22 illik yolu 10 ilə keçən Zaur Abdullayev “min”ləri necə “milyon”a çevirir?

9-12-2016, 14:07           
22 illik yolu 10 ilə keçən Zaur Abdullayev “min”ləri necə “milyon”a çevirir?
SHXÇDX-də keçirilən “tender oyunları”nın müdhiş təfərrüatları

Strateji bir sahəni korrupsiya yuvasına çevirənlər kimlərdir?

Uzun illər fəxrlə söylənilirdi ki, Azərbaycanın hərbi büdcəsi Ermənistanın ümumi büdcəsinə bərabərdir. Doğrudan da dövlət səviyyəsində ordu quruculuğu, təchizatı sahəsində böyük işlər görülüb. Lakin, təəssüf ki, dövlətin və xalqın ən strateji maraqlarını qoruyan bu sahədə də korrupsiya, rüşvətxorluq zənciri formalaşıb. Xüsusilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində korrupsiyanı himayə edən qüvvələr var. Məhz onların “əməyi” nəticəsində bu Xidmət ən çox korrupsiyalaşmış dövlət qurumlarındandır.
teref.az gündemxeber-e istinadən bildirir ki, SHXÇDX rəisinin birinci müavini Zaur Abdullayevin bu mənada “xüsusi rol oynadığı” bildirilir. Hərbidə 22 illik bir rütbə yolunu cəmisi 10 ilə “qət edərək” general paqonlarına sahiblənən Zaur Abdullayev SHXÇDX-də də öz qanunlarını çox sürətlə həyata keçirməyi bacarıb. Medyada özü haqqında çox az iz buraxmağa çalışan Z.Abdullayevin adı bir çox iri həcmli korrupsiya əməllərində çəkilir.
İlk öncə xatırladaq ki, Xidmətin əksər rayon şöbələrində tüğyan edən rüşvətxorluq, sağlamları “yararsız” edən “pullu xidmətlər” barəsində çox yazılıb. Hətta xəstələri, xidmətə yararsız olanları belə ön xəttə göndərməkdən çəkinməyən Xidmət əməkdaşları neçə-neçə bığıburma cavanlarımızı müxtəlif “səbəblərlə” xidmətdən yayındırmağı da bacarırlar. Belə rayon şöbələrinin böyük əksəriyyəti məhz Z.Abdullayevin himayəsi altındadır. Həmçinin onun rayon şöbələrini özündən tamamilə asılı vəziyyətə saldığı, bu yolla istədiyi maliyyə əməliyyatlarını həyata keçirdiyi də bildirilir. Rayon şöbələrindən hansısa rəis müavininin çoxsaylı tələblərindən imtina etməyə cürət edərsə o zaman dərhal yoxlamalara start verilir və “inadkarın ram edilməsi” prosesi baş tutur.
Z.Abdullayev SHXÇDX-də həmçinin tender komissiyasının rəhbəridir. Son illər büdcə vəsaitlərinin talanmasında “5 manatlıq” şirkətlərin vasitəsilə keçirilən “tender oyunları” hamıya məlumdur. Məhz belə şübhəli tenderlərin nəticəsində Dövlət Xidmətində milyonlarla manat vəsaitin talandığı bildirilir. Məlumata görə məhz Z.Abdullayevin belə “tender məharətinə” görə ona daha geniş səlahiyyətlər verilir, digər əməllərinə göz yumulur.
Bir neçə fakta diqqət etmək kifayətdir ki, Səfərbərlik Xidmətinin ehtiyacları üçün ayrılan dövlət vəsaitlərinin qaranlıq taleyinə aydınlıq gəlsin. Rubrika.az bildirir ki, bu məqsədlərə 2016-cı il üçün büdcədən 20 milyon manatdan artıq vəsait ayrılıb. Bu vəsaitin yarıdan çoxu, yəni 10 milyon 452 min manatı ştatda olan işçilərin əmək haqqına nəzərdə tutulub. Ştatdankənar işçilərin əmək haqqı məbləğı isə, 22 min 500 manat qeyd edilib. Lakin məlumatlara görə, artıq neçə ildir ki Səfərbərlik xidmətinin strukturlarında ştatdan kənar işçilər mövcud deyil. Bu faktı Xidmətin bir neçə rayon şöbəsinin rəhbəri media sorğusuna cavab olaraq da təsdiqləyib. Amma son aldığımız açıqlamada, mənimsənildiyi iddia olunan bu rəqəmlərin əslində aysberqin yalnız görünən hissəsi olduğu vurğulanır. Verilən xəbərlərə görə əsil mənimsəmələr Səfərbərlik Xidmətinin rayon şöbələrinin yerləşdikləri binaların təmiri, bərpası və yenidən tikintisi zamanı baş verir. Həm də bu zaman hesab artıq nə on, nə də yüz min manatlarla deyil, milyonlarla aparılır.
Redaksiyamıza daxil olan məlumata görə, sonuncu dəfə Səfərbərlik Xidmətinin Ağsu rayon şöbəsinin yerləşdiyi binanın təmirinə dövlət vəsaitlərindən 3 milyon manat pul ayrılıb. Əvvəllər Miqrasiya Xidmətinin müvafiq idarəsinin yerləşdiyi bu binanı görənlər yaxşı bilirlər ki, onun bəlkə də bütövlükdə qiyməti bu məbləğdən xeyli aşağı olar. Həmin binanın təmirinə 3 milyon manatın xərclənməsi isə, ümumiyyətlə absurd bir iddiadır. Bəs görəsən bu uyğunsuzluğu hər halda rəsmi hesabatlara salmağı bacaran şəxs kimdir? Əlbəttə ki, yenə də Zaur Abdullayev. Təsadüfi deyil ki, rayon şöbələrinin təmir-tikinti işlərinin kurasiyası da məhz bu Xidmət rəisi müavininin səlahiyyətindədir. Həm də açıqlamaya görə, smeta xərclərinin bir neçə dəfə şişirdilməsindən başqa, real görülən işlərin də böyük bir qisminin xərcləri Zaur Abdullayevin təkidi ilə şöbə rəislərinin özləri tərəfindən ödənilir. Nəticədə, ayrılan dövlət vəsaitlərinin 70-80%-nə qədəri mənimsənilir. Əlavə olaraq mənbə bildirir ki, Səfərbərlik Xidmətinin Sumqayıt şəhər şöbəsinin təmirinə yenə də 3 milyon manat, Bakı şəhəri, Nizami rayon şöbəsinə isə, həmin məqsədlər üçün 5 milyon manat vəsait ayrılmışdır.
Göründüyü kimi sadəcə bir neçə faktla Z. Abdullayevin rəhbərliyi aparılan çoxmilyonluq əməliyyatların hansı miqyasda olduğunu üzə çıxır. Buradan aydın olur ki, rəis müavininin haqq-hesab sahəsində öz qanunları var. 22 iilik bir zamanı 10 ilə qət edən birisi üçün bir neçə mini milyona çevirmək nəmənədir ki?
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.