Kərbəla ziyarətində inanılmaz fırıldaq: Zəvvarlar küçəyə atılıb, onları daşıyacaq avtobuslar isə yoxa çıxıb

2-12-2016, 08:46           
Kərbəla ziyarətində inanılmaz fırıldaq: Zəvvarlar küçəyə atılıb, onları daşıyacaq avtobuslar isə yoxa çıxıb
Bu günlərdə Kərbəla ziyarətindən dönmüş zəvvarlar bu ziyarəti təşkil edən “Sarvan Turizm” şirkətindən şikayətçidirlər. Zəvvarlar bildirir ki, şirkətin onları aldatması və öhdəliklərini yerinə yetirməməsi nəticəsində hotel onları girov saxlayıb. Çünki şirkət zəvvarların gecələdiyi hotelə borclu qalıb. “Biz 1437 il bundan əvvəl olmuş Hüseyn hərəkatına dəstək olmaq məqsədi ilə Azərbaycandan Kərbəlaya yola düşdük. Plana görə öncə Məhşədə, sonra Kərbəlaya getməliydik. Amma İranın hüquq mühafizə orqanının əməkdaşları bildirdilər ki, Kərbəlanı ziyarət etdikdən sonra Məşhədə gəlmək olar.
Plana görə zəvvarlar Nəcəfə kimi şirkətlərin avtobusuyla, Nəcəfdən Kərbəlaya isə piyada hərəkət etdik. Üç gündən artıq piyada yol getdik. Yol boyu Hüseyn zəvvarlarına ehsan verilirdi. Bəzilərinin səhhətində müxtəlif problem yarandı. Amma hamı sağ-salamat Kərbəlaya çatdı. Azərbaycan bayrağının altında ziyarəti başa çatdırdıq”,-deyə şikayətçilərdən olan Xırdalan şəhər sakini Mirməmməd Ağayev bildirib.
M.Ağayev deyir ki, belə ziyarətlər müxtəlif şirkətlər tərəfindən təşkil olunub: “Qruplar da çox idi. Bizim qrupda 56 nəfər var idi. Qurupumuz 19-u qadınlardan, 37 nəfər isə kişidən ibarətdir.
Bizi aparan şirkətin rəhbəri ilə Kərbəlada əlaqəmiz kəsildi. Digər şirkətlərin rəhbərləri isə zəvvarları Nəcəfdə atıb yoxa çıxmışdı. Bəzi şirkətin nəinki rəhbərliyi, hətta avtobusları yoxa çıxmışdı. Şahidi oldum ki, 6 zəvvar qrupu avtobussuz qalmışdı”.
M.Ağayev bildirir ki, qrup rəhbərinin israrı nəticəsində bu qrup avtobusla təmin olunub: “Amma Kərbəlada qaldığımız “Cənnət Əlyasim” hotelini tərk etmək istəyərkən ümümvətəndaş pasportumuzu qaytarmadılar. Bildirdilər ki, qrupun 2100 dollar borcu var. Biz vətəndaş olduğumuzu, ödənişi şirkətə etdiyimizi və borcu şirkətdən tələb etmələrini istədik. Bizim qrupun rəhbəri Lənkəran məscidinin axundu Vidadi Qurbanzadə “Sarvan Turizm” şirkətinin rəhbəri Alışov Mirzəcan Qəhrəman oğlu ilə dəfələrlə telefonla əlaqə saxlayıb, hotelə olan borcun ödənilməsini tələb edib. Mirzəcan müəllim qısa zaman ərzində borcu ödəyəcəyini bildirsə də, bir müddətdən sonra telefonu söndürdü və ödəniş olmadı. Zəvvar olan qadınlar və qocalar soyuq havada hotelin qarşısında dayanmalı oldular. Məcburiyyət qarşısında qalan zəvvarlar 20-30 dollardan yığıb şirkətin hotelə olan 1200 dollar borcunu ödədilər. Bundan sonra ümümvətəndaş pasportumuzu özümüzə qaytardılar”.
Onun sözlərinə görə, “Sarvan Turizm” şirkəti zəvvarların ziyarətini təşkil etmək üçün müvafiq dövlət qurumlarından icazə alıb və onlarla əlaqələdir. Aldadılmış zəvvarlar məsələni ictimailəşdirməklə yanaşı hüquqi addımlar atacaqlarını da bildirirlər. Hazırda Bakıda olan zəvvarlar “Sarvan Turizm” şirkətinin rəhbərliyi ilə danışıb, görüşə bilməyiblər. Zəvvarlar şirkət rəhbərliyinin onlardan üzr istəməsini, dəymiş maddi və mənəvi zərərə görə məsuliyyətə cəlb olunmasını tələb edirlər.
Məsələ ilə bağlı noyabrın 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin elektron ünvanına (press@scwra.gov.az) göndərilən sorğuya cavab verilib. Bu qurumdan verilən məlumata görə, cari ildə Kəbəla ziyarətinə getmiş zəvvarlar tərəfindən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (DQİDK) hər hansı şikayət daxil olmayıb: “Lakin şikayət daxil olacağı təqdirdə DQİDK aidiyyəti qurumlarla birlikdə müvafiq araşdırmaların aparılmasında iştirak etməyə hazırdır. Eyni zamanda DQİDK vətəndaşları diqqətli olmağa çağırır, dini turlar təşkil edən şirkətlər barədə öncədən məlumatlanmağı tövsiyə edir”.
DQİDK bildirir ki, indiyə qədər Komitəyə “Sarvan Turizm” şirkətinin zəvvar ziyarəti təşkil etməsi ilə bağlı hər hansı müraciət daxil olmayıb: “Eyni zamanda qeyd edək ki, əvvəllər DQİDK-nın vəzifələrindən biri də xarici ölkələrdə yerləşən ziyarətgahlara turlar nəzərdə tutan turizm fəaliyyətinə xüsusi razılığın (lisenziyanın) rəsmilləşdirilməsi məqsədi ilə rəy verilməsi olsa da, ötən il bu məsələ ilə bağlı qanunvericiliyə müvafiq dəyişiklik edilib. Belə ki, “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” Prezidentin 2015-ci il 21 dekabr tarixli, 713 nömrəli Fərmanı ilə təsdiq olunmuş lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısında turizm fəaliyyət növü nəzərdə tutulmayıb. Dolayısı ilə 2015-ci ilin dekabrından etibarən turizm fəaliyyəti lisenziya tələb edən fəaliyyət növü sayılmamaqdadır.
Lakin buna baxmayaraq xarici ölkələrdə yerləşən ziyarətgahlara turlar təşkil edən hüquqi və fiziki şəxslərin fəaliyyətinin tənzimlənməsi ilə bağlı hüquqi mexanizmin hazırlanması istiqamətində iş aparılır”.(bizimyol.info)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.