Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun “sertifikat bazarı”

29-11-2016, 16:45           
Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun “sertifikat bazarı”
Dövlət Dəniz Administrasiyasının rəisi dənizçilərdən sertifikata görə 150 manat əlavə pul alır

Son vaxtlar Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının (ARDDA) rəhbərliyinin adı müxtəlif qalmaqallı situasiyalar, qanun pozuntuları və digər neqativ hallarla bağlı ölkə mətbuatında dərc olunan materiallarda tez-tez hallandırılır. Məsələn, bir müddət əvvəl Qəmbər Səfərov adlı vətəndaşa məxsus "Yunıy moryak” adlı gəminin oğurlanması ilə bağlı yayımlanan məlumatlarda qeyd olunmuşdu ki, bu məsələ ətrafında ciddi qanun pozuntularına yol vermiş tərəf, məhz ARDDA-nın rəisi Qüdrət Qurbanov olmuşdur. Hətta məhkəmə sənədlərində də təsdiq edilmişdi ki, Dəniz Administrasiyası heç bir hüquqi əsas olmadan və müvafiq sənəd təqdim edilmədən qanunsuz olaraq, gəminin qeydiyyatını rəsmiləşdirib və başqa birinə mülkiyyət hüququ barədə sənəd verib.

Həmçinin yayımlanan bir başqa məlumatda Qüdrət Qurbanovun "Azimport” şirkətinin keçmiş rəhbəri Rəşad Məmmədova 600 min manat pul verərək, onun əli ilə Səbail rayonu, Xanlar küçəsi 1 ünvanında yerləşən, ayrı-ayrı vətəndaşlara məxsus bir neçə qarajın qanunsuz olaraq sökülməsi faktından bəhs olunmuşdu.

Məlumdur ki, bu və daha bir neçə oxşar insidentlər vətəndaşların daha çox mülkiyyət hüquqlarının ciddi şəkildə pozulması və onlara külli-miqdarda maddi ziyan vurulaması halları ilə müşayiət olunmuşdu.

Bu gün isə, artıq Qüdrət Qurbanovun bir başa vəzifə borclarının icrasında yol verdiyi müxtəlif özbaşınalıqlardan ziyan çəkən dənizçilər dilə gəliblər. Belə ki, müxtəlif instansiyalara, o cümlədən təqdim olunan açıqlamalardan belə qənaətə gəlmək olur ki, bu gün Dövlət Dəniz Administrasiyasında formalaşdırılmış rüşvət və korrupsiya şəbəkəsi bu qurumun xidmətlərindən istifadə etməli olan insanların səbir kasasını doldurub. Hətta bir müddət əvvəl KİV-də yayımlanan məlumatlarda qeyd olunmuşdu ki, yaranmış vəziyyətdən son dərəcə narazı və narahat olan dənizçilər, artıq birbaşa ölkə rəhbərliyinə müraciət etməyə hazırlaşırlar. Bu xüsusda dənizçiləri ən çox narahat edən məqamlardan birinin isə, ARDDA-da son vaxtlar əsil alver predmetinə çevrilmiş sertifikat və diplomların verilməsi prosedurları ilə bağlı olduğu qeyd olunur. Dənizçilərin sözlərinə görə, yük gəmilərində, tankerlərdə ağır iş şəraitində çalışan bu insanlar hər dəfə dənizə çıxmamışdan əvvəl Dövlət Dəniz Administrasiyasına qazanclarının müəyyən bir hissəsini rüşvət olaraq vermək məcburiyyəti qarşısında qalırlar. Bu xüsusda açıqlama verən mənbə deyir: "...Bu rüşvəti verməyə məcburuq. Çünki başqa cür dənizə çıxmaq imkanımız olmur. Belə ki, dənizə çıxmaq üçün hər bir matros, bosman və digər dənizçilər müxtəlif sertifikatlar təqdim etməlidirlər. Xəzərdə və yaxud dünya sularında üzməsindən, həmçinin çalışdığı gəminin ölçülərindən asılı olaraq hər bir dənizçiyə 7-8 sertifikat verilir. Bu sertifikatları verən qurum da məhz Dövlət Dəniz Administrasiyasıdır. Burada isə, həmin sertifikatları sadəcə olaraq satırlar. Belə ki, sertifikatlara görə ödənilən dövlət rüsumundan başqa, hər bir dənizçi Administrasiyanın rəisi Qüdrət Qurbanov tərəfindən müəyyən edilmiş əməkdaşlara bir sertifikata görə 150 manat əlavə pul ödəməli olur. Tələb olunan məbləğ verilmədikdə isə, təbii ki, dənizçi sertifikatları ala bilmir və bu səbədən də dənizə çıxa bilmir...”

Qeyd edək ki, aldığımız məlumatlarda ARDDA-da törədilən müxtəlif maxinasiyalarla bağlı ən çox adları çəkilən məmurlar rəis müavini Ehtiram müəllim və maliyyə şöbəsinin müdiri Etibar müəllimdir. Həmçinin təqdim edilən açıqlamalarda Dövlət Dəniz Administrasiyasında müxtəlif diplomların da "açıq satışa” çıxarıldı vurğulanır. Bildirilir ki, qurumun rəhbərliyi tərəfindən matros diplomu 3000 manata, bosman diplomu isə 5000 manata təklif olunur...rublika.az/
teref.az olaraq qarşı tərəfin fikirlərinə yer verməyə hazırıq!
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.