübarizə aparmalıdır. Amma sürücüdən əlavə katalizator qoymağı tələb etmək doğru deyil. Zavodun “səhvini düzəltmək” mühərriklərin boğulmasına, işləmə fuksiyasını düzgün həyata keçirməməsinə səbəb ola bilər. Nəticədə maşınlar tez sıradan çıxar və ya daha dəhşətli qəza halları yaranar”.

İlqar Məmmədovun dediyinə görə, əslində qanun da buna icazə vermir: “Ümumiyyətlə, qanunvericilikdə zavod ayarında olan maşınların cəzalandırılması deyilən hər hansı maddə yoxdur. Əksinə, hissələrə əlavə avadanlıqların quraşdırılması maddəsi var. Son zamanlar DYP əməkdaşları məhz bu maddəni əsas gətirərək, sürücüləri incidirlər. Dəfələrlə bənzər şikayətə mən də şahid olmuşam. Zavod ayarında olan maşınları saxlayıb hissələrə əlavə avadanlıq quraşdırılması maddəsiylə cəzalandırıblar. Yəni qanuni tələbi tamamilə tərsinə yerinə yetirirlər”.

O ki qaldı maşınların çıxartdığı səsə, İlqar Məmmədovun fikrincə, bu, mühərrikin gücündən asılıdır: “Daha güclü mühərriklər daha çox benzin yandırdığına görə, daha çox səs çıxara bilərlər. Bunun nə ekologiyanın çirklənməsinə, nə maşının xarab olmasına, nə də əhalinin narahatlığına qətiyyən dəxli yoxdur. Hər halda Avropa ölkələrindəki zavodlar bütün bu amilləri nəzərə alıb maşın istehsal edirlər”.

Mütəxəssis gündəlik həyatımızda tez-tez baş verən bu kimi qanunsuz tələblərin əsl səbəbinə də aydınlıq gətirdi: “Eşitdiyimə görə, şəhərdə ayarlarıyla oynanılmış maşınların çıxartdığı gurultunun qarşısını almaq üçün Prezident bu kimi hallara qarşı mübarizə aparmağa göstəriş verib. Bəzi işbazlar da bu şifahi göstərişdən sui-istifadə edirlər”.

Göründüyü kimi, İlqar Məmmədov da bəzi DYP rəhbərlərinin Prezidentin göstərişindən öz mənfəətləri üçün faydalanmaları ehtimalını istisna etmir. Bu işdə ən “uğurlu” tapıntı isə Baş Dövlət Yol Polisi İdarəsinin İmtahan Qeydiyyat Şöbəsinə aiddir. Qurumun rəisi, polis polkovniki Müşfiq Rəhimovun adı ətrafında mətbu orqanlarında gedən bir sıra məlumatlar da bu “kəşfin” təsadüfi olmadığından xəbər verir.

İddialara inansaq, M.Rəhimov məhz bu qabiliyyətinin sayəsində özünün təsərrüfatını xeyli şəxaləndirib. Onun qazanc mənbələri arasında maşın nömrələrinin dəfələrlə baha qiymətə satışından tutmuş, sürücülük vəsiqəsinin ticarətinə qədər, çox geniş spekrtli biznes imkanları dayanır. Gəlin, polis polkovnikinin bu biznes sahələri barədə tez-tez mətbuat səhifələrini bəzəyən bəzi məlumatlara nəzərə salaq:
“Rəhimovun əsas gəlir yeri nömrə satışındandır. Avtomobillər üçün nəzərdə tutulmuş bu nişanların dövlət rüsumu 18 manatdan baha deyil. Amma elə bir vətəndaş olmaz ki, şəxsi maşınına nömrə alarkən 250-300 manat xərci çıxmasın.
Məsələn, 10 NN 555 nömrəsinin qiyməti 3000 manatdır. Bu qiymətlər hərflər üzrə dəyişir. Tutaq ki, 10 CC 555 nömrəsinə sahib olmaq istəyən şəxs bunun üçün şöbədə ən azı 4-5 min manat xərcə düşməlidir.
Müşfiq Rəhimovun ən çox qazanc götürdüyü dövlət nömrə nişanları isə 99 ZZ (TT) 999-dur. Məlumatlara görə, bu nömrələrin qiyməti 200-230 min manat arasında dəyişir. Həmin nömrələri hər kəsin almaq imkanı olmasa da, varlı adamları özünün daimi müştərisinə çevirmiş şöbə rəisi rahatlıqla böyük qazanclar əldə edə bilir.
Müşfiq Rəhimovun sürücülük vəsiqəsi biznesi də var. Ki, bu, artıq cəmiyyətdə geniş yayılmış bir informasiyadır və mahiyyəti də bəllidir. Hazırda Rəhimovun nəzarətində olan şöbədən sürücülük vəsiqəsi almaq istəyənin mütləq 1000 manatı olmalıdır”.

İddialara görə, Müşfiq Rəhimovun təsərrüfatına Lənkəranda və Bakıda qurduğu restoranlar və istirahət mərkəzləri də daxildir. İndisə o, Prezidentin göstərişlərindən sui-istifadə edərək, öz biznes imperiyasını şaxələndirir. Görünür, cənab polkovnik “iqtisadiyyatımızı şaxələndirmək” və “qeyri-neft sektorunun inkişafı” tələblərini öz bildiyi kimi başa düşüb.
Sual oluna bilər: ölkədə ciddi islahatlara start verildiyi, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə aparıldığı bir zamanda Müşfiq Rəhimov bu əsrarəngiz gücünü hardan alır?

Yəqin ki, zamanı gələndə bu suala müvafiq orqanlar daha yaxşı aydınlıq gətirəcək. Mətbuatın bildirdiyinə görə isə o, bu yaxınlarda İstanbulda öldürülən mərhum qanuni oğru Rövşən Lənkəranskinin qohumudur. Polkovnikin sabiq MTN-nin rəhbərlərindən olan Akif Çovdarovla da yaxşı münasibətləri olduğu qeyd edilir.

Təbii ki, bunlar mətbuatın yazdıqlarıdır. Ən doğrusunu, əlbəttə, səlahiyyət sahibləri araşdırıb üzə çıxara bilərlər.Siam.az /
teref.az olaraq adları çəkilən hər bir şəxsin fikirlərini dinləməyə hazırıq!
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.