Şirvan polisində nə baş verir? - DIN açıqlama verdi-yenilənib
9-12-2016, 22:08
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə Şirvan polis idarəsi ilə bağlı saytımızda yer alan şikayət məktubu ilə bağlı açıqlama verib:
Köhnə sovet əyyamlarının anonim xarakterli və ya "şanlı" zəhmətkeş məktublarının müasir variantda, daha betər formada təkrarı olan, guya şəhər ictimaiyyətinin mövqeyini əks etdirən bu sicilləmənin yaranmasına səbəb kimi naməlum müəlliflər (müəllif) "Şirvana bir qədər əvvəl rəis təyin olunan Hikmət Quliyevin atdığı addımları" göstərirlər. Müəlliflərin qeyri-obyektivliyi və qərəzkarlığı əslində onların Şirvan şəhərinin az qala indiyədək gəlib-getmiş, əksəriyyəti də cənab nazir tərəfindən təyin edilmiş polis rəislərini öz aləmlərində və öz parametrləri ilə "dəyərləndirmələrindən", guya müqayisəli təhlil aparıb onları üz-üzə qoymaq cəhdlərindən də görünür. Əgər müraciət müəllifləri qarşılarına Şirvan polisinin həm sovet, həm müstəqillik illərində, həm də cari ilin ötən dövründə cinayətkarlıqla mübarizə və ictimai asayişin mühafizəsi sahəsində əldə etdikləri nəticələri obyektiv və qərəzsiz şəkildə müqayisə etsəydilər, o zaman bu müddət ərzində göstərilən istiqamətlərdə müsbət nəticələrin qazanıldığını, respublikanın bütün rayonlarında olduğu kimi, bu bölgədə də cinayətlərin əksər növlərinin ilbəil azaldığını, açılma göstəricisinin isə yaxşılaşdığını müşahidə edə bilərdilər.
Görəsən Şirvan ŞPŞ-yə yeni rəisin təyin olunması müraciət müəlliflərini niyə bu qədər qıcıqlandırır? İddiaların əksinə olaraq, normal halda polis polkovniki Hikmət Quliyevin ŞPŞ-yə rəis təyinatından sonra, şəhərdə cinayətkarlığa, kriminal ünsürlərə, narkoalverçilərə, digər hüquq pozuntularına qarşı həyata keçirilən tədbirlər ictimaiyyət adından danışmaq cəsarətini üzərlərinə götürmüş bu kəslər tərəfindən də təqdir olunmalı və alqışlanmalı idi.
Zənnimizcə, cavab çox sadədir. Yeni rəis xidməti vəzifəsinin icrasına çox ciddi başlayıb, cinayətkarlıqla mübarizədə prinsipiallıq göstərir və bu "şikayətnamə"nin gerçək sahibləri, "reket" jurnalistikasının təmsilçiləri olduqları ehtimal edilən bəzi cızmaqara müəlliflərinin qanunsuz istək və niyyətlərinə, ondan "umacaqları"na qarşılıq vermədiyi üçün sonuncuların "qəzəbi"nə gəlib. Rəisin az qala kriminala havadarlıq və yerlibazlıq etməsi, reallıq kimi sırınan, mahiyyəti tamamilə təhrif olunmuş hadisələrin ittiham kimi səsləndirilməsi də həmin narazılığın təzahürüdür. Qərəz, kin-küdurət belələrinin gözlərini elə tutub ki, onlar yeni rəisin əvvəlki fəaliyyət dövründən yaxşı tanıdığı, müavini olduğu zabitin, digər məsul şəxslərin iş yerlərinin Şirvana dəyişdirilməsini də heç bir əsas olmadan yerlibazlıq kimi qiymətləndirirlər.
İndi keçək sakinlərin adına çıxılan bəzi faktlara. Keçən ayın ortalarında Şöbənin Müvəqqəti Saxlanılma Yerinə qonşu rayondan gətirilən, cinayət törətməkdə şübhəli bilinən bir şəxsin özünə xəsarət yetirməsi mediada qədərindən də artıq şərh olundu. Həmin məsələ ilə bağlı müvafiq araşdırma da aparıldı, günahkar şəxslər də cəzalandırıldı. Bir qrup şəxslə qabaqcadan əlbir olub qəsdən adam öldürməkdə və narkotiklərin külli miqdarda alqı-satqısında təqsirləndirilərək barəsində həbs qətimkan tədbiri seçilmiş, cinayət aləmində “Qoca” ləqəbi ilə tanınan Etibar Məmmədov Şirvan ŞPŞ-nin MSY-nin sanitar qovşağında özünə xəsarət yetirməsinin qarşısı məhz əməkdaşların ayıq-sayıqlığı nəticəsində alınıb və ona təxisalınmaz yardım göstərilib. Yazılanların əksinə olaraq, polis bu hadisələri gizlətməyib, aidiyyatı orqanlar hər iki hadisə barəsində vaxtında məlumatlandırılıb.
