İraqlının öldüyü “Baku Medical Plaza” morqa çevrilir - Şok faktlar
14-12-2016, 10:38
Bakının Xətai rayonunda yerləşən "Baku Medical Plaza" xəstəxanasında ölüm hadisəsi baş verib
Bu klinikada ürəyindən əməliyyat olunan İraq vətəndaşı 1990-cı il təvəllüdlü Malik əl Abbad əməliyyat masasında dünyasını dəyişib. Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.
teref.az yazır ki, politika.az-ın verdiyi xəbərə görə, bu, klinikada ilk neqativ hadisə deyil. “Baku Medical Plaza" klinikasında 1 iyun tarixində saat 7-də paytaxt sakini İrina Makarova qeysəriyyə əməliyyatı keçirib. Əməliyyatı Öndər Tülumbacı keçirib.
Öndər həkim "HB Güven Klinikası"nda çalışır. Əməliyyat təxminən 5 saat davam edib. Bu müddət ərzində İrinanın əməliyyatı və onun vəziyyəti barədə heç bir məlumat verilməyib.
Şok təfərrüatlar əməliyyatdan sonra məlum olub. Həkim düzgün əməliyyatı aparmadığını anladıqdan sonra klinikadan qaçıb. Daha sonra məlum olub ki, həkim əməliyyat zamanı cərrah bıçağıyla əkiz körpələrdən birinə toxunub.
Uşağın üzərindəki kəsiyin uzunluğu 2 sm, dərinliyi isə 0,3 sm olub. Bu kəsik uşağın həyatı üçün ciddi risk təşkil edir. İrina Makarova əməliyyat zamanı çox qan itirib. Üç gün ərzində yaxınları və qohumları ona qan veriblər. Ancaq buna baxmayaraq qadında daxili qanaxma dayanmayıb.
Əməliyyatdan iki gün sonra İrina gözlərini açıb. Qohumları ümid edirdilər ki, ən pis hadisə geridə qalıb. Amma qadının vəziyyəti sonradan yenə pisləşib. İrina uğursuz əməliyyata görə yumurtalıq və uşaqlığını itirib.
Mətbuatda bu klinikada uşağı ölən ata E.H bu sözləri demişdi: “İyulun 20-dən 21-nə keçən gecə 2 günlük sağlam övladım "Baku Medical Plaza"da öldü. Hər şey normal getdiyi halda gecə zəng elədilər ki, uşağın ürəyi dayanıb, təcili gəlin.
Xəstəxanada dedilər ki, növbətçi həkimin səhlənkarlığı, məsuliyyətsizliyi ucbatından olub. Bizə deyirlər ki, bir xətadır olub da. Necə yəni bir xətadır, olub?!
Bu, insandır e. Biz sizə insan həyatını etibar eləmişik. Bunlar üçün ölüm çox adiləşib. Əgər uşaq xəstə doğulsaydı, nəsə qüsuru olsaydı, o başqa. Amma "Medical Plaza"da sağlam uşağı öldürdülər”.
Klinikanın baş həkiminin müavini Lalə Şəkərova bildirmişdi ki, hələlik dəqiq heç nə deyə bilməzlər, prokurorluq araşdırır.
Əslində internetdə axtarış verməklə bir neçə belə fakta rast gəlmək mümkündür. Bu da “Medical Plaza”nın morqa çevrildiyini deməyə əsas verir.
Qarşı tərəfin fikirlərinə yer verməyə hazırıq!
teref.az