Qumarda 270 min dollar uduzduğu deyilən sabiq deputatın hekayəsi

19-11-2016, 09:48           
Qumarda 270 min dollar uduzduğu deyilən sabiq deputatın hekayəsi
Bu gün “5 manatım yoxdu” deyən Fərhad Qəribovun vaxtilə Abdulla Gülün qardaşı ilə biznes ortaqlığının olduğu haqda məlumatlar var
Mətbuatda sabiq deputat Fərhad Qəribovun Tiflisdə kazinoda qumar oynaması ilə bağlı xəbərlər yayılıb. Jurnalist Eynulla Fətullayev yazıb ki, Qəribovu özü şəxsən Tiflisdə kazinoya gedərkən görüb və daha sonra onun kazinodakı oyununu izləyib. Jurnalistin iddiasına görə, Qəribov 270 min dollar uduzub və bundan sonra yanındakılara kənardan əlavə pul gətiriləcəyini deyib.

Sabiq deputat özü isə Tiflisdə kazinoda 270 min dollar uduzması ilə bağlı barəsində yayılan məlumatı təkzib edib. F. Qəribov “Qafqazinfo”ya deyib ki, yayılan məlumatların hamısı boş və yalan sözlərdən ibarətdir: “Mən ”pensioner" adamam. Mənim pulum var ki, gedim kazinoda oturum?! Videoya da yaxşı baxın. Görün mənəm o videoda?"
Qeyd edək ki, Fərhad Qəribov 2005-2015-ci illərdə Kürdəmir seçki dairəsindən Milli Məclisin deputatı olub. Ancaq Qəribov deputat fəaliyyəti ilə bağlı deyil, mediada daha çox biznes fəaliyyətləri və adı ətrafında maliyyə qalmaqalları ilə məşhurlaşıb.

1952-ci ildə Kürdəmirdə anadan olmuş F.Qəribov mühəndis olub, sovet illərində Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin regional idarəsində müxtəlif vəzifələrdə işləyib. Daha sonra “Azərneftlayihətikinti” istehsalat birliyində rəhbər vəzifə tutub. Müstəqillik illərində isə biznesə girişib və 2000-ci illərin əvvəllərində “Debütbank”ı təsis edib. Habelə “Azəri-Holdinq” maliyyə-sənaye qrupuna rəhbərlik edib. Bundan başqa, Kürdəmirdə şirə zavodu, bazarın, bir sıra iaşə və ticarət mərkəzlərinin sahibi olduğu, habelə paytaxtda fəaliyyət göstərən “Çıraq Plaza” hoteli, “Şəki” restoranlar şəbəkəsi, ticarət obyektləri və mebel sexlərinin olması haqda mətbuatda məlumatlar yayılıb. 2005-ci ildə deputat olan F.Qəribovun biznesini oğlanları idarə edib.


Hətta 2000-ci illərin əvvəllərində Qəribovun Türkiyənin o zamankı prezidenti Abdulla Gülün qardaşı ilə biznes ortaqlığının olması ilə bağlı məlumatlar mediaya yol tapmışdı. Ancaq 2010-cu ildən sonra F.Qəribovun biznesi sıxışdırılmağa başlayıb. Əvvəlcə onun şirə zavodu ətrafında qalmaqallar başlayıb. 2010-cu ildə isə Mərkəzi Bank “Debütbank” ASC-yə verilmiş bank lisenziyasını geri alıb. Buna səbəb bankın fəaliyyətində yol verilmiş ciddi pozuntular olub. Baş Prokurorluğun iki il əvvəl yaydığı rəsmi məlumatda deyilirdi ki, “Debütbank” 2006-2008-ci illərdə Sahibkarlığa Kömək Milli Fondunun müvəkkil kredit təşkilatı kimi fəaliyyət göstərərkən fonddan ayrılmış 3 milyon manata yaxın güzəştli kredit bankın vəzifəli şəxsləri tərəfindən ayrı-ayrı hüquqi və fiziki şəxslərdən saxta biznes planları, hesabat sənədləri qəbul etməklə mənimsənilib.

Mətbuat yazıb ki, Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditlərinin mənimsənilməsi üzrə Fərhad Qəribovun oğlu Elnur Qəribov istintaqa cəlb olunub, dindirilib, onun ölkədən çıxışına qadağa qoyulub. Bəzi məlumatlara görə, o vaxt deputat olan Qəribov özü də mənimsəmə işi ilə bağlı istintaqa ifadə verib, baş verənlərdən xəbəri olmadığını iddia edib.

2011-ci ildə isə Kürdəmirdəki şirə zavodunun qətlə yetirilən mühasibi Nadir Mehdiyevin oğlu Kərim Mehdiyev Zöhrab Qəribovla (Fərhad Qəribovun oğlu-red.) bağlı ittihamlar irəli sürmüşdü. K.Mehdiyev iddia edirdi ki, atasını itkin düşməmişdən əvvəl Zöhrab Qəribovun maşınına minən görüblər.

Deputatın daha bir oğlunun adı “Debutbank”la bağlı məhkəmə işində hallanırdı. İndi bağlanmış bankın Müşahidə Şurasının sədri Rəşad Qəribov dələduzluqla üzləşmişdi. R.Qəribov bildirirdi ki, Emin Əmirov adlı şəxs onun 14 milyon manat pulunu mənimsəyib.
F.Qəribov 2014-cü ildə oğlunun Beynəlxalq Bank işində adının keçməsini təsdiqləyən açıqlama verərək oğlunun 8 il əvvəl Cahangir Hacıyevlə şərikli iş qurduğunu etiraf etmişdi. musavat.com/












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.