Ləyaqətli və vicdanlı insanları şərləməyi özlərinin həyat amallarına və mövcudluq vasitəsinə çevirmələri yazdıqları hər sətirdən yaxşı anlaşılan müraciət müəlliflərinin "adımı sənə qoyum, səni də yana-yana" prinsipi ilə polisə çirkab atmaları, sonuncuları ən iyrənc üsullarla gözdən salmaq istəkləri heç bir sərhəd tanımır. Onların bu xüsusda "qurban" kimi təqdim etdikləri şəhər sakini Ayət Sadıqov əslində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmadığına görə 28.11.2016-cı il tarixdə barəsində Azərbaycan Respublikası İXM-nin müvafiq maddəsi ilə inzibati protokol tərtib olunaraq baxılması üçün şəhər məhkəməsinə göndərilib və məhkəmə tərəfindən cərimə olunub.
Məqsədli şəkildə yanlış təqdim olunan digər bir fakt. Noyabrın 26-da Salyan rayon sakini A.Axundova ŞPŞ-yə müraciət edərək əvvəlcə Şirvan sakini Murad Muradovun ona söz atdığını və narahat etdiyini bildirib, lakin bir gün sonra şikayətinin olmadığını göstərib.
Bundan əlavə, məlum müraciətdə adı keçən Hacıqabul rayon sakini Hidayət Ağayevin ərizəsi Nazirliyin aidiyyatı xidməti tərəfindən araşdırılıb. Təhqiqat prosesində bu şəxs DİN-in rəhbərliyinə ərizə ilə müraciət edərək əsəbləşərək şikayət etdiyini, heç bir polis əməkdaşının ondan pul istəmədiyini və almadığını, hazırda həmin məsələ ilə bağlı heç kimdən şikayət və tələbinin olmadığını bildirib. Yazıda Tural, Əhmədağa İbrahimov və digər şəxslər barədə səslənmiş fikirlər də tamamilə iftiradır.
Qeyd etmək istərdik ki, bir müddət öncə kimlərinsə qərəzkarlığının, hüdudsuz yalanının məhsulu olan bu cızmaqara başqa bir neçə sayta ünvanlanmışdı. Lakin gerçək faktların saxtalaşdırıldığı, polisə iftira, böhtan atıldığı elə ilk baxışdan görünən bu müraciətin sonradan məhkəmə perspektivini nəzərə alan həmin media orqanlarının rəhbərləri onu yayımlamaqdan imtina etdilər. "İstiqlal.az" saytının rəhbərliyinə isə məsləhət görərdik ki, polis fəaliyyəti ilə əlaqədar istənilən yazını portalda yerləşdirməmişdən öncə KİV haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq, həmin materiallarda faktların dürüstlüyünə əmin olsun, bu mümkün olmadıqda isə aidiyyatı qurumlarla, o cümlədən DİN-in Mətbuat Xidməti ilə sual, narahatlıq doğuran məqamları mütləq formada dəqiqləşdirsin.
Şirvan rayonuna bir qədər əvvəl rəis təyin olunan Hikmət Quliyevin atdığı addımlar rayon ictimaiyyəti arasında kəskin narazılıqla qarşılanıb.
Sakinlərin redaksiyamıza yolladıqları məktubda deyilir: “Hikmət Quliyev unudub ki, bu şəhərdə ondan öncə Ramil Usubov kimi şəxsiyyət polis rəisi işləyib. Ramil Usubov o vaxt Əli Bayramlıda necə rəis işləyibsə, indi də Şirvanlıların ən əziz, doğma adamıdır. Şirvanda rəhmətlik Əbülfəz Qasımov, Eldar Quliyev, Əhməd Əliyev, Mətləb Ağayev, Əziz Mövlanov, Hamlet Salahov, Zakir Abdullayev, Muradəli Babayev, Şahmar Paşayev, Azər Muradov, Şahin Mirzəyev Şirvanda polis rəisi vəzifəsində işləyiblər.
Bunlardan təkcə Hamlet Salahov 2000-ci ildə Əli Bayramlıya rəis gələndə özüylə dəstə gətirib bütün sahələrə əl qoymaq istəyirdi. O vaxtki icra başçısı Sədaqət Qəhrəmanovanın müdaxiləsindən sonra həmin qolu zorlu dəstə gecəylə Əli Bayramlını tərk etdilər. Son 15 ildə Şirvanda işləyib gedən polis rəislərini yerli sakinlər bir kəlmə ilə xatırlayırlar: “Allah balasını saxlasın, Allah işini avand eləsin” deyirlər. İstənilən insanın həyatda ən böyük qazancı bu kəlmələrdir. Bu gündə həmin şəxslər Şirvan camaatının xeyrinə, şərinə şərik olurlar. Yüksək vəzifələrə getsələr də Şirvanla əlaqələri indidə var. Hikmət Quliyev yeni rəis təyin olunanda əhalinin ondan gözləntisi başqa idi. Güman olunurdı şəhər kriminaldan, narkoalverçilərdən, çirkablardan təmizlənəcək, insanlar rahat yaşayacaq. Tam əksinə oldu. Şöbəni təmir etmək adıyla sadə insanlar incidilir, narkotik satanlar, cinayətkar qruplar rahat nəfəs alırlar. Odur ki, Şirvanlılar Ramil Usubovun verəcəyi qərarı səbirsizliklə gözləyirlər”.
Məktubda konkret faktlar da yer alır:
“ Şirvan polis şöbəsinin müvəqqəti saxlanılma təcridxanasında 1 gün ərzində - yəni 17 noyabr 2016-cı il tarixdə 2 dustaq özünə xəsarət yetirdi. Bunlardan biri 1966-cı il təvəllüdlü Sabirabad rayon sakini Vaqif Şahbala oğlu Muradov boğazını kəsərək intihar etdi. Digəri isə Qoca ləqəbi ilə tanınan, 1 il öncə 2 nəfərin ölümü ilə nəticələnən qanlı razborkada adı keçən Hacıqabul rayon sakini Etibar Məmmədov oldu. E.Məmmədovu gecə saatlarında təcridxanadan əməliyyatçılar dindirməyə aparmaq istəyəndə ciddi xəsarətlər alıb. Eyni gündə baş verən hadisədən əməliyyatçılar çox ciddi stress keçiriblər. Çünki prokurorluqda istintaqı aparılan ağır cinayət işində adı keçən şəxsləri polis dindirə bilməz. Polislər ciddi-cəhdlə mətbuatın və ictimaiyyətdən 2-ci hadisəni gizlədə biliblər. Həmin gün nazirliyin intihar hadisəsini araşdırmağa gələn nümayəndələri də şöbədə olublar. Bu cür faktlar baş verən polis şöbəsinin rəisi Hikmət Quliyev əhalinin indiki iqtisadi, maddi cəhətdən ağır durumunu nəzərə almır. İrili-xırdalı ticarətçiləri o həddə çatdırıb ki, artıq hər kəs iş yerini bağlayıb rayonu tərk etmək istəyir”.
Sakinlər çox maraqlı məlumatları da diqqətə çatdırırlar: “Əsasən imkanlı sahibkarların övladlarını yüngül həyat tərzi yaşayan qadınlarla tora salmaqdır. “Tural” şadlıq sarayının sahibi Hacı Məhərrəmin oğlu Ayət, Salyanın Qaraçala kəndində yerləşən “Kamil petrol” yanacaq doldurma məntəqəsinin müdirinin oğlu Tural qadın toruna düşüb tutulanlardandır. Sonuncu qadınla şərlənən isə 1 dekabr 2016-cı il tarixdə Murad adlı maşın ustası oldu. Muradın qardaşı Elvin adlı polis işçisidir, müvəqqəti saxlama təcridxanasında xidmət edir. Şirvana gətirilən şərləmə aləti olan qızlar nəzarət altında qaldıqları evə aparılıb gətirilirlər. Bu yaxınlarda Hacıqabul rayonundan Hidayət adlı bir şəxsi əməliyyatçı Orman İmanovla Samit bir qadının evində tutub şöbəyə gətirib qanunsuz saxlayıb 500 manat pul alandan sonra sərbəst buraxmışdılar.
Vətəndaş nazir Ramil Usubova şikayət edəndən sonra daxili təhqiqat idarəsindən şöbəyə yoxlama gəlib və məsələni vətəndaşa minnətçi düşəndən və aldıqları pulu qaytardıqdan sonra ört-basdır edib nazirdən gizlətdilər. Bundan başqa baş Şirvan kollektor idarəsinin müdiri Əhmədağa İbrahimovun “Sever” dairəsində yerləşən restoranına qızla oğlanı göndərib, özləri göndərib sonra gedib tutmuşdurlar. Yüksək rütbəli şəxsin zəngindən sonra əlləri boşa çıxdı. Şirvana yeni təyin olunan polis rəisi Hikmət Quliyev əsasən Şirvanın tarixində görünməmiş regionçuluq prinsipini həyata keçirir. Ağdam rayonundan olan polis rəisinin özü ilə gətirdiyi kadrlar əsasən öz yerliləri və bərdəlilərdir”.
İstiqlal.